XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 10:01

Qarabağ erməniləri arasında “atışma” başladı –Sarkisyanın güzəştlərdən danışdığı günün səhəri nə baş verib?

Son günlər əslən Dağlıq Qarabağdan olan erməni siyasətçilər arasında mübahisələr səngimək bilmir.

Strateq.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejim “Qarabağın keçmiş müdafiə naziri” Samvel Babayanın bəyanatına reaksiya verib.

Babayan radioya müsahibəsində bildirmişdi ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2017-ci ildə bütün Qarabağ elitasını zala yığmış və onlara ərazi güzəştlərindən danışmışdı. Babayanın sözlərinə görə o vaxt “elita” ərazi güzəştləri ilə bağlı Sarkisyanın dediklərinə etiraz etməmişdi.

Qarabağ ermənilərinin başqa bir rəsmi nümayəndəsi – Aşot Qulyan özünün “Facebook” səhifəsində yazıb ki, o nizamlanma kontekstində nə vaxtsa Qarabağ hakimiyyəti ilə məcburetmə dilində danışıldığını xatırlamır. Beləliklə, Qulyan faktiki olaraq Babayanın dediklərini tam təkzib etməyib. Separatçı rejimin keçmiş spikeri Qulyan habelə bu cür təhrif olunmuş faktların ictimai dövriyyəyə buraxılmasının səbəbini başa düşmədiyini” deyib.

Babayanın bəyanatı ilə bağlı Qarabağ ermənilərinin başqa bir keçmiş rəsmisi, Araik Arutyunyan da reaksiya verib. O bildirib ki, sözü gedən görüş 2017-ci ildə yox, 2016-cı ildə baş verib. “Qarabağ prezidentinin mətbuat katibi” David Babayan isə bir neçə belə görüşlərdə iştirak etdiyini, lakin orada güzəşt məsələsinin müzakirə olunmadığını bildirib.

David Babayanın sözlərinə görə söhbəti gedən görüşdə münaqişəyə ümumi baxış, Azərbaycan tərəfinin hansı təklifləri olduğuna dair məsələlərdən danışılıb.

Mətbuat katibi Serj Sarkisyanın “güzəştlər” məsələsini qoyub-qoymadığı barədə suala da birbaşa təkziblə cavab verməyib:

“Mən “güzəştlər” barədə heç nə eşitməmişəm, çünki “güzəştlər” anlayışının özü düzgün deyil. Burada qarşılıqlı, bərabər addımlar olmalıdır. Əgər biz sərhədlərdən danışırıqsa, tərəflər sərhədlər barədə danışmalı və öz baxışlarını təqdim etməlidirlər”.

Fevralın 8-də Dağlıq Qarabağdan olan başqa bir siyasətçi – Vahan Badasyan bəyan edib ki, keçmiş müdafiə naziri Samvel Babayanın dedikləri tamamilə həqiqətdir.

O “Azadlı” radiosuna  müsahibəsində Serj Sarkisianın Dağlıq Qarabağda keçirdiyi iclasın dəqiq tarixini də xatırlayıb: 16 iyul 2016-cı il.

Badasyan deyib ki, həmin gün Serj Sarkisyan Xankəndində 20-dək məmur və onunla yaxın münasibətləri olan hərəkat fəallarını yığıb və onlarla ərazi güzəştləri məsələsini müzakirə edib. Badasyanın sözlərinə görə Sarkisyan cəmiyyəti bu güzəştlərə hazırlamağa səy göstərirdi. Badasyan bunu da xatırladır ki, elə həmin görüşün ertəsi günü iyulun 17-də Yerevanda polis bölməsinə silahlı basqın və girov götürülməsi hadisəsi baş verib.

Badasyan deyib: “Görüşüblər və ərazi güzəştlərini müzakirə ediblər. Bəli orada çox rüsvayçı rəylər səslənib, bundan xəbərim var, indi adlar çəkmək istəmirəm, amma söhbət ərazi güzəştlərindən gedirdi”. Jurnalistin “Sarkisian konkret güzəştlərdənmi danışırdı” sualına Badasyan cavab verib ki, “mənim məlumatıma görə söhbət konkret güzəştlərdən gedirdi” cavabını verib:

“Söhbət Madrid prinsiplərinin reallaşdırılmasından gedirdi. Bu belə olub, ya yox, indi söhbət bundan getmir. Məsələ burasındadır ki, Madrid prinsipləri imzalanıb və onlar bunun həyata keçirilməsi üçün hər şeyi edirdilər. Amma Artsax (Dağlıq Qarabağ – red.) hakimiyyəti sükutla razılaşırdı, heç kim etiraz etmirdi. İndi mötərizələri açıb adları deyə bilərəm, amma artıq gecdir. Bu bizim xalqımız üçün rüsvayçılıq idi, məğlubiyyət idi. Orada (Madrid prinsiplərində – red) göstərilməyib ki, Azərbaycan tərəfi güzəştə gedir. Orda birmənalı şəkildə yazılıb bu, erməni tərəfindən birtərəfli güzəşt olmalıdır”.

Daha sonra radionun müxbiri belə bir sual verib: “Siz həqiqətən də inanırsınızmı ki, Qarabağ hərəkatının əsasını qoyanlardan biri kimi Serj Sarkisyan güzəştlərə getməyə hazır idi? O bunu nəyin naminə etməliydi?”.

Badasyan deyib ki, sənədi o imzalamışdı və o da cəmiyyəti buna hazırlamaq istəyirdi.

“Bəs qarabağlılar belə güzəştləri qəbul edərdilərmi” sualına cavabda Badasyan deyib: “Birmənalı şəkildə yox. Ona görə də onlar bunu nüfuzlu adamlar vasitəsilə etmək istəyirdilər”.