XƏBƏR LENTİ

23 Avqust 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 18:25

ABŞ VƏ İNGİLTƏRƏ YENƏ TÜRKİYƏYƏ QARŞI BİRLƏŞİR –Ankara maliyyə sıxıntısıyla mövqeyini dəyişməyə vadar edilir - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 19 aprel 2019-cu il

 

Türkiyə çox hərəkətli seçki prosesi yaşadı. Bu proses hələ də tam başa çatmayıb. MSK son qərarı verəcək və İstanbul seçkilərinə nöqtəni qoyacaq.

Seçki təkrarlana bilərmi? İmamoğlu tutduğu vəzifəni başa çatdıra biləcəkmi? Bunlar yandırıcı suallardır.

Hər kəs məsələlərə şəxslər, aid olduğu düşərgə üzərindən baxır. Doğrusu, məncə, ən böyük yalnışımız da elə budur. Üzərimizə gələn buludları müəyyən etməkdə çətinlik çəkməyimizin səbəbi də budur.

Pul və silah, əlbəttə, çox önəmlidir. Hesab edirəm ki, Türkiyəyə pul və silah baxımından obyektiv baxa bilmirik. Bu məsələni bir az açaq. Daha aydın baxaq. Fikrimizi yayğın ifadələrlə deyil, “12-lik vuran” dəqiq cümlələrlə ifadə edək. Çünki fikir qarışıqlığı var. Həm sadə insanlarda, həm də Ankarada.

Agent Skripalın Londonda zəhərlənməsi, məşhur oliqarx Abramoviçin futbol klubu sahibi olmasına rəğmən, İngiltərəyə girə bilməməsi, S-400 istəyi, F-35 böhranı, Colan təpələri, Aralıq dənizi, Kipr, Afrikadakı kəmər, yəni Sahel, “Brexit”, PESCO ilə bağlı məsələlər, Trampın “dərin ABŞ”la tərs düşməsi, ABŞ-ın Çinlə iqtisadi müharibəsi baş verərkən və davam edərkən Türkiyə kimi həlledici bir ölkə həddindən artıq önəm qazanır.

Əgər ABŞ belə bir dövrdə Ankaranın mövqeyindən, davranışından məmnun olsaydı, Türkiyə iqtisadi sarsıntıya girməz, yerli seçkiləri hüzur içində keçirərdi.

Lakin olmadı, ötən ilin avqust ayından silkələməyə başladılar.

Burada məsələyə baxışı bir az da dərinləşdirək. Hər şeydən öncə, unutmayın ki, hazırda Türkiyədə yaşayan siyasi fiqurlar arasında qlobal əlaqələri olan şəxslərin sayı bir əlin barmaqlarının sayını keçməz. O şəxslərin adlarını çəkməyəcəm. Amma qeyd edim ki, onların atdığı addımlara baxınca, nələrin olacağını anlamaq mənim üçün çətin olmur.

AKP hakimiyyətə gəldiyi gündən etibarən müxtəlif ünsürlərlə, müxtəlif formalarda mübarizə apardı. TBMM-in ABŞ hərbçilərinin Türkiyəyə gəlməsinə icazə verilməsini nəzərdə tutan qərarı işin başlanğıcı idi. 17-25 dekabr, Oslo, Gezi parkı, 15 iyul, ondan öncə partiyanın bağlanması işi kimi, bir çox əngəli aşdı. Gərginlik o qədər yüksəldi ki, hadisələri xatırlamaqda belə çətinlik çəkirik. Ancaq bütün bu əməliyyatların ortaq bir xüsusiyyəti var idi. Onların heç biri pul üzərindən aparılmırdı. Suriya parçalanır, İraq dağılır, PKK qılaf dəyişdirir, insanlara gizli qulaq asılır, səs yazısı lentləri havada uçuşur, lakin ortalarda pul görünmürdü.

Doğrusu, pul üzərindən keçirilməsi nəzərdə tutulan əməliyyat qapıya dayananda (AKP iqtidarını – tərc.) ortadan qaldırmaq üçün gəldiklərini anlamaq çətin deyildi. Tarix bunu bizə öyrətmişdi. İndi gəlmələrinin arxasında yatan həqiqət AKP-dən qurtulmaq idi.

“Brexit” həddən artıq önəmli hadisə idi. ABŞ Aropa Birliyi (AB) ilə mübarizə edərkən İngiltərənin öz yanında olmasını tələb edirdi. Yəni, London yol ayrıcında qalmışdı. “Brexit”in bu səbəblə həyata keçirilməsi istəndi. Bu iki güc həm pula, həm də silaha nəzarət etmək istəyirdi. Merkel Makron tərəfindən AB ordusunun (PESCO – tərc.) canlandırılması, eyni zamanda Almaniya və Fransanın Rusiya ilə yaxınlaşması istəyi sirr deyildi.

Burada önəm qazanan Türkiyə olurdu. Ankara sürətlə Moskva ilə yan-yana gəlir, eyni zamanda Rusiya ilə isti münasibətlərinə və S-400 sifarişinə görə ABŞ ilə qarşı-qarşıya gəlirdi. Türkiyənin durumu böyük balansın yönünü müəyyən edəcəkdi. Sadəcə bu səbəblə, AKP, dolayısı ilə Ankara təzyiq altında idi və bu, günbəgün artacaqdı. Bilməli olduğumuz şeylər vardı. Biz isə diqqət etmirdik.

Vaşinqtonun planına görə, 2019-cu ilin fevralında yeni dünya nizamı qurulmalıydı. Türkiyə özünə ayrı bir yol cızdığı üçün bu, gerçəkləşmədi. Bu səbəblə, amerikanlar içində Türkiyəni ən yaxşı tanıyan şəxslərdən biri olan ABŞ-ın Türkiyədəki sabiq səfiri Erik Edelman, “Türkiyəni itirərsək, Amerika imperiyası çöküş dövrünə girər. Ona görə ABŞ Türkiyəyə qarşı əlində olan ən önəmli kozırını istifadə etməlidir. İqtisadi baxımdan kövrək durumda olan Türkiyəni bizə möhtac hala gətirməliyik” deyirdi.

ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin müşaviri Culianna Smitin Türkiyə haqqında dediyi sözlər də önəmli idi. Xanım Smit deyirdi: “Türkiyəyə böyük təzyiq etməliyik. Ərdoğan da heç sevmədiyi geri addım atmağa məcbur qalmalıdır. Bunun əksi olan durum bizim üçün risklidir”.

Əgər Bayden 2020-ci ildə prezident olarsa, ABŞ-ın Orta Şərq siyasətini tamamilə müəyyən edən şəxs də Culianna Smit olacaq. Bu baxımdan onun söylədikləri çox önəmlidir. Mövcud güc balanslarını və onların yönlərini nəzərə alan Ankara Moskva ilə bir hərəkət edir. İki mərkəz arasında çox isti münasibətlər mövcuddur. Haradan baxılmasından asılı olmayaraq, durum budur.

Ancaq ABŞ pulla Rusiyanı da küncə sıxışdırırdı. Son hücumlar nəticəsində rubl öz dəyərini 50% itirirdi. Bu səbəblə, Türkiyənin Rusiyaya, Rusiyanın da Türkiyəyə ehtiyacı vardı. Hətta Türkiyə, bu yaxınlaşmaya görə təzyiq altında qalır və özünə yönəlik maliyyə əməliyyatları ilə məşğul olmağa məcbur olurdu. Ancaq tam bu nöqtədə qəribə bir durum vardı.

Ötən günlər ərzində SavaronaTevfik Arif haqqında çox yazdım. Tevfik Arif bir yana, heç 43 ölkədə böyük investisiyaları olan rus oliqarxları da Türkiyəyə gəlmirdi. Türkiyəyə investisiya qoyan heç bir avropalı və amerikalı iş adamı itirmədiyi halda, bu oliqarxlar heç gəlmirdi. Onlar Kiprin yunan kəsiminə gedirdi, Türkiyəyə isə gəlmirdi. Halbuki bu mərhələdə onların, – Ankaranın yaxınlıq göstərməsinə qarşılıq olaraq, – Türkiyənin üzbəüz qaldığı maliyyə əməliyyatlarında ona dəstək vermək üçün qaçaraq gəlmələri gözlənilirdi. Lakin gələn olmadı, oldusa da mən bilmirəm.

Putin, Türkiyə ilə maliyyə əlaqəsinin artması halında, ABŞ sanksiyasını təkrar güclü formada öz üzərində hiss edəcəyini  bilir. Türkiyəyə iqtisadi hücum çox öncə, S-400 raketlərinin alınıb-alınmamasından asılı olmayaraq başladı. Ancaq Rusiya ilə yaxınlaşmaya önəm verən Ankara Moskvanın idarə etdiyi DeripaskaAbramoviç kimi bir çox oliqarxdan birini belə öz yanında görmədi. Halbuki dostluq belə günlərdə bəlli olur.

“Dərin ABŞ” Tramp, Ərdoğan, Putin və Si Tsinpinin bir ittifaq qurmasına mane oldu. Tramp artıq əvvəlki kimi deyil, gücü budandı. Bunu edən qüvvə Ankaranı da hədəfə qoydu. Maraqlıdır ki, İngiltərə “dərin dövləti” də sanki buna dəstək verir. Dəfələrlə yazdım. Bütün ip uclarını alt-alta qoyan zaman, qlobal güclərin durmadan Ankaranın üzərinə gəldiyini görürük. Əgər Vaşinqtonla London əl-ələ verdilərsə, Ankara çox çətin duruma düşəcəkdir. Və mütləq, daxildə yeni siyasi cərəyanlar ortaya çıxacaqdır. Daxildə artan təzyiq xaricdən gələn təzyiqlə birləşəcəkdir. Məqsəd də elə budur. Bu fırtına ilə Ankaranın mövqeyini dəyişmək istəyirlər. Bütün daxili sınmalara (1960, 1971, 1980-ci illərdə baş verən sınmalar kimi) baxdığımız zaman ABŞ-İngiltərə ittifaqını görməkdəyik. Türkiyə masaya gələn kimi, həmən anlaşırlar.

Bir tərəfdən pulların Türkiyədən çıxarılması, digər tərəfdən Moskvanın idarə etdiyi maliyyə gücünün bizə doğru gəlməməsi isə sisli havanı yaymaqdadır.

Türkiyənin qlobal güc balansında hara düşdüyünü Ankaranın görməsi, anlaması lazımdır. Ondan sonra resept yazmaq asandır.

Prezident seçkilərindən yerli seçkilərə qədər olan bütün müddət ərzində müxalifət israrla ABŞ-İngiltərə cizgisində olanları bir araya gətirməkdədir. Görülən işin bu olduğunu anlamaq və anlatmaq heç də çətin deyil. Adlar çəkməsəm də, baş verən hadisə budur. İstanbuldakı seçkilərin nəticələrilə bağlı hansı qərarın verilməsindən asılı olmayaraq, onun arxa planı bəllidir. Qəribə olansa odur ki, bu addım dövlət daxilində də adekvat qarşılanıb. Məhkəmə sistemində bunu hiss etmək hesab edildiyi qədər çətin deyil. Gedişat belədir.

Türkiyə, əlbəttə, köhnə Türkiyə deyil. Ancaq yenə də oyunu anlamaq şərtdir.

“Dünya beşdən böyükdür” deyən siyasi fəlsəfənin susdurulması istənməkdədir.

Məsələyə belə baxmaqda fayda vardır.





Yuxarı Əvvələ Ana Səhifə