XƏBƏR LENTİ

11 Dekabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 10:51

DİM:"Bu il bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az olub"

Dövlət İmtahan Mərkəzi  “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

Mərkəzin açıqladığı məlumata görə, bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.

Qeyd olunduğu kimi, jurnalda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları verilib. Keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Odur ki, hər il keçid balları müsabiqə nəticələrindən asılı olaraq dəyişir.

Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az idi.

I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olurdu, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi.

Həmçinin bu il ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə daha çox idi. Ümumilikdə, 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir.

Təbii yuxarıda qeyd olunan amillər bu il ixtisaslar üzrə, xüsusilə də dövlət sifarişli yerlər üzrə keçid ballarının daha aşağı formalaşacağı proqnozunu verməyə əsas verirdi. Bunu artıq builki keçid ballarına baxmaqla da müşahidə etmək olar.

Nümunə olaraq 2018-ci ildə ərizələrində birinci yerdə ən çox göstərilmiş ixtisaslar üzrə dövlət sifarişli və ödənişli əsaslarla formalaşan keçid balları və onların 2019-cu ildəki keçid balları ilə müqayisəsini təqdim edirik.