XƏBƏR LENTİ

23 Mart 2019
22 Mart 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 12:37

Xarici İşlər Nazirliyindən Fransa və ATƏT-ə sərt təpki:"Əvvəlcə ölkənizdə nümayişçilərə qarşı zorakılığı dəyərləndirin!..."

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bloqçu Mehman Hüseynovla haqqında fikir bildirdikdən və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanladıqdan sonra Parisdə “sarı jiletlilər”in hüquqlarının müdafiəsi ilə bağlı açıqlama yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Trend agentliyinə bəyan edib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin.

Leyla Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni “sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir. “Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar.

“Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”.

Onun sözlərinə görə, ümumiyyətlə Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər:

“Məhz Fransa vətəndaşı olan Harlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, Arlem Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür“.

Xatırladaq ki, Yanvarın 8-də Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, nazirlik bloqçu Mehman Hüseynovun işini diqqətlə izləyir və onun tezliklə azad olunacağına ümid edir.

“Biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq. Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq,” Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

Yanvarın 9-da ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubunda Azərbaycan hakimiyyətini Mehman Hüseynova qarşı irəli sürülmüş yeni ittihamlara xitam verilməsinə çağırıb:

“Dərin narahatlıq yaradan budur ki, bu insident indi, Mehman Hüseynovun 2019-cu ilin martında həbsxanadan azad edilməsinə az qalmış baş verib və ona qarşı yeni ittihamlar əlavə olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Mən hakimiyyəti Hüseynova qarşı yeni cinayət ittihamlarını ləğv etməyə və onun özünü həbsxanadan mümkün qədər tez azad etməyə çağırıram”.

ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətini habelə Hüseynovun sağlamlıq problemləri barədə xəbərləri araşdırmağa və Hüseynova peşəkar tibbi xidmət göstərilməsinə çağırıb.