XƏBƏR LENTİ

16 Oktyabr 2018
15 Oktyabr 2018

Digər Xəbərlər

10 İyun 2018 - 03:30

Azər Qaramanlı yazır:"Elçibəy kimdir, ata?"

 

Sonuncu BƏY üçün rekviyem

 

Elçibəy kimliyi “kim” sualına cavab vermir, övladım. Elçibəyin kimliyi “nə” sualına cavab verir. Ona görə də “Elçibəy nədir?” soruş…

***

Xalq hərəkatında meydana çıxan liderlər və fəallar arasında Əbülfəz Elçibəy tək liderdir ki, sevilir. Hətta ona nifrət edənlər belə, onu sevirlər. Onu lağa qoyanlar belə… Onu anlamayanlar belə… Bəziləri bunu özləri belə, hiss etmir. Amma şüuraltı təfəkkürləri Elçibəyi sevir…

Bunun tək səbəbi Elçibəyin siyasətdə səmimi olmasaydı. Çünki Elçibəy 80-90-cı illərin təlatümlərində doğulan liderlərin arasında tək liderdir ki, sonuna qədər səmimi olmağı başardı. Bir çoxları və əsasən də onun liderliyini qısqanan hərəkat yoldaşları elə buna görə ona nifrət elədilər. Və onlar Elçibəyin arxasından kirli işlər çevirdikləri üçün Elçibəyin səmimiyyətini anlaya bilmədilər.

Bu anlamamazlıq bu gün belə davam edir və onun böyüklüyünü qısqananlar onun səmimiyyətinə nifrət edirlər. Və bəzən bu nifrətlərini lağla ortaya qoyur, bəzən də “O, prezident olmamalıydı” kimi bəsit bir düşüncəyə sığınıb ONUN səmimiyyətinə nifrətlərini gizlətməyə çalışırlar.

***

Elçibəy hər zaman özünə sadiq oldu. Özünə sadiq olmaq kimi çox çətin bir işin öhdəsindən gələ bildiyinə görə ona zəif adam, zəif siyasətçi dedilər və deyirlər… Amma heç kim Elçibəyin filan zamanda, filan yerdə qeyri-səmimi olduğunu deyə bilmir…

O, BƏY kimi səhnəyə daxil oldu və BƏY kimi də səhnəni tərk etdi. Və bu gün heç kəs onun arxasınca danışmağa və nədəsə ittiham eləməyə söz belə tapa bilmirlər. Yalnız “zəif adamdı” deyirlər. Yəni insan kimi İNSANDI Elçibəy və bu gün dostları da, düşmənləri də məhz İNSAN olduğuna görə ittiham edirlər…

Və hələ də mənim bu günə qədər anlamadığım bir şey var. “Elçibəy təmizdi, safdı, buna görə də Elçibəy prezident olmamalıydı”, deyənləri anlaya bilmirəm. Nəyə görə saf bir insan, özünə, başqalarına və Allahına xəyanət edə bilməyən biri prezident ola bilməz? Və bu məntiqdən çıxış edənlər paralel olaraq özlərini və Azərbaycan xalqını aşağıladıqlarının fərqində deyillərmi? Doğrudanmı, düşünürlər ki, Azərbaycan xalqı saf və ona sadiq olan bir prezidentə layiq deyil?

Elçibəy məhz beyinlərimizə hakim kəsilən bu təfəkkürü dağıtmaq istəyirdi. O, isbat etmək istəyirdi və bunun uğrunda savaşırdı ki, saf bir insan siyasətçi də ola bilər, prezident də. Əsas məqsəd prezident olmaq deyil, əsas hədəf xalqı, milləti gələcəyə daşımaqdır. Xalqı və milləti saflaşdırıb ona yeni təfəkkür və yeni gələcək verməkdir…

Nə yazıq ki, Elçibəy bu savaşında məğlub oldu və onu məğlub edənlər məhz ONUN “şinelndən çıxan” və saf olmağı qəbul edə bilməyənlərdi. Amma Elçibəy savaşını uduzsa da, mirasını bu cəmiyyətə buraxa bildi və bu gün çirkli işlərə bulaşmadan yeni təfəkkür və yeni gələcək axtaranlarımız məhz ONUN mirasına sahib çıxanlardır…

***

Bir dəfə yas mərasimlərindən birində Elçibəydən söz düşmüşdü. Məclisdəkilərdən biri nağıl etdi ki, iyun qiyamından çox əvvəl Elçibəyi hamımız xəbərdar etdik. “Bəy, vətəndaş müharibəsi olacaq”, dedik. Amma adamın söylədiyinə görə, Elçibəyin cavabı çox qısa, lakonik və maraqlı olub. Elçibəy deyib ki, “vətəndaş müharibəsinin bir tərəfi mənəmsə, mən müharibə etməyəcəm”.

Məclisdəkilərin böyük əksəriyyəti ONUN bu sözlərini lağa qoydular. Və təfəkkürlərinə görə də haqlıydılar. Çünki onlara görə hakimiyyət elə bir şeydir ki, sonuncu tərəfdarının da qanını axıdaraq, onun özünün və ailəsinin gələcəyini məhv edərək hakimiyyətini qoruyub saxlamalısan. Amma Elçibəyə görə məsələ heç də hakimiyyəti qoruyub saxlamaq deyildi. Miləti və dövləti gələcəyə daşımaqdı…

Bunu ona görə xatırladım ki, dünən də, bu gün də hər kəs Elçibəyi hakimiyyəti buraxıb Kələkiyə getdiyinə görə qınayır. Bəziləri isə buna görə Elçibəyə çox qəzəblidirlər. Və onu da deyim ki, qəzəbli olanların çoxusu məhz səmimi olduğuna görə ONU qısqananlar, ONA nifrət edənlərdir.

Onlara görə Elçibəy Kələkiyə getdiyinə görə onlar hər şeylərini itirdilər. Halbuki vətəndaş müharibəsinə aparan yolu onlar çəkmişdilər. Məhz onların qeyri-səmimiyyəti Elçibəyi Kələkiyə getməyə məhkum etdi və o şəxslər ancaq o zaman uduzduqlarını, həm də tək hakimiyyətlərini, vəzifələrini  deyil, gələcəklərini, elitar təbəqəyə aid omaq “haqlarını” uduzduqlarını, dərbədər qaldıqlarını anladılar.

Və bu gün belə onlara görə Elçibəyin ən böyük qəbahəti hakimiyyət hərisliyinin olmamasıydı. Elə ona görə də “Elçibəy prezident olmamalıydı” fikrinin üzərində dayanırlar…

***

Elçibəyin faciəsi fərqli olmasıydı. Ətrafından, yaxınlarından fərqli olmasıydı. Və o faciəni yaşamasaydı, yəni fərqli olmasaydı, bu gün ELÇİBƏYdə olmayacaqdı. Ona görə də Elçibəyin kimliyi “ELÇİBƏY NƏDİR?” sualına cavab verir.

Elçibəy səmimiyyətdir, sevgidir, insanlıqdır, siyasətdə eqoizmin hərisliyini yenə bilmək məktəbidir. Elçibəy milli düşüncədir və eyni zamanda azad xalq düşüncəsidir və milli birliyin simvollarından biridir. Yəni Elçibəy Azərbaycana – şimallı, cənublu Azərbaycana açılan qapıdır.

Və Elçibəy millətin, dövlətin yeni təfəkkürünə, yeni gələcəyinə gedən yoldur. Tarixi zərurət isə deyir ki, bu yol nə qədər uzun olsa belə, biz o yolu qət etməyə məhkumuq.

Bu məhkumluğumuzu dəyişdirə bilməməyimiz də bizim faciəmizdir. Yəni Pənah Hüseynin məşhur ritorikasına bənzətmə edərsək, faciəmiz məhkumluğumuz, məhkumluğumuz faciəmizdir…

Azər Qaramanlı

P.S. İstər iqtidarda, istərsə də iqtidardan kənar olan bir çoxları Elçibəyi aşağılamaq üçün ona Əbülfəz Əliyev deyirdilər. Bunu bu gün belə edənlər var. Hər kəs öz soyuyla fəxr edər və Elçibəyin də öz soy-adı ilə çağrılması onun üçün şərəf olması gərəkirdi… Amma nədənsə və kimlərsə ONU aşağılamaq üçün soyadıyla çağırmağa üstünlük verdilər. Çünki ELÇİBƏYə dözə bilmirdilər. Bu adın möhtəşəmliyinə və Tanrının onun könlünə verdiyi BƏYLİYƏ dözə bilmirdilər. Bu ONA olan nifrətin apologiyası idi. Bu yolla onun BƏYliyinə qəsd edirdilər və bu yolla onun BƏYliyini ortadan qaldırmağa çalışdılar… Amma başara bilmədilər. Elçibəy könüllərin BƏYİ olaraq qaldı… Həmişə də elə qalacaq…

 

“Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir”