XƏBƏR LENTİ

22 Oktyabr 2019
21 Oktyabr 2019

Digər Xəbərlər

15 Sentyabr 2019 - 09:15

Azərbaycan filosofunun Yaranışın aşırımlarında gördükləri:Kainat həyatın təməl meqafazasıdır - Resenziya 

Rahid Ulusel

fəlsəfə elmləri doktoru, professor

 

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, ölkəmizi bir sıra beynəlxalq elmi konqreslərdə təmsil edən, elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə AMEA Rəyasət Heyəti mükafatının qalibi Adil Əsədov elm və fəlsəfənin yaranışından bəri həmişə onların diqqət mərkəzində olan bir problemə – Kainatın mənşəyi məsələsinə müasir astronomiya, astrofizika və fizikanın xüsusi bölümlərinin, başlıca olaraq, ümumi nisbilik nəzəriyyəsi və nəzəri fizikanın ən son elmi nailiyyətləri zəminində dərin konseptual baxışı özündə əks etdirən “Kainat və onun inkişaf mərhələləri” adlı yaradıcı intellektə güclü təkan və impulslar verə biləcək əsərini ərsəyə gətirmişdir. Müəllif  “Böyük Partlayış”la (“Big Bang”) başlayıb “Həyat”ın (Canlı Aləmin) yaranması çağınadək davam edən təqribən 14 milyard illik mövcudluq dönəmini bir-birindən doğan epoxal mərhələlər olaraq, həm də özünəməxsus elmi-fəlsəfi üslubun cazibədar epik təhkiyəsi ilə izləyir. Filosofun təhlillərindəki “zəncirvari reaksiya” elə “Böyük Partlayış”ın inqilabi dəyişmələrindəki bağlılığı andırır. Bu həm də o deməkdir ki, fəlsəfi idrakın yaddaşında Kainat təkamülünün izləri saxlanılır… Sivilizasiyanın tərəqqisi də, əslində, o yaddaşın qorunması və keyfiyyətcə təzələnməsi, zənginləşməsi ilə mümkün olur.

Əsər iki böyük hissədən – müəllifin analitik “monoloqundan” və digər mütəxəssislərlə problem üzrə apardığı “dialoqundan” ibarətdir ki, onlardan spontan olaraq bir-birinə sarmaşıb üzə çıxan fikirlər belə bir mürəkkəb problemə aydınlıq gətirmək məqsədi daşıyır. Filosof  ən müxtəlif hipotez və nəzəriyyələrin nəticələrini ələyərək, Kainatın yaranması haqqında mövcud elmi-fəlsəfi biliklərdən toplanmış daha mühüm və dürüst saydığı qənaətlərin vahid arsenalını yaratmağa çalışır. Az qala, hər gün yeniləşən, bir-birini tamamlayan və tamamlamayan, təsdiq və inkar edən, eksperimental təcrübələrlə daha dəqiq nəticələr əldə etməyə çalışan, bəzən elmdən fəlsəfəyə, fəlsəfədən elmə adlamasında dolaşıb uçuruma, skepsisə yuvarlanan, hətta ən etibarlı imperativlərini belə sorğu-suala tutan nəzəriyyələrin ortaq məxrəcini tapmaq və həmin arsenalı gücləndirərək elmi axtarışların növbəti mərhələsinə yüksəltmək kimi çətin bir missiyanı XXI əsrin fəlsəfəsi öz üzərinə götürür.

Əsər məhz XXI əsr fəlsəfəsinin baxışı olaraq Kainatın varlığına nəzər salır: “Böyük Partlayış”ı – “mahiyyət daşıyıcısının ideyadan gerçəkliyə total transformasiyası” kimi şərh edərək, inkişafının hər mərhələsində Kainatın yetdiyi yeni durumun özəlliyini açır. Bu epoxal təkamül pillələri Kainatı “yetişdirir”, onu orqanikasının daha  mükəmməl mərhələsinə çatdırır. 13,72 milyardlıq ili qapsayan bu prosesin ən heyrətləndirici məqamı – Kainat həyatının ilk 10-43  saniyəsidir. Məhz həmin başlanğıc anında (“Quantum Fluctuations”) sinqulyar nöqtədən Kainatın yaranışına “böyük partlayışla” təkan verilir. Müəllif Kainatın Böyük Partlayışdan sonrakı inkişafının bu birinci mərhələsini, yəni Böyük Partlayış anından 10-43 saniyənin sonuna qədər davam edən Plank Epoxasını lüksonların doğuluşu və məkan kvantlarının mövcudluğu zamanı sayır. “Kainatı törədən iki başlanğıcdan biri olan lüksonlar maskulin başlanğıc statusunda, ikinci başlanğıc olan məkan kvantları isə feminin başlanğıc statusunda çıxış etmişlər”  qənaətinə gəlir.

Qanunauyğundur ki, filosof bu iki (maskulin və feminin) başlanğıcı Kainatın təkamülündəki epoxal dəyişmələrin – lüksonlardan qalaktikalara, məkan kvantlarından qara dəliklərədək – hərəkətverici və sükunətləndirici qütbləri kimi tədqiqatının sonuna qədər izləyir. Qədin Çin fəlsəfəsində kosmogenezi açan “in” və “yan” başlanğıclarının dialektikasını xatırladacaq bu yanaşma Kainatın vəhdətində ilahi bir nizamın – Loqosun olduğuna da xüsusi diqqət yetirir. Kainat “orqanizminin” hər bir hüceyrəsi, elementi sanki bütün Kainatın həyatını özünün “fərdi” qısa ömründə özünü ayrıca taleyi olaraq yaşayır.

Adil Əsədovun gəldiyi bu nəticə olduqca maraqlıdır: “Mən Kainatda yalnız materiyanın və enerjinin deyil, həm də obyektiv informasiyanın mövcudluğunu qəbul edirəm. Mən … inamla təsdiq edə bilərəm ki, fotonlar və eləcə də digər lüksonlar məhz Tanrıdan gələn informasiyanın daşıyıcısıdırlar, bir qədər də dəqiqləşdirilərsə, fotonlar və digər lüksonlar – Tanrıdan gələn informasiyanı və enerjini dünyaya yayan başlıca vasitələrdir. Bu səbəbdən də Kainatda real olaraq mövcud olan yalnız materiya və enerji deyildir, həm də obyektiv informasiyadır… Kainatın bütün mahiyyəti haqqında informasiyalar həqiqətən də Tanrıda toplanmışdır.” Bu, filosofun elmi sübutsuzluq çarəsizliyindən gəldiyi nəticə deyil, doğrudan da, nəinki fenomenal Kainatın, ümumiyyətlə, substansial varlığın yaranışını mümkün edən ilahi qüdrətin təsdiqidir.

Adil Əsədovun kitabı “Həyat”ın başladığı nöqtədə bitərək, ikinci nəfəsində dialoji sferaya açılır: “Maskulin və feminin başlanğıcların on dördüncü və sonrakı nəsillərinin təşəkkül tapması isə Kainatda həyat adlı möhtəşəm bir hadisənin təşəkkül tapmasından sonra baş verdi”. Bu, fəlsəfi düşüncədə “Həyatın Uvertürası” nı oyandırır! Əvvəlki əsərlərinin örnəkləri əsasında demək olar ki, Adil Əsədov fikir klassiklərində olduğu kimi, öz fəlsəfi sistemini yaratmağa iddialı olan çağdaş mütəfəkkirdir. Bu o deməkdir ki, “ideya qalaktikasının formalaşması” hələ davam edir və Azərbaycan filosofu Kainatın Materiyadan Ruha doğru hərəkətində bütün fazaları birər-birər arayacaq, Kainatın özünü görən gözünün nə qədər bəsirətli olduğunu, İnsanı yer planetində təsadüfən yaratmadığını bir daha təsdiq edəcəkdir!

 

 

 

 




Yuxarı Əvvələ Ana Səhifə