XƏBƏR LENTİ

15 Oktyabr 2019
14 Oktyabr 2019

Digər Xəbərlər

07 Fevral 2019 - 16:37

“Xalq qəzeti”nin əməkdar jurnalisti deputatları topa tutdu:"Ev alarkən heç bir öhdəlik götürməmişəm"

Bəzi deputatların “Prezidentin ev verdiyi jurnalistlər söyüş kampaniyasına cavab verməlidirlər” tipli açıqlamaları media camiəsində ciddi narazılıq doğurub.

Strateq.az-ın xəbərinə görə, Milli Məclis üzvlərinin bu cür açıqlamalarına etiraz edənlərdən biri də əməkdar jurnalist, “Xalq qəzeti”nin əməkdaşı İttifaq Mirzəbəylidir.

O, deputatların sözügedən açıqlamalarına özünün “Facebook” profilində münasibət bildirib. Əməkdar jurnalist aşağıdakıları yazıb:

Hansısa deputatın “Ev almış jurnalistlər xaricdəki söyüş müxalifətinə cavab versinlər”– deməsi, cənab Prezidentin xalqımız və cəmiyyətimiz qarşısındakı möhtəşəm xidmətinə kölgə salmaqdır. Həmin ifadəni eşidən bədxahlarımız, lap elə orduxanlar deyə bilərlər ki, jurnalistlərə mənzil veriləndə onların qarşısında hansısa öhdəlik qoyulub.

Əvvəla, mən əlimi Qurana basıb and içə bilərəm ki, ev alarkən heç bir öhdəlik götürməmişəm və mənə belə bir təklif edən də olmayıb. Elə bir təklif eşitsəydim, həmin adamın cavabını verməyə sözüm və haqqım da var. Çünki 93-cü ilin yayından etibarən dövlətə təmənna ummadan xidmət edən 15-20 adam varsa, onların biri də mən olmuşam.

İkinci, mənzil alan 410-415 jurnalistin təxminən 90-100 nəfəri müxalifət düşərgəsini təmsil edir və mən dəfələrlə dövlətin bu addımını alqışlayan sətirlər qələmə almışam. Çünki cənab İlham Əliyev təkcə iqtidar mənsublarının deyil, ölkənin bütün sakinlərinin prezidentidir və müxalifət mətbuatında çalışan həmkarlarımızın peşəkarlığını və ehtiyacını nəzərə alaraq, onlara mənzil verilməsi ölkədəki ədalətin təzahürüdür. İndi kim deyə bilər ki, həmin müxalifətçilər mənzil alanda hansısa öhdəlik götürüblər? Heç kəs deyə bilməz və müxalifətçi jurnalistin boynuna ilan salsan belə, həmin öhdəliyi götürməz.

Üçüncü, kimsə mikrofon qarşısında danışarkən səhvi səhv dalınca buraxır deyə, dili söz, əli qələm tutan jurnalistləri qabağa vermək istəyi başadüşüləndir. Amma bu, nə qədər davam edə bilər və nə üçün davam etməlidir? Ölkədə demokratik cəmiyyət formalaşdırılıb, hamının hüquqları qorunur və hər kəsin üzərinə düşən vəzifələr məlumdur. Başqalarını bilmirəm, mən öz vəzifəmin nədən ibarət olduğunu barmaqlarımın sayını bildiyim kimi aydın şəkildə bilirəm və yüksək səviyyədə yerinə yetirirəm. Hamıya uğurlar!”