XƏBƏR LENTİ

25 May 2019
24 May 2019

Digər Xəbərlər

06 Mart 2019 - 12:36

İran Paşinyandan Moskvaya qarşı necə istifadə edir? –(TƏHLİL)

Zaur İbrahimli

Ermənistanın baş nazirinin İran səfəri regiondakı mövcud geosiyasi status-kvonun necə kövrək, həmçinin kənar təsirlərə olduqca həssas olduğunu göstərdi. Paşinyanın Tehranda əsil Şərq və fars üslubunda təmtəraqla qarşılanmasıyla İrandan verilən ismarıcların yalnız Azərbaycana ünvanlandığını düşünənlər ciddi yanılırlar. Paşinyana göstərilən bu cür məxsusi qonaqpərvərlik, həm də Moskva və Ankaraya, eləcə də Vaşinqtona mesaj kimi qəbul oluna bilər. Bu səfərdən əvvəl baş verənləri sərf-nəzər etsək, İranın demarışı daha aydın görünəcək. 

Paşinyan Beynəlxalq Münhen Təhlükəsizlik Konfransından sonra Moskvaya səfər etdi və prezident Putinin qəbuluna düşə bilmədi. Paşinyan baş nazir Medvedevlə görüşlə kifayətlənməli oldu. Bu görüşdən sonra Medvedevin ofisindən erməni həmkarının israrlı xahişindən sonra qəbulun baş tutduğunu açıqladılar. Moskva daha sonra Rusiyan xarici işlər nazirinin müavini Karasinin açıqlamaları ilə Ermənistana növbəti dəfə xəbərdarlığını etdi. Ermənilərin təşəbbüsü ilə Rusiyadan Ermənistana təbii qaz tədarükü ilə bağlı başladılan müzakirələr də hələ nəticə vermir.

Paşinyanın qondarma soyqrımı məsələsini böyük canfəşanlıqla qabartmağa çalışması, Türkiyə əleyhinə Fransa timsalında ittifaqlar yaranmasına maraq göstərməsi Ankaranı da qıcıqlandırıb. Yerevanın israrlı şəkildə Türkiyənin də əsas iştirakçısı olduğu regional tranzit layihələrinə alternativlərin yaradılmasını gündəliyə gətirməsi Tehranda da ciddi izlənilir. Bütün bunların fonunda Tehranda Paşinyanın Ermənistanda möhkəmlənməsinə xidmət edəcək formada qarşılanması, yəni ona öyünmək üçün əsaslar verilməsi İranın ənənəvi siyasətinin davamı kimi qiymətləndirilməlidir.

Tehran Rusiyaya, Türkiyəyə açıq mesaj verdi ki, Cənub və Şərq cinahlarda Ermənistan amili ilə kombinasiyalar qurmaq imkanına malikdir. Paşinyana dəstək verməklə Azərbaycan, Rusiya, Türkiyənin regionda təsir imkanlarına alternativ təşəbbüslər irəli sürülə bilər. Hətta Paşinyana İrandan təbii qaz ixracı ilə bağlı müzakirələrə başlamağa da imkan yaratdılar. Bu da Rusiyaya gücülü mesaj idi. Şübhəsiz ki, Paşinyanın xəyal qurduğu təbii qaz tranziti, nəqliyyat dəhlizləri elə ideya olaraq qalacaq. Mövcud vəziyyətdə bu layihələrin gerçəkləməsi üçün kiçik bir imkan belə yoxdur. Amma Paşinyan üçün indi başlıca vəzifə ümid vermək, Moskvanın daha mülayim siyasət yürütməsinə nail olmaqdır. Onun Avropa səfərində, Avropa İttifaqı və Avropa Şurası rəsmiləri ilə görüşlərində verdiyi açıqlamalar da buna xidmət edir. Yerevan köhnə ittifaqlara yeni məzmun verməyə, Avropa İttifaqı ilə daha sıx əməkdaşlığa və Brüsselin daha çox yardımını almağa çalışır. Paşinyan mövcud geosiyasi status-kvonu İran, Avropa İttifaqı, NATO və ABŞ-ı cəlb etməklə dəyişməyə çalışır. Yerevan Gürcüstanı da bu proseslərə qoşmağa cəhd göstərir. Gürcüstanda da buna maraq göstərən qüvvələr var.

İran, həmçinin Paşinyanın səfərindən istifadə edərək ABŞ-a da ismarıc göndərdi və regionda təsir imkanlarını saxladığını göstərmək istədi.  Əslində bu səfər Paşinyan üçün də risklər yaradıb, Moskva və Vaşinqtonda onu və emissarlarını çətin suallar gözləyir.