XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 22:23

Avropalı deputat Peskovanın müdafiəsinə qalxdı:"Bu nağılları Konqresin maliyyələşdirdiyi media uydurub"

“Rusiya prezidentinin mətbuat katibinin Avropa Parlamentində təcrübə keçən qızı Yelizaveta Peskovanın bu qurumun məxfi sənədlərinə çıxış imkanı yoxdur”.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Fransadan olan deputatı Emerik Şoprad bildirib. Y.Peskova Avropa Parlamentində məhz bu deputatın yanında təcrübə keçir.

Şopradın sözlərinə görə, parlamentdəki bəzi həmkarları Peskova ilə az qala casus kimi davranıblar: “Xanım Peskova Rusiya prezidentinin mətbuat katibinin qızı olduğuna görə bəziləri bunun hətta Avropa Parlamentinin təhlükəsizliyinə xələl gətirdiyini deyirdilər. Bütün bu nağılları ABŞ Konqresinin maliyyələşdirdiyi media uydurub”.

Deputat deyir ki, Peskovanın iştirak etdiyi komitələrin işi internetdə canlı yayımlanır. Bundan başqa, Avropa Parlamenti özü bəyan edib ki, Peskovanın məxfi sənədlərə çıxış imkanı yoxdur: “Üstəlik Rusiyanın Qərbdəki bu və ya digər seçkilərə müdaxiləsi də hələ ki sübut olunmayıb”.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Parlamentində Peskovun qızı ilə bağlı böyük qalmaqal yaşanmışdı. Qalmaqala 21 yaşlı Yelizaveta Peskovanın Avropa Parlamentində təcrübə keçməsi və bir çox deputatın bundan xəbərsiz olması səbəb olmuşdu.

İddia olunurdu ki, Yelizaveta Avropa Parlamentində işləməklə bu qurumun məlumat bazasına, həmçinin daxili kompüter şəbəkəsinə tam çıxış imkanı əldə etmiş olur. Bu da Avropa Parlamentinin təhlükəsizlik qaydalarının pozulmasıdır.

Şoprada gəlincə, o, Avropa Parlamentində Xarici İşlər Komitəsinin, həmçinin təhlükəsizlik və müdafiə məsələləri üzrə Alt Komitənin üzvüdür. Eyni zamanda Avropa Birliyi-Rusiya parlamentlərarası əməkdaşlıq Komitəsində təmsil olunan Şoprad rusiyameylli mövqeyini heç vaxt gizlətməyib.

Strateq.az