XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

27 Aprel 2015 - 08:05

İlisu tarixi və Şamil hərəkatının gizlinləri

Azərbaycanın əski yaşayış məskənlərindən olan İlisu kəndi haqqında ayrı-ayrı araşdırma yazılar yazılmış, bəzi tarixi monoqrafiyalarda bu kəndin dünəni haqqında bəlli fikirlər söylənmişdir. Lakin bu kənd haqqında yazılanlar bu kəndin gerçək tarixi, etnoqrafiyası, dünəni və günü ilə müqayisədə çox azdır. İlisu kəndinin yazılmamış bir çox tərəfləri, dağında, qayasında, daşında yatan açılmamış xeyli gizlinləri var. özəlliklə İlisu sultanlığının varlığı, sonuncu İlisu sultanı Danyal sultanın fəaliyyəti, bu kəndin Şeyx Şamil hərəkatında iştirakı və bu iştirakın səbəbləri yetərincə araşdırılmamışdır. Məhz bu gizlinləri, İlisunun geniş oxucu kütləsinə bəlli olmayan özəllikləri ilə bağlı araşdırma aparmaq və sonucları dəyərli oxuculara təqdim etmək qərarına gəldim. Bu yöndə yardımçım isə İlisudan olan dostum, vaxtaşırı mətbuatda maraqlı araşdırmaları ilə çıxış edən coğrafiya müəllimi Namik Mantaş oldu. Namik Mantaşın İlisu ilə bağlı özəl düşüncələri və tarixi gerçəkliklərə dayanan qənaətləri var. Ondan İlisu kəndinin özəlliklərinin nədən ibarət olduğunu, bu kəndi yurdumuzun digər kəndlərindən fərqləndirən əsas cəhətlərin nələr olduğunu soruşduqda cavabı belə oldu:

“Birincisi və ən əsası İlisu əhalisinin özünəməxsus şivəyə malik olması və qədim türk-oğuz elinə məxsus adət ənənələri daha çox qoruyub saxlaması,

  • İlisu sultanlığının idarə etmə mərkəzinin bura olması,
  • XIX əsrdə çarizmin işğalçılıq siyasətinə qarşı uzunmüddətli mübarizə mərkəzlərindən biri olması,
  • Şeyx Şamilin başçılıq etdiyi azadlıq hərakatına qoşulması və bu hərəkatda fərqlənməsi,
  • özünə məxsus dünyəvi və dini elm ocaqlarının olması,
  • Onlarla respublika və dünya səviyyəli məşhur adamlarının olması;
  • Unukal təbiəti və sair”.

Bu siyahını uzatmaq da olardı təbii. Lakin bir elin, obanın diqqət mərkəzində olması, seçilməsi üçün deyilənlər də yetərlidi. Maraqlıdı ki, bu kəndin tarixindən danışanlar və yazanlar daha çox görünən tərəflərə diqqət ayırıblar; İlisu sultanlığı, İlisu şivəsi, İlisu alimləri, İlisu mətbəxi və sair. Bu kəndin tarixi, etnoqrafiyası, özünəməxsus özəllikləri fundamental şəkildə araşdırılmayıb. Nədən ki, bu kəndin varlığında araşdırılması vacib olan tariximizin önəmli məqamları var. Şeyx Şamil hərəkatı yatırıldıqdan sonra bu kənddə yüzlərlə ev yandırıldı, yüzillərlə tarixi olan qiymətli tarixi sənədlərin toplandığı İlisu sultanlığının arxivinə od vuruldu, yurdunun azadlığı uğrunda savaşa qalxan xeyli sayda yerli insan öldürüldü. Bu mövzuda fikirlərini aldığım Namik Mantaş da tarixşünaslıqda İlisuya yanlış yanaşmadan gileyləndi:

“İlisu haqqında danışılan zaman öncə İlisu Sultanlığı yada düşür. Məncə, bu yanaşma kökündən yanlışdır. Həm tarixi, həm də etimoloji baxımdan. Sadə bir misal deyim: Heç kəs Şamaxı şəhərinin tarixini Şamaxı xanlığından öyrənməyə və şərh etməyə başlamır. Və ya Azərbaycanın tarixi heç də 1918-ci ildə qurulmuş ADR-lə başlanmır. Eləcə də İlisunun tarixi sultanlıq tarixi ilə eyniləşdirilməməlidir. İlisu sultanlığı heç də İlisu kəndi demək deyil. Bəzən sultanlıqla bağlı hər hansı informasiya İlisu kəndi ilə tam ziddiyyət təşkil etmiş olur. Əslində elə İlisu sultanlığının geniş tarixi araşdırmaya ehtiyacı var. İlisu sultanlığının araşdırılması ilə bağlı ən yanlış tərəf, bu sultanlığa gürcü millətçiliyi mövqeyindən yanaşan gürcü tarixçilərinə əsaslanmaqdı. Gürcü mənbələri büyük səylə həm Qaxı, həm də İlisunu enyni bir köklə – gürcü çarları ilə əlaqələndirməyə çalışırlar”. Daha sonra sözünə davam edən Namik Mantaş İlisu sultanlığı, bu sultanlığın Şeyx Şamil hərəkatında iştirakı ilə bağlı günümüz üçün mübahisə doğuracaq fikirlər səsləndirdi: “Tarixi faktlar göstərir ki, Şamil dövrünün siyası fiquru, qurduğu, qoruyub saxlamaq istədiyi sistemin rəhbəri olmaqla yanaşı, həm də müridizm hərəkatının rəhbəri olub. Əminliklə onu deyə bilərəm ki, tarixən bəzi dini təriqətlərin arxasında siyasi maraqlar durmuş indi də bu, belədir. Müridizmin kökləri 1800-cü ildən başlamış və zaman-zaman müxtəlif siyası maraqların diqqət mərkəzində olmuşdur. Lazım gələndə isə bir ideoloji maşın kimi işə salınmışdır. Ancaq bu cərayan istənilən halda İlisu Sultanlığının Şamil hərkatına qoşulmasında heç bir önəm daşımamışdır. Mən pafoslu, gəlişigözəl sözlərdən uzaq olaraq açıq deyim ki, Sultanlığın Şamillə bağlılığının əsas səbəbi siyası maraqların təmin olunması və hakimiyyət uğrunda olmuşdur. Bilirik ki, Şamil hərakatına qədər İlisu artıq çar İmperiyasının təsir dairəsi altında idi. 1803-cü ildən İlisu öz müstəqilliyini yavaş-yavaş itirməyə doğru gedirdi. Və tədricən müstəqilliyi əldən çıxmaq üzrə idi”. Bundan sonra həmsöhbətim tariximizin İlisu sultanlığı ilə bağlı qaranlıq məqamlarına daha diqqətçəkici açıqlamalar verir. Onun fikrincə, çar imperiyası bu torpaqlara yiyələnmək uğrunda apadığı çalışmalarda İlisu ilə bağlı xüsusi siyasət yeridirdi. İlisunu potensial təhlükə mənbəyi olaraq görən imperiya rəhbərliyi bu əraziyə tam şəkildə sahib olmaq üçün istənilən vasitəyə əl ata bilirdi: “Sonuncu İlisu Sultanı Danyal Sultan hakimiyyətə 1831-ci ildə gəldi. Qısa zamanda çar ordusu onu mayor, podpolkovnik, polkovnik və genral-mayor rütbələri ilə təltif etdi. Qısa vaxt sonra – 1840-cı ildə İlisu Sultanlığı rəsmən Car-Balakan bölgəsinin idarəçiliyinə tabe edildi. Sonra isə birbaşa Gürcüstan-İberetiya quberniyasına tabe edildi. Məhz bu səbəblər- hakimiyyətin itirilməsi, sultanlığın sürətlə süquta doğru gedişi Danyal Sultanın Şamil tərəfə keçməsinə səbəb oldu”. Azərbaycan tarixində hər zaman olduğu kimi bu məğlubiyyətdə də erməni barmağı olmuşdur. Sultanlığın içərisində yaşayan, bu torpaqlardan barınan, yüksək vəzifə və səlahiyyətlər verilmiş ermənilər burda da kəsdiyi çörəyi tapdamışdı. çörəyini yediyi sultanlığın bütün planlarını gizli şəkildə işğala hazırlaşan tərəfə ötürmüşdü: “Həmin dövrdə Danyal Sultanın katibi erməni əsilli idi. Erməni katib sultanın Şamillə gizli əlaqəsinə dair ruslara yazdığı donoslar vəziyyəti daha da gərginləşdirdi. Danyal Sultanın Şamilə doğru atdığı addım hakimiyyəti və Sultanlığı qorumaq üçün atılan yeni və sonuncu bir cəhd idi. Bundan sonra 1844-cü ildən başlanan bu mübarizə düz 14 il davam etdi. Müxtəlif mənbələrdə Şeyx Şamil və Danyal Sultan barədə məlumatlar var. Bu iki şəxsiyyət həm
də qohumluq əlaqələrinə malik idi. Danyal Sultanın qızı “Qafqaz gözəli” adı ilə tanınan Kərimət Şamilin gəlini, Qazı Məhəmmədin həyat yoldaşı idi.
Ancaq onlar arasında həmişə fikir ayrılığı olmuşdur. Əlavə olaraq onu da demək yerinə düşərdi ki, Danyal Sultan qızının Qazı Məhəmmədə ərə getməsinə razı deyildi. Düşünürdü ki, Kərimət sultan nəslinin qızıdır, Qazının babası isə dəmirçi olmuşdu. Şamil Danyalı zaman-zaman cəsarətsizlikdə günahlandırmış, Danyal isə həmişə hadisələrə bir siyasətçi kimi qiymət vermiş və bir çox məqamlarda çılğınlıq yox, ağıl nümayiş etdirmişdir. Şeyx Şamillə təkcə Danyal Sultan deyil, bir çox başqa silahdaşları da fikir ayrılığında olmuşdur. Bunu əsaslandırmaq üçün təkcə Hacı Muradı misal göstərmək kifayət edər məncə. Şamil haqqında qaranlıq qalan, gizli məqamlara işıq salmaq gərəyi duyulur. Bu barədə tanınmış araşdırmaçı, tarixçi Murad Adjının yetərincə maraqlı fikirləri mövcuddur. İlk maraqlı məqam odur ki, Qafqazın bütünlüklə işğal olunması rusların apardığı açıq siyasətin tərkib hissəsi idi, amma bu siyasətin görünməyən hissəsi ondan ibarət idi ki, ruslar Qafqazda mövcud olan türk etnosunu tamamilə silmək istəyib. Əslində Qafqaz müharibəsi işğal müharibəsi deyildi, sırf ideloji müharibə idi. Türklərin qədim dini inanclarını, Tanrı sevgisini, İslam dininə bağlılığını və işğala dirəniş gücünü zəiflətmək üçün müridizm və Şamil hərakatı ən əlverişli vasitə kimi istifadə olunurdu. Şamilin bu dövrlərdə səlahiyyət sahibi olandan sonra öz naibləri, silahdaşları ilə münasibətinə nəzər salsaq görərik ki, çoxlu qaranlıq məqamlar var. Qafqazda Şeyx Şamil qədər tanınan ikinci qəhraman Hacı Murad şeyxin tərəfinə keçənə qədər ruslarla yaxın münasibətdə olub, sonrdan Şamilin naibi olmuşdur. Ancaq sonradan bu iki şəxsiyyət arasında münasibətlərin pisləşməsi Hacı Muradın mövqeyinin təzədən dəyişməsi ilə nəticələnib. Bir məqamı da önə çəkmək lazımdır ki, dahi rus yazıçısı Lev Tolstoy nədənsə Qafqazın birinci qəhrəmanına – Şeyx Şamilə deyil, ikinciyə – Hacı Murada bədii əsər həsr edib. Və bu qəhrəman ruslar tərəfindən ələ keçirilən kimi öldürülüb, başı bədənindən ayrılıb. Əsərdə Hacı Muradın rus generalına yazdığı bu sözlər maraq doğurur: “Mən çalmanı Şamilə görə daşımıram, ruhumu, qəlbimi xilas etmək üçün daşıyıram… Və mən Şamil tərəfə keçə bilmərəm. çünki onun əli ilə mənim atam, qardaşlarım, yaxınlarım öldürülüb. Mən ruslar tərəfə də keçə bilmərəm. Onlar isə mənim şərəfimi alçaldıblar” Murad Adjı söyləyir ki, Hacı Muraddan fərqli olaraq Şeyx Şamil son döyüşdə nədənsə ölənə qədər döyüşməyib və təslim olub. Adətən, əsl qəhrəmanlıq etalonu belədir: Sona qədər döyüşmək!

Nədənsə, bu qədər qəhrəmanlığından bəhs etdiyimiz adam, eyni zamanda azadlıq mücadiləsi aparan şəxs sonda əsirlik həyatı yaşamağa razı olub. Şamilin əsirlik həyatı da maraqlıdır. Ruslar üçün bu qədər təhlükəli hesab etdiyimiz düşmənə- Şamilə qarşı ruslar həddindən çox mülayimlik göstərib. Bu faktlardan biri çarın Şeyx Şamilə təyin etdiyi yüksək pensiyadır. Bu fakt həqiqətən də maraq doğurmaya bilməz. Amma digər faktlar da var. Uşaqlarına xüsusi imtiyaz və imperator sarayında xidmət təklif olunub. Kaluqda Şamilin yaşadığı ev üç mərtəbəli, çay kənarında yerləşən gözəl bir saray olub. Qonşusu isə Şamili əsir alan knyaz Aleksandr İvanoviç Baryatinski idi. Maraqlıdır ki, Qafqazı fəth edən genaral Yermolovun evi Şamilin evindən fərqli olaraq kiçik daxmaya bənzəyib və ona çar cüzi pensiya təyin edib. Bundan belə nəticə çıxır ki, Qafqazı Yermolov yox, Şamil fəth edib?! Qeyri-rəsmi olsa da belə bir məlumat var ki, ingilis xəfiyyəsi arxivində Şamilin şəxsi işi var. Orda onun “verbovka” olunması və müsəlmanlaşdırılması təsvir olunub… Şeyx Şamilin Danyal Sultanla münasibətlərini araşdıranda daha düşündürücü məqamlar ortaya çıxır. 1849-1852-ci illərdə ruslar Şamilə qarşı müharibədə böyük uğurlar qazanmağa başladılar. Bu vəziyyət Şamili çox narahat etməyə başladı. Məhz bu məqamda Danyal Sultan ona illərcə planlaşdırdığı fikiri söylədi. Danyal Şamilə təklif etdi ki, müstəqil ümumqafqaz Müsəlman Dövləti yaradaq. Hansı ki, bu işdə onlara Türkiyə qəyyumluq etməli idi. Danyal Sultan o zamanki dünyada baş verən bütün siyası hadisələri süzgəcdən keçirərək belə düşünürdü ki, bunun üçün İstanbula 15 nəfərlik heyət göndərilsin. Bu heyət həm də İngiltərə və Fransaya da getməli, bu işdə onlara dəstək olmalarının gərəkliyi çatdırılmalı idi. O zamankı geosiyası vəziyyəti dərk edən Danyal düşünürdü ki, bu addım çox əhəmiyyətli strateji gediş olacaqadır. Həmin zamanlarda qərb ölkələri və Rusiya Krım müharibəsinın bir addımlığında idilər. Danyal Sultan bu məsələnin bütün detallarını çox incəliklə düşünmüş və hətta Şamilə bildirmişdi ki, Avropa ölkələrinə bu tip müraciətin xüsusi qaydası və etiket normaları olmalıdır. Sonra Şamildən imzası olan xüsusi blanklar belə istəmiş ki, Türkiyədə onu lazımı qaydada doldursun. Bu planı o, Şamilə oğlu Qazı Məhəmməd və bir neçə naibin iştirakı ilə söylədi. Və ən maraqlı durum elə bundan sonra baş verməyə başladı. Danyalı dinlədikdən sonra bir çox naiblər, hansı ki, Danyal Sultandan daima narazı idilər, bu fikri “hakimiyyət ehtirasından yaranan bir ideya” adlandırdılar. Naiblər bu fikirdə idilər ki, əyər plan baş tutsa, o zaman Danyal bu planın sahibi kimi, hətta Şamili də hakimiyyətdən məhrum edə bilər. Sonda Şamil bu planı qəbul etmədi. Bununla da Şamil tarixin gedişatını arzu olunmaz bir məcraya çevirdi və Qafqazda o dövr üçün ilk və həm də sivil bir dövlətin yaranması ideyasının üzərindən xətt çəkmiş oldu. Danyal Sultan öz uzaqgörənliyi ilə anlamışdı ki, Şamil bu müharibəni uduzmaq üzrədir və kənar güclərdən dəstək olmadan heç bir uğur qazanmaq mümkün deyil. Danyalın bu təklifi Şamildə başqa fikirlərin də baş qaldırmasına səbəb oldu. Şamil Danyalı özünə rəqib kimi görməyə başlamışdı. Ancaq sonralar Şamil öz səhvini anladı və gec də olsa Danyal Sultanın fikri ilə razılaşdı. Gecikmiş bu addım təbii ki, uğursuzluqla nəticələndi. Birləşmiş Türk-avropa qoşunlarının Qafqazda Tiflisə qədər gəlişi və orda Şamilin qoşunu ilə birləşməsi planı uğursuzluğa düçar oldu.

Danyal Sultan 1859-cu ildə qəti əmin oldu ki, müharibə uduzulub. Bu dəfə yenidən Şamilə ruslarla sülh müqaviləsi bağlamağı təklif etdi. Şamil bu təklifi də qəbul etmədi . O zaman – 2 avqust 1859-cu ildə Danyal Sultan rusların dediyi şərtlərlə razılaşıb tək başına sülh bağlaşması imzaladı. Məhz bu məqam sonralar bir çox tarixçılərin yanlış qəra
r çıxarmasına – Danyal Sultanı xain kimi qələmə verməsinə səbəb olmuşdu. Onu həm də iki tərəfə qarşı xəyanətdə suçlayanlar da var: həm ruslara, həm də Şamilə. Hətta İlisunun özündə də bu tipli fikirlər mövcuddur. Bu səbəbdən Danyal Sultana maraq az idi və son zamanlara qədər çox az tanınırdı. O zaman sülh müqaviləsinə razı olmayan Şamilin sonradan təslim olaraq çarın imtiyazlarından istifadə etməsi və yüksək səviyyədə yaşaması da ziddiyyətli məqamlardandır. Bundan əlavə onu da qeyd etmək lazımdır ki, Şamil tərəfə keçdiyini elan edən Danyal Sultan rusların İlisuya hucumunun son anına kimi Şamildən kömək gözləmiş, ancaq bu kömək bir türlü gəlib yetişməmişdir. Qısası, 1844-cü ilin 21 iyununda İlisu general Şvars tərəfindən tam ələ keçirilmiş və yerlə yeksan edilmişdi. Həmin gün İlisuda 600 ev büsbütün dağıdılmış, sultanın sarayı və arxivi yandırılmışdı. Sonda kimin bu mübarizədə daha səmimi olması və kimliyi yenə də mübahisə doğurur…

Danyal Sultana bir müddət Şəkidə yaşamağa icazə verilmiş və İlisuya getmək qadağan edilmişdi. 1869-cu ildə Danyal Sultan ailəsi ilə birlikdə Osmanlıya mühacirət etdi. Danyal Sultan 1870-cı ildə Osmanlıda vəfat etdi.

Ziddiyyətli və qaranlıq qalan məqamlar çoxluğunda İlisu və onun tarixi daima saxtalaşdırılmaya məruz qalmışdır. Gürcülərin və digər bəzi etnosların mövqeyindən yazılan saxta araşdırmalar zaman-zaman geniş vüsət almış və indi də bu tendensiya davam etməkdədir. Həmin illərdə Sultanlıq ərazsində rusların apardığı ideoloji fəaliyyəti də qeyd etmək yerinə düşər. Ruslar Qafqazda həm tarixi türk izlərini silməklə məşğul dilər, həm də paralel olaraq bu dövrdə Qafqazda böyük gücə çevrilən İslam dininə qarşı xiristianlığı gücləndirirdilər.

Düşünülmüş ideoloji planın əsasında məhz bu dururdu: Yetərincə çox insanı xiristanlığa cəlb etmək! Bunun üçün hətta rəsmi qərar qəbul edilmişdi. Xristianlığı qəbul edənlərə torpaqdan pulsuz istifadə, Danyal Sultanın və digər bəylərin torpaqlarının zəbt edilərək onlara verilməsi, eləcə də dövlət vergisindən azad olma və 6 illik pul yardımı edilməsini nəzərdə tutan qərar 6 dekabr 1859-cu ildə qüvvəyə mindi. Qısa zamanda sultanlıq ərazisində kilsələr inşa edildi. İndiki Qax şəhəri yaxınlığında yerləşən Müqəddəs Georgi kilsəsi bunlardan birdir. Bu kilsə məhz qədim Alban məbədinin yerində – qəsdən köhnəsi dağıdılaraq yenisi inşa edildi. 1859-cu ilin rəsmi siyahıya alınmasında 1035 xiristianlığı qəbul etmiş ingiloy olduğu göstərilirdi. İndi bir çox mənbələr sultanlıqda yaşayan insanların etnik mənsubiyyətini və sayını fərqli-fərqli sayda və həm də şüurlu şəkildə özlərinə sərf edən formada göstərir. İstənilən halda bizlərə tarixin silinməz daş yaddaşı kömək olur. Tək bir fakt kifayət edir ki, bütün bu məkrli planları alt üst etsin: İlisu kəndindən şimalda Şarıbaş kəndi yaxınlıqda bir dağ aşırımı var – Hun beli. Eramızdan əvvəl bu ərazidə mövcud olan Hun tayfalarının əsas keçid yollarının məhz Hun adı ilə adlandırılması sübut edir ki, bu ərazilər tarixi türk torpaqları olmuşdur. Saxta tarixçilərin dediyinin əksinə olaraq bu torpaqların qonşu etnoslarla tarixi bağlılığı yoxdur.

Yekun olaraq deyim ki, məhz Danyal Sultanın, eləcə də sultanlıq ərazinində yaşayan xalqların, hətta yaxın Car-Balakən, Şəki ərazilərinindən gələn köməkci dəstələrin mübarizəsi sırf Şeyx Şamil və onun ideyası uğrunda vuruşmaq deyildi. Onlar məhz öz müstəqil dövlət ənənəçiliyinin, ərazi bütövlüyünün qorunması uğrunda döyüşmüşdülər”.

Göründüyü kimi Danyal Sultan, İlisu sultanlığı, bu sultanlığın süqutu və işğalçıların burada yürütdüyü siyasət, Şeyx Şamil hərəkatı və onun mahiyyəti haqqında kifayət qədər öyrənilməmiş, açılmamış gizlinlər və hələ də mübahisə doğuracaq qaranlıq məqamlar var. Bütün bunlar isə Şeyx Şamil hərəkatına birmənalı qiymət verməyi çətinləşdirir və bəzən mümkünsüz edir. Görünən budur ki, haqqında söhbət açdığımız mövzu ilə bağlı gerçəyin araşdırılıb üzə çıxarılması üçün hələ tarixçilərimizin görəcəyi çox iş var.

Namiq Hacıheydərli





Yuxarı Əvvələ Ana Səhifə