XƏBƏR LENTİ

14 Oktyabr 2019
13 Oktyabr 2019

Digər Xəbərlər

26 İyul 2019 - 15:48

“İşsizin DOSTu” köməyinizə gəlir –Artıq 38 min nəfər ödənişli ictimai işlərə cəlb edilib

Ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi, sosial tərəqqiyə nail olunması, əhalinin rifah halının yaxşılaşdırılması, eyni zamanda dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir.

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat – DOST Agentliyinin yaradılması da Azərbaycanın sosial sahədə mühüm innovativ yeniliklərindən, beynəlxalq səviyyədə təqdir edilən, bir çox ölkələrin öyrənməyə maraq göstərdikləri uğurlu təcrübələrindən biridir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi də əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin “bir pəncərə”dən təqdim edilməklə keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə bürokratik maneələrin qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədinə xidmət edir.

Prezidentin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 4.4.5-ci bəndində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bununla da haqqı ödənilən ictimai işlərin təşkili sistemli və şəffaf şəkildə qurulub genişləndirilməsi üçün “İşsizin DOSTu” proqramı hazırlanaraq icra edilir.

“İşsizin DOSTu” proqramının icrası çərçivəsində vətəndaşların ictimai işlərə cəlb olunması ilə əlaqədar səmərəli idarəetmənin təşkili üçün “DOST İŞ MƏRKƏZİ” MMC yaradılıb və sözügedən proqramın icrası ilin əvvəlindən həmin mərkəzə tapşırılıb.

“DOST İŞ MƏRKƏZİ” tərəfindən icra olunan “İşsizin DOSTu” proqramı çərçivəsində artıq 38 min nəfər ödənişli ictimai işlərə cəlb edilib.

“DOST İŞ MƏRKƏZİ” MMC-nin nizamnaməsində haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işsiz şəxslərin işə qəbulu, ictimai işlərə göndərilməsi və əməkhaqlarının maliyyələşdirilməsi, ictimai işlərin təşkili yolu ilə sosial xidmətlərin göstərilməsi, işaxtaran və işsiz vətəndaşların işə düzəlməsinə kömək göstərilməsi, işədüzəlmədə vasitəçilik fəaliyyətinin həyata keçirilməsi mərkəzin əsas fəaliyyət istiqamətləridir.

“İşsizin DOSTu” layihəsinin icrasında “DOST İŞ MƏRKƏZİ” MMC, müvafiq rayon (şəhər) icra hakimiyyətləri və ictimai işləri birbaşa icra edən, işçilərə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirləri təmin edən icraçı qurum (müvafiq təsərrüfat müəssisəsi) birgə fəaliyyət göstərir. İctimai işlərin əhalinin məşğulluğu məqsədi ilə təşkil olunduğu və işçi qüvvəsinin cəlb edilməsinin qeyri-kommersiya məqsədi daşıdığı sazişdə xüsusi vurğulanıb. Sazişə əsasən, rayon icra hakimiyyəti müvafiq rayon (ərazi) üzrə ictimai işlər təşkil edir, bu işlərə nəzarəti və əlaqələndirməni həyata keçirir. Rayon icra hakimiyyəti il ərzində müvafiq dövr üzrə ictimai işlərə cəlb olunacaq işçi qüvvəsinə dair məlumatları mərkəzə təqdim edir. Mərkəz əmək müqaviləsi bağladığı işçi qüvvəsini icraçı qurumun tabeçiliyinə təhkim edir. İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini əmək qanunvericiliyi normalarına uyğunlaşdırır, işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini və digər zəruri əmək şəraitini nəzərə alır.

“İşsizin DOSTu” proqramı çərçivəsində sosial ictimai işlərə cəlb olunmaq istəyən işaxtaran və işsiz vətəndaşların qeydiyyatda olduqları rayon (şəhər) üzrə Məşğulluq mərkəzləri tərəfindən məşğulluq alt sistemi vasitəsilə “DOST İŞ MƏRKƏZİ” MMC-yə vakansiya göndərişi verilir. “Məşğulluq haqqında” qanunun 21-ci maddəsində göstərilir ki, haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır. Haqqı ödənilən ictimai işlərə abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması (o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq), sosial xidmətlərin göstərilməsi, cari təmir işləri və s. daxildir.

Vətəndaşların əmək müqavilələri bildirişi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi xidmətindən istifadə üzrə metodiki göstərişlər”də mövcud qaydalara uyğun elektron qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Elektron hökumət portalında əmək müqaviləsi bildirişi imzalandıqdan sonra MAS (Məşğulluq Alt Sistemi) vasitəsilə verilmiş vakansiya göndərişi mərkəz tərəfindən qəbul edilir. Habelə əmək müqavilələri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iki nüsxədə tərtib edilərək bir nüsxəsi işçiyə verilir. Elektron qaydada əmək müqaviləsi bildirişinin rəsmiləşdirilməsi işçilərin sosial sığorta sistemində qeydiyyata alınmasına, gələcəkdə onların pensiya hüquqlarının yaranmasına əsas yaradır, eyni zamanda, fərdi hesablarında pensiya kapitallarının toplaşmasına imkan verir.

“İşsizin DOSTu” proqramına cəlb olunan işçinin məcburi dövlət sosial sığortası üçün qanunvericilikdə müəyyən olunmuş qaydada və məbləğdə hər ay sığorta haqqı ödənilir. Sosial sığorta şəhadətnaməsi olmayan işçilərin sosial sığorta kartı mərkəz tərəfindən əmək müqaviləsi bağlandıqdan sonra sifariş edilir. Elektron qaydada qeydiyyatdan keçirilmə ilə yanaşı, işçinin təqdim etdiyi əmək kitabçasında da “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” rəhbər tutularaq müvafiq qeydlər aparılır. Kadr məsələlərinə dair işlər və elektron qaydada aparılan bütün əməliyyatlar mərkəzin İnsan resursları departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilir.

“Məşğulluq haqqında” qanunun 21-ci maddəsinin 3-cü bəndində göstərilir ki, haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslər faktiki yerinə yetirilən işə görə, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum əməkhaqqı məbləğindən az olmamaq şərti ilə əməkhaqqı alırlar. İşçilərin əməkhaqqı ödənişləri mərkəzin Maliyyə departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Həmçinin işçiyə lazım olan iş yeri və əməkhaqqı ilə bağlı arayış və digər sənədlər mərkəz tərəfdən hazırlanır.

“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli qərarının 3, 4, 5 və 6-cı bəndlərində göstərilən ərazilərdə və şərtlərdə çalışan işçilərə həmin bəndlərdə qeyd olunan məbləğdə əlavə ödənişlər də verilir.

“DOST İŞ MƏRKƏZİ” MMC-də bütün sənədləşdirmə və kargüzarlıq işləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” təlimatın tələblərinə və “Elektron sənədlərin mübadiləsi Qaydası”na uyğun Elektron Sistem Dövriyyəsi Alt Sistemi (ESDAS) vasitəsilə həyata keçirilir.

Arzu ŞÜKÜROVA,

“DOST İŞ MƏRKƏZİ” MMC-nin hüquqşünası

Mənbə: “Azərbaycan” qəzeti