XƏBƏR LENTİ

17 Sentyabr 2019

Digər Xəbərlər

23 Avqust 2019 - 21:07

Türkiyədə erməni şahmatçını turnirdən kənarlaşdırıblar –"Azərbaycan nümayəndə heyətinin etirazına görə"

Türkiyənin Sivas şəhərində Beynəlxalq Şahmat Federasiyasının himayəsi altında keçiriləcək beynəlxalq şahmat turnirinin təşkilatçıları Azərbaycan nümayəndə heyətinin etirazına görə erməni şahmatçı Mariya Gevorqyana göndərdikləri dəvəti ləğv ediblər.

Gevorqyan öz “Facebook” profilində qərara etirazını bildirib, buna görə təşkilatçılar onu məhkəməylə hədələyiblər. Hadisə haqqında BBC-yə şahmatçı qız özü məlumat verib.

BBC Rusca xidməti Beynəlxalq Şahmat Federasiyasına (FİDE) bununla bağlı sorğu göndərib.

BBC News Azərbaycanca məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasından hələlik şərh ala bilməyib.

“Təhqiredici qərar”

Mariya Gevorqyan beynəlxalq dərəcəli şahmat ustasıdır, beynəlxalq turnirlərin mükafatçısı və qadınlar üzrə Ermənistan çempionudur.

Daha əvvəl Gevorqyan Türkiyədə keçirilən turnirlərdə iştirak edib və belə problemlərlə qarşılaşmayıb.

Gevorqyanın sözlərinə görə, avqust ayında yarış qrafiki sıx olduğu üçün o, Türkiyədəki turnirdə iştiraka xüsusi can atmayıb.

Amma avqustun 7-də ona təşkilatçılardan dəvət gəlib, onlar yazıblar ki, həm yolpulunu, həm də qalmaq xərcini ödəyəcəklər.

Gevorqyan razılıq verəndən az sonra təşkilatçılardan biri – Mustafa Eroğlu dəvəti ləğv edib.

O Gevorqyana yazıb ki, Azərbaycan şahmatçıları ultimatum veriblər: erməni şahmatçı turnir qatılarsa, onlar iştirakdan imtina edəcəklər.

Eroğlu Gevorqyandan üzr istəyib və biletlərinin geri qaytarıldığını bildirib.

Gevorqyan Eroğlunun yazdığı məktubun şəklini də öz “Facebook” profilində paylaşıb.

“Yarışdığım bütün ölkələrdə milliyyətindən və siyasi baxışlarından asılı olmayaraq mən bütün opponentlərimə həmişə hörmətlə yanaşmışam” – Gevorqyan profilində belə yazıb.

Mariya Gevorqyan FİDE-yə şikayət ərizəsi göndərib və ümid edir ki, şahmat təşkilatları bundan sonra belə ultimatumların səsləməsinə imkan verməyəcəklər.

O, həmçinin əlavə edib ki, milli mənsubiyyətinə görə dəvətin ləğv edilməsini özü üçün son dərəcə təhqiramiz hesab edir.

Bundan sonra Eroğlu Gevorqyanla əlaqə saxlayıb və onu yazışmanın konfidensiallığını pozmaqda ittiham edərək məhkəməylə hədələyib.