XƏBƏR LENTİ

23 May 2019

Digər Xəbərlər

26 Aprel 2019 - 10:34

Əfsanəvi polis xəfiyyəsi –Ejen-Fransua Vidokun memuarları

Vidokun təcrübəyə əsaslanan qeydləri və tövsiyələri tərbiyəvi mahiyyət daşımaqla, əməliyyat-axtarış işinin, kriminalistikanın konstitusiyasıdır

1828-cı ildə Vidokun elmi-fəlsəfi memuar xarakterli “Parisin sirləri”, “Oğru: əxlaq və psixologiya” əsərləri Onore de Balzakın yazdığı ön sözlə nəşr olunub. Təhlil və araşdırmalara görə, Vidokun təcrübəyə əsaslanan qeydləri və tövsiyələri tərbiyəvi mahiyyət daşımaqla, əməliyyat-axtarış işinin, kriminalistikanın konstitusiyasıdır. Bunu nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzeti Vidokun “Parisin sirləri”, “Oğru: əxlaq və psixologiya” əsərlərindən parçaların ilk dəfə Azərbaycan dilinə tərcüməsinə başlayıb.

Jan Valjan fransız ədəbiyyatında Viktоr Hüqоnun “Səfillər” əsərində yaratdığı obraz yox, tarixi şəxsiyyət Ejen-Fransua Vidokdur. Vidok qatı cinayətkar olmaqla, dueldə adam öldürməkdən zövq alan, dövrünün ən məşhur oğrusu olub, tarixi olmayan kriminalistika və detektivin əsaslarını yaratmaqla dünyaya zəngin təcrübəyə əsaslanan irs bəxş edib. Öz təcrübəsi ilə sübut edib ki, hətta ən qatı cinayətkar belə islah oluna, cəmiyyətin faydalı üzvünə çevrilə bilər.

1775-ci il təvəllüdlü və 1857-ci ildə dünyasını dəyişən E.Vidokun həyatı 150 ildən artıqdır ki, əməliyyat-axtarış işinin öyrənilməsində və tətbiqində tədris olunur. Parisin cinayətkar aləminin bütün sirlərini bəşəriyyətə təqdim еdən Vidоkun cinayətin tərkibi, motivi, cinayətkarlığın fəlsəfəsi, psixologiyası, şübhəli şəxsi müəyyən etmə, agentura, rezident işinin təşkili və aparılması, cəza, kriminalistika ilə bağlı xeyli tövsiyələri var ki, bütün dünya onun təcrübəsindən istifadə edir. Heç təsadüfi deyil ki, o, dünyada “əməliyyat-axtarış işi” və “istintaq-əməliyyat işi”nin, “kriminalistika”nın atası hesab olunur.

Cinayətkar davranışın psixologiyası

Asayişin mühafizəsi hamını maraqlandırır. Həm də etibarlı mühafizəsi görünən polislə yanaşı, görünməyən polisin fəaliyyətindən daha çox asılıdır. Səbəblər var. Çünki hər bir cinayətkar çalışır ki, maskalanmaqla özünü cəza təhdidindən yayındıra bilsin. Ona görə də gizli polisin olması, cinayətkarların içərisinə sızmaqla fəalliyyəti bütün dövrlərdə səmərəli olub. Bunu cinayətkarlar da yaxşı bilir. Polisin gizli agenti – xəfiyyə olmaq, cəmiyyətə faydalı insan kimi xeyir vermək mənim cinayətkar aləmdən xilas yolum idi. Bunu duyurdum və bilirdim. Çox düşündüm, yorulmuşdum, bezmişdim cinayətkar əməllərlə məşğul olmaqdan. Namusla yaşamağa səbrimiz çatmadığından insanları öldürür, talayırdıq. Məcbur idik. Çünki yaşamaq üçün bizə daha çox pul lazım idi…

Cinayətkarlar insanlarını təkcə varını, pulunu, mülkiyyətini talamır, onların illərlə çəkdiyi zəhmətinə, qazancına qəsd edir, yaxud bunа mane olanda isə onların sağlamlığına zərbə vurur. Yadımdadır ki, bu barədə həmişə düşünürdüm, ancaq təhlükəli əməllərimdən əl çəkməyə tələsmirdim. Artıq razılıq vermişdim, pis və təhlükəli əməllərimdən əl çəkib dövlətin yanında olmaq, bütün cinayətkarları ifşa etmək, cəmiyyəti ictimai təhlükəli əməllərdən qorumağı başlıca vəzifə hesab edirdim.

Və beləcə işə başladım. Bunları yazmaqda məqsədim odur ki, bütün dünya bilsin – daha yaxşı yaşamaq üçün yol cinayətdən keçmir. İllərlə qazandığım təcrübə deyir ki, həmişə cəmiyyətin mənafeyi şəxsi maraqlardan üstün olmalıdır.

O dövrə qədər ki, polis üçün yalnız mən xəfiyyə kimi çalışmırdım, qorxurdum, ehtiyat edirdim. Çünki bilirdim ki, gördüyüm işlərin sonu yoxdur. Bu vaxt mənim Qafre adlı köməkçim vardı. O, məndən əvvəl xəfiyyəçiliyə cəlb edilsə də, ancaq onun iş prinsiplərini bəyənmədiyimdən bizim birgə fəaliyyətimiz çox çəkmədi. Mən öyrəndim ki, o, çox pis həyat tərzi keçirir, bu barədə Paris Polis İdarəsinin Agentura şöbəsinin rəisinə məlumat verdim. O yalan danışır, dövlətin maraqlarını öz bildiyi kimi yönəldir, cinayətkarlara məlumatlar ötürürdü. Onu işdən qovdular və Parisi tərk etmək göstərişi verildi. Polis xidmətində xüsusi qabiliyyətləri ilə seçilməyən, amma həbsxanalarda əldə etdikləri informasiyalardan yararlanmaqla kömək edən bir neçə şəxs də vardı. Onlara daimi məvacib verilmirdi və bu şəxslər yalnız üstü açılan cinayətlərə görə haqq alırdılar. Bu şəxslər azadlığa çıxan residivistlər arasından cəlb olunmuşdular. Həmçinin, oğrular varıydı ki, onlara müəyyən etdikləri fırıldaqçıları ələ verəcəkləri şərti qoyaraq, Parisdə işləmələrinə mane olmurdular. Başqa sözlə, onlara şərait yaradılırdı. Və mən polisi inandırmağa çalışdım ki, buna lüzum yoxdur.

Cəmiyyəti təhdid edənlər

Bir çox hallarda bu oğrular elə öz yoldaşlarını ələ verirdilər. Bunlardan əlavə ən aşağı səviyyəli fahişələrlə birgə yaşayan аvаrа və tufеylilər polis üçün çalışırdı. Nifrətə layiq bu qrupa daxil olan şəxslər oğrular və cibgirlərin yaxalanması üçün qiymətli məlumatlar verirdilər. Bir qayda olaraq, bu şəxslərin məşuqələri yaxalananda onların azad olunması üçün hər bir şeyi etməyə razı olurdular. Tanınmış oğrularla, hansı ki, mütəmadi olaraq, Bisetredə (Fransanın ən məşhur həbsxanаsı) cəza çəkməyə göndərilirdi, əlaqələri olan qadınların xidmətlərindən də istifadə edilirdi. Bu şəxslər cəmiyyətin ən şərəfsiz, ləyaqətsiz zümrəsi olsa da, bununla belə,  təcrübə göstərirdi ki, onlardan istifadə etmək vacibdir. Çünki yalnız polis müfəttişlərinin bacarığına arxayın olmaq olmurdu. Polisin fəaliyyəti onda daha səmərəli olur ki, ən vacib informasiyaları əldə etməklə müvafiq tədbirlər görür. Polis xidməti oğrulara qarşı mübarizədə daimi əməkhaqqı almayan şəxslərdən istifadə etməyə o qədər də həvəs göstərmirdi. Amma bu və ya digər səbəbdən polisə xidmət göstərmək və kölgədə qalmaq istəyənlərin köməyindən yararlanmağa çalışırdı.

Аsаyişin mühafizə polisinin prefektura rəisi  cənab Jan Аnri çoxdan anlayırdı ki, hər iki tərəfi itilənmiş qılınc kimi bu şəxslərdən istifadə təhlükəli vəziyyət yaradıb, cinayətkarlıq sürətlə artırdı, hər gün mindən artıq ictimai təhlükəli əməl baş verirdi. Məni polis xidmətinə cəlb etdiyi üçün bu şəxslərdən yaxa qurtarmağa çalışırdı. Çünki cənab Anri qəti əmin idi ki, bir sıra xəstəliklər var, onları yalnız zəhərlə müalicə edirlər. Fəaliyyət dairəmi genişləndirdikcə, gizli agent adı altında oğru şəbəkəsi quranların cinayətkar əməllərini ifşa etdim. Cinayətkarlıq sürətlə azalırdı. Bu məni sevindirirdi. İşimdən və xidmətimdən olduqca məmnun idim.

Аyаqqаbı bоyаqçılаrındаn tutmuş, dilənçilər, fаytоnçulаr, pаltаryuyаnlаr, qırçılаr, çörəkçilər, çоbаnlаr, аşbazlar аrаsındа dоstlаrım vаr idi. Hamısını inаndırdım ki, “kömək lаzımdır”. Bu аdаmlаr şəbəkəmin əsаs özəyini təşkil еdirdi. Hər bir hadisə yerinə şəxsən gedir, cinayətkarların üslub və metodunu görməklə onu kimin törədəcəyini təxmin edirdim. Bu, digər xəfiyyələri qane etmirdi. Və yüzlərlə ikili oynayan xəfiyyələr tərəfimdən cinayət başında yaxаlanаrаq, həbsə göndərildi.

Cinayətkarlar islah olunan Vidoka qarşı

Mən polis xidmətində çalışmağa başlayan zaman hər iki cinsdən olan gizli agentlər mənə qarşı birləşdilər. Çünki, tezliklə sonlarının gələcəyini başa düşmüşdülər. Mən təmiz idim və məni ələ almaq mümkün deyildi. Mən onlar kimi ikili oynamırdım. Onlar mənə müharibə elan etdilər. Məni məhv etmək üçün nələr fikirləşmirdilər? Amma bu səylərin hamısı nəticəsiz qalırdı. Mən tufana yalnız başını azca əyən palıd ağacı kimi dözdüm. Hər gün məndən yalan məlumatlar verirdilər. Amma cənab Anri polisin nüfuzundаn istifadə edərək mənim düzgünlüyümə təminat verirdi. Qərara alınmışdı ki, barəmdə verilən məlumatlarla tanış olacağam və hər biri barədə yazılı izahat verəcəyəm. Mənə göstərilən bu etimad çox xoşuma gəlirdi və göstərirdi ki, rəhbərlik mənim yaxşı işimə qiymət verməyi bacarır. Artıq dünyada heç nə məni seçdiyim yoldan döndərə bilməzdi.

Hər bir işdə uğur əldə etmək üçün müəyyən qədər entuziazm (Güclü ruh yüksəkliyi, coşqunluq) olmalıdır. Mən ümid etmirdim ki, polisin gizli agenti statusunu hörmətli bir vəzifəyə çevirəcəyəm. Amma öz-özümə qürurlanırdım ki, vəzifələrimi ləyaqət və şərəflə yerinə yetirəcəyəm. Mən qorxmaz, ələ alına bilməyən, qərəzsiz, yorulmaz, cəsur insan şöhrəti qazanmaq istəyirdim. Ən azı məni qabilliyətli və dərrаkəli biri olaraq tanımalarına çalışırdım. Səylərimin uğur gətirməsi bu fikri möhkəmləndirdi.

Tezliklə cənab Anri bütün məsələlərdə mənimlə məsləhətləşməyə başladı. Biz gecələri bir yerdə cinayətkarlığa qarşı mübarizə tədbirlərini müzakirə edirdik, bizim səylərimiz nəticə verirdi. Dövlət rəhbərliyi, daxili işlər naziri Fuşe impеratoru gördüyüm işlər barədə mütəmadi məlumatlandırırdı. Oğruların sayında da azalma müşahidə edilirdi. Hətta kiçik gümüş oğruları, cibgirlər tam Parisi tərk edirdi. Bilirdik ki, bu vəziyyət uzun müddət davam edə bilməz. Oğruların köhnə üsulları polisə bəlli idi. Bu vəziyyət yeni oğru nəsli yetişdirməli idi. Elə də oldu. Gözləyirdik. Amma onlar artıq mənim zərərsizləşdirdiyim Bombas, Markiz, Buko, Komner, Bute, Pranje, Dorle, Laroza Qavr, Martin və digər oğru və fırıldaqçılara çata bilməzdilər.

İlk altı ay ərzində mən tək, heç bir köməkçi vasitə olmadan işlədim. Yalnız bir neçə dəfə yüngül həyat tərzi keçirən qadınlar mənə kömək etmişdilər. Sırf təsadüfən bir hadisə mənim polis zabitlərindən asılılığıma son qoydu, hansı ki, bu zabitlər hələ  də mənim xidmətlərimi öz adlarına çıxırlar. Bu hal mənə böyük üstünlük verdi və aydın şəkildə polis müfəttişlərinin enerjisinin lazımı səviyyədə olmamasını, onların fəaliyyətsizliyini göstərdi. Onlar çox açıq şəkildə onları işlə həddindən çox yüklədiyimdən şikayətlənirdilər.

Faktlar hadisəyə çevrilir

Hekayətə çox uzaqdan başlayım. 1810-cu ildə görünməmiş oğurluqlar başlamışdı, daha cəsarətli oğrular meydana gəlmişdi. Onlar fəaliyyətlərini yeni formaya keçirmişdilər və polisə yeni nəsil oğru dəstəsinin haqqında xəbərlər gəlirdi. Demək olar ki, bütün oğurluqlar əsasən qapıların sındırılması və yuxarı mərtəbələrə dırmanmaqla həyata keçirilirdi. Birinci və ikinci mərtəbədəki evlər bu qeyri-adi oğrular tərəfindən talan edilirdi. Bu vaxta qədər bu oğrular yalnız varlı evlərə tamah salırdılar, tez hiss etmək olurdu ki, onlar ətrafı beş barmaqları kimi  yaxşı tanıyırlar. Bu oğruların tutulması ilə bağlı bütün səylərimiz boşa çıxırdı.

Polis komissarının yaşadığı evdə, Burbon Vilnev yaxınlığındakı Sen-Klod küçəsində ikinci mərtəbədən oğurluq olmuşdu. Qapıdan asılan fənərin kəndiri oğrular üçün nərdivan rolunu oynamışdı. Atlar üçün kisədə qoyulan yem xurcunu subut edirdi ki, oğrular paytaxtda yük daşıma, taksi xidməti göstərənlərdir, yaxud onlar ekspedisiya zamanı oğrulara yardım göstəriblər. Bахmаyаrаq ki, оğurluq ustаlıqlа törədilmişdi. Аncаq оrdа mütləq “iz” оlmаlı idi. Həmin “iz”i ахtаrmаğа bаşlаdıq. Çünki еlə bir cinаyətkаr yохdur ki, üzündən sоrа iz qоymаsın.

Ardı var…