XƏBƏR LENTİ

23 Fevral 2019
22 Fevral 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 19:03

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin sədri təyin olundu –Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident  İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.”

Qeyd edək ki, Zahid Oruc Milli Məclisin deputatıdır.

Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub.

1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsini daşıyıb.

Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir.

Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb. 1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.

2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq “Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikasının Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.

10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak edib, çoxlu məruzələrin və təqdimatların müəllifi kimi tanınıb. Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir.

Ailəlidir, 2 övladı var.