XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

30 May 2018 - 16:16

Paşinyan oliqarxlara qarşı “müharibəyə” başladı – “Tashir”lə 25 illik müqavilə ləğv olundu, obyektlərdə yoxlamalar aparılır

 

Ermənistan “Yüksəkgərginlikli elektrik şəbəkəsi”nin idarəçiliyi üzrə “Tashir Kapital”la müqaviləni dayandırıb. Öncəki hökumət “Tashir”lə kontraktı 2017-ci il sentyabrın 1-də 25 illiyə bağlamışdı. Müqavilə bu ildən qüvvəyə minməliydi, ancaq baş nazir Nikol Paşinyan onu ləğv etməyə qərar verib. Beləliklə də elektrik şəbəkəsi dövlət müəssisəsi olaraq qalır. Ermənistanın energetika naziri Artur Grigoryanın dediyinə görə, müqavilədə hökumətə sərf etməyən maddələr olub.

Ötən noyabrda Ermənistanın enerji sektoruna 1 milyard dollar yaxın sərmayə qoyulacağı açıqlandı. Bunu rusiyalı milyarder Karen Karapetyanın sahibi olduğu “Tashir” şirkətlər qrupu, Ermənistanlı İnvestorlar Klubu və beynəlxalq maliyyə qurumları elan etmişdi.

Bu arada Milli Təhlükəsizlik Xidməti “Yerevan City” supermarketlər şəbəkəsində yoxlamalar aparır. Bu şəbəkə respublikaçı deputat Samvel Aleksanyanın ailəsinə məxsusdur.

Dövlət Gəlirləri Komitəsinin yeni təyin olunmuş sədri David Ananyan  mayın 30-da parlamentdə jurnalistlərə deyib ki, dünən “Yerevan City”, “SAS”, “Nor Zovk”supermarketlərinin, eləcə də iri vergiödəyicisi olan 10-12 təşkilatın təmsilçisi ilə görüşüb. Onlara xəbərdarlıq olunub ki, əvvəlki hökumətlə razılaşmalar daha qüvvədə deyil və qanun çərçivəsinə qayıtmalıdırlar. “Məsələləri nizamlamaqdan ötrü onlara bir neçə gün verdik”, – Ananyan deyib.

Komitə sədrinin sözlərinə görə, sözügedən razılaşmalara uyğun olaraq, ticarətlə məşğul olan qurumlar kənd təsərrüfatı məhsullarının satışını öz adlarına deyil, fərdi sahibkarların adlarına qeydiyyatdan keçiriblər, beləliklə də iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuş əlavə dəyər vergisindən yayınıblar, 15% az vergi ödəyiblər.

“Dövriyyənin 20 deyil, 5 faizi qədər vergi ödəyiblər Hər bir hal ayrılıqda nəzərdən keçirilməlidir. Təhlükəsizlik xidməti araşdırmaya başlayınca onlara öz arayışımı təqdim etdim”, – o deyib.

Mili təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan dünən bəyan edib ki, yaxın günlərdə korrupsiya ilə mübarizə çərçivəsində yeni açıqlamalar veriləcək. 20 gün öncə, yeni vəzifəyə keçən kimi o demişdi ki, Ermənistanda 350 nəfər iri bizneslə məşğul olduğunun, amma vergi ödəmədiyinin fərqində deyil. Həmin şəxslərin pasportları alınıb və biznesləri qeydiyyatdan keçirilib.

Baş nazir Nikol Paşinyan isə “Yerevan City”də gedən yoxlamaları Ermənistanda qanuniliyin bərpası adlandırıb. O, “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində “intiqam alınmayacağını” deyib. Onun sözlərinə görə, özbaşınalığa da imkan verilməyəcək. “İntiqam alınmayacaq, bunu təsdiqləyirəm, amma heç kəs bunu zəiflik əlaməti saymasın. Özbaşınalığa da yol verilməyəcək. Kimsə bizim mövqeyimizi zəiflik kimi yozsa, dağıdıcı əks-zərbə alacaq, buna əmin ola bilərsiniz”, – baş nazir deyib. O, hamını dövlət qarşısında öhdəliklərini yerinə yetirməyə çağırıb.

(Azadlıq.org)