XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

13 İyul 2016 - 14:01

Azərbaycanda məişət zorakılığı hallarını necə azaltmaq olar?– ARAŞDIRMA

zorakılıq-1

I MƏQALƏ

 

Son zamanlar  Azərbaycanda məişət zorakılığı halları ilə bağlı cinayətlərin sayında sürətli artım müşahidə edilir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatçılıq yaradır. Demək olar ki, hər həftə KİV ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı ölüm hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir. 

Eyni zamanda, boşanmaların sayında da yüksək artım müşahidə olunur ki, bunun da əsas səbəblərindən biri kimi, məhz məişət zorakılığı halları göstərilir.

 

Məişət zorakılığı və boşanma halları ilə bağlı kədərli statistika

 

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2013-cü ildə qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı 1803 olub.  2014-cü ildə qadınlara qarşı zorakılıqla bağlı 2114, 2015-ci ildə 2248 cinayət qeydə alınıb.

Ümumiyyətlə, statistikanın təhlili göstərir ki, xüsusən 2013-cü ildən başlayaraq, qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayında artım müşahidə edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Trend”-ə deyib ki, Ədliyyə Nazirliyindən komitəyə daxil olan məlumatlara əsasən, 2015-ci ildə 68 985 nikah qeydə alınıb. Ötən il nikahın pozulması üzrə 12 886 fakt qeydə alınıb.

E.Səfərov qeyd edib ki, Azərbaycanda boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur. Ötən il Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailədaxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb.

Komitə rəsmisi bildirib ki, ötən il ərzində xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb.

 "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Strateq.az-a bildirib ki, 2016-cı ildə 163 məişət zorakılığı qurbanı təşkilata müraciət edib.

«Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti»nin eksperti Sədaqət Paşayeva da qeyd edib ki, son zamanlar məişət zorakılığı ilə bağlı şikayətlərin və müraciətlərin sayı artmaqdadır.

M.Zeynalova qeyd edir ki, daha çox xəyanət və iqtisadi zorakılıq, o cümlədən fiziki zorakılıq faktları ilə müraicət daxil olur.

Sədaqət Paşayevanın sözlərinə görəsə, boşanma ilə bağlı müraciətlərdə əsasən döyülmə faktları daha çox olur. Hətta uşaqları almaq məqsədilə qadınlara böhtan da atırlar.

 

Məişət zorakılığı hallarının artması bütün cəmiyyət üçün təhlükə yaradır

 

Ekspertlər qeyd edirlər ki, statistik göstəricilər, birbaşa və dolayısı faktlar məişət zorakılığı hallarının geniş vüsət aldığını, bu zəmində baş verən cinayətlərin sayının artdığını göstərir. Bu zamana qədər bu cür halların sayının azalması üçün aparılan maarifləndirmə tədbirləri, profilaktik işlər daha da intensivləşdirilməli və geniş miqyasda aparılmalıdır. Sivil cəmiyyətlərdə qadına qarşı zorakılıq, habelə məişət zorakılığı qəbuledilməz və dözülməz haldır. Belə rəftarı yalnız pisləmək artıq kifayət deyil, daha təsirli tədbirlər görülməsinə və strategiya dəyişikliyinə ciddi ehtiyac yaranıb.

Məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır. Cəmiyyətdə yaranmış vəziyyətdən, fərdin iqtisadi imkanından, onun sosial statusundan asılı olmayaraq, dövlət öz pozitiv öhdəliyinə görə hər bir insanın konstitusiya hüquqlarının qorunması üçün imkanlar yaratmalıdır.

Məişət zorakılığının qarşısının alınması insanların, xüsusən əsasən  qurbana çevrilən qadınların  təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Məişət zorakılığı cəmiyyətinin əsaslarına ciddi zərbə vurur. Bundan ümumilikdə cəmiyyətin gələcəyi asılıdır. Beynəlxalq ictimaiyyət artıq bu problemin əhəmiyyətini dərk edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında qeyd olunur ki, hazırda 89 ölkənin qanunvericiliyində məişət zorakılığı ilə əlaqədar konkret normalar öz əksini tapıb. Məişət zorakılığına qarşı çox sayda beynəlxalq sənədlər qəbul edilib, beynəlxalq aktlar əsasında xüsusi müdafiə mexanizmləri yaradılıb.

 

Qanunvercilikdə hansı problemlər var?

 

Ekspertlər məişət zorakılığı hallarının, bu zəmində cinayətlərin sayının azalması üçün əsas vəzifələrdən biri kimi, qanunvericiliyin təkmilləşdirilməsini zəruri hesab edirlər.

Yaxın illərə qədər məişət zəmnində baş verən zorakılıqlara qarşı mübarizə yalnız cinayət təqibini həyata keçirməklə kifayətlənirdi. Belə ki, məişətdə (ailədə) cinayət əsaslı zorakılıq olduqda cinayət qanunvericiliyinin müvafiq müddəaları tətbiq edilməklə cinayət təqibi həyata keçirilirdi. Lakin məişət zorakılığı yalnız kriminal xarakterli deyildir. Məişət zorakılığına qarşı mübarizənin hərtərəfli və kompleks şəkildə həyata keçirilməsi, məişət zorakılığının profilaktikasının təmin edilməsi məqsədi ilə 2010-cu ilin 22 iyun tarixində “Məişət zorakılığının qarşısının alınması haqqındaqanun qəbul edildi. Bu qanun məişət zorakılığı zəminində baş verən zorakılığın qarşısının alınması mexanizmlərinin yaradılması və tənzimlənməsi məqsədini güdür. Qanunun əsas yükü ailə münasibətlərinin qorunması ilə bərabər, həm də zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini təmin etməkdir. Qanunun qəbulu xəbərdaredici vasitələrin və reabilitasiya təsisatlarının formalaşmasına və məişət zorakılığı ilə kompleksli mübarizə üçün vahid mexanizmlərin formalaşmasına hüquqi əsaslar yaratdı.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunun əsas əhəmiyyəti onun məişət zorakılığının formalarını açıqlamaqdır: fiziki, psixi, cinsi zorakılıq və habelə iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər .

S.Paşayeva qeyd edir ki, qanunvericilikdə məxsusi olaraq məişət zorakılığı cinayətlərinin törədilməsi və ya hazırlanması ilə bağlı xüsusi maddələr yoxdur. Burada ümumi döyülmə, oğurlanma və s. göstərilir. Belə maddə olmadığına görə də bu məsələ ümumi hal kimi dəyərləndirilir. Belə məsələlər də çox zaman açıq qalır, ədalətsiz dəyərləndirmə olur. Qadınlarla bağlı zorakılıq halları da buna görə də əksər vaxt ədalətli həllini tapmır. Ya da ki,  bununla bağlı qadınlar köməksiz vəziyyətdə qalır, özünü müdafiə etmək üçün heç bir vasitə olmur.

 

Qanunvericilikdə hansı islahatlar aparılmalıdır?

 

VƏHML və “Təmiz Dünya” Qadınlara Yardım İB-nin hazırladığı “Məişət zorakılığı törətmiş şəxsin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinin hüquqi əsasları ilə bağlı təhlil”də qeyd olunur ki, Cinayət Məcəlləsinin bir sıra maddələri məişət kriminalı ilə bağlı cəzaları müəyyən edir. Ümumi hallarda tətbiq edilən maddələrin çoxluğuna baxmayaraq, bu maddələrin heç biri “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda əks olunmuş və zorakılıq forması olan psixi zorakılıqla bağlı cinayət təqibini həyata keçirməyə imkan vermir.

Eyni zamanda Cinayət Məcəlləsində psixi zorakılığın qarşısının alınmasına yönələn cəzanı nəzərdə tutan maddə də yoxdur. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun məqsədləri üçün psixi zorakılıq dedikdə, “Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər” nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 125-ci maddəsini də (Özünü öldürmə həddinə çatdırma) yalnız o halda tətbiq etmək mümükündür ki, qurban özünə qəsd etmiş olsun. Lakin cəmiyyətdən fərqli olaraq, ailə daxilində özünü öldürmə həddinə çatdırma halının olmasını sübut etmək hər zaman mümükün olmur və praktikada belə hallar intihar halı kimi qeydə alınır.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda nəzərdə tutulan digər bir zorakılıq formasının – məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyət – zəminində olan əməllərin də cinayət təqibini həyata keçirilməsi üçün konkret müddəalar və cəza nəzərdə tutulmur.

S. Paşayevanın sözlərinə görə, özünü öldürmə və intihar həddinə çatdırma kimi faktlar xeyli sayda olsa da, acınacaqlıdır ki, bunlar çox zaman açıq qalır: "Çox zaman elə təqdim olunur ki, guya, qadın köhnə dərman qəbul edib zəhərlənib. Qadın özünü öldürmək üçün sirkə içir və sonra deyir ki, özümü yaxşı hiss etmirdim içdim".

Hüquq-müdafiəçisinin rəyincə, məlişət zorakılığı anlayışı hələlik bizim cəmiyyətimizə oturuşmuş hüquqi terminə çevrilə bilməyib.: "Məsələyə “ərimdi – döyər də, sevər də” anlayışı ilə yanaşırlar".

Ekspertlər qeyd edirlər ki, qanunvercilikdəki bu boşluqlar məişət zorakılığı hallarına qarşı səmərli cinayət təqibini həyata keçirməyə imkan vermir. Yaxud, məişət zorakılığı ilə bağlı problemin tam miqyasının müəyyənləşdirilməsində problemlər yaranır.

Eyni zamanda bu çatışmamazlıqlar hüquq-mühafizə orqanlarının fəaliyyətində məişət zorakılığı hallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün zəruri ixtisaslaşma prosesinin dərinləşməsinə də əngəl olur.

S.Paşayeva hesab edir ki, ilk növbədə qanunvericiliyi təkmilləşdirmək lazımdır: “İstintaq dəqiq və psixologi baxımdan düzgün aparılmalıdır. Ədalətli qərar qəbul etmək digər ailələrin də qorunmasına gətirib çıxara bilər. Mütləq ailə məhkəməsi olmalıdır. Ailə münasibətlərinin tənzimlənməsi, ailə-hüquq sisteminin formalaşdırılması ilə bağlı hüquqşünasların yetişdirilməsinə çox ehtiyac var. Ən vacib məsələlər budur. Çünki ailə üçün möhkəm olmayan, ədalətli olmayan cəmiyyət heç zaman gələcəkdə normal, ədalətli vətəndaşın olmasını gözləməməlidir”.

VƏHML və ““Təmiz Dünya” Qadınlara Yardım” İB təklif edir ki, Cinayət Məcəlləsində məişət zorakılığı qəsdən törədilmiş cinayətlər kateqoriyasına aid edilməlidir: "Həmçinin, məcəllənin 61-ci maddəsinə (Cəzanı ağırlaşdıran hallar) “ailə üzvünə qarşı zorakı xarakterli cinayətin törədilməsi” bəndinin əlavə edilməsi məqsədəuyğun olardı. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə CM-in 133-cü maddəsinə xüsusi bəndin əlavə edilməsi və bu əmələ görə azadlıqdan məhrumetmə cəzası da daxil edilməklə cinayət məsuliyyətinin nəzərdə tutulması məqsədəuyğun olardı. Cinayət Məcəlləsinin müvafiq maddələrinə (Maddə 122, 125, 126, 127, 128, 129, 131, 134, 145, 149, 150, 151, 152,153,176-1 və s.) cinayət tərkibi yaradan əməllər sırasına məişət zoraklılığı ilə bağlı məsuliyyəti müəyyən edən cinayətin təsnifedici əlamətlərinin daxil edilməsi məqsdəuyğun olardı".

Təklif müəllifləri hesab edir ki, belə əlavələr cinayət təqibi prosesində eyni əlamətli, lakin ailə-məişət münasibətləri zəmnində baş verən cinayətlərə fərqli yanaşmanı (o cümlədən cəza sanksiyası ilə bağlı) müəyyən etməklə məişət zorakılığına qarşı mübarizənin effektivliyini artıra bilər.

Hüquq-müdafiəçilərinin fikrincə, bu maddələrdə məişət zorakılığı ilə bağlı cinayətlərin təsnifedici əlamətlərinin daxil edilməsi ilə yanaşı, bu əlamətlər üzrə cəzaların müəyyən edilməsində də fərqli yanaşmalar olmalıdır. Belə ki, ümumi əsaslarla müəyyən olunan cəzalarla yanaşı, məişət zorakılığı ilə bağlı baş verən cinayət hallarında daha çox alternativ cəza növlərinin tətbiqinə üstünlük verilməlidir və bu cəzalar tətbiq olunarkən ailənin mənafeləri əsas götürülməlidir.

Təklif müəlliflərinin qənaətincə, alternativ cəza növləri sırasına ailə-məişət münasibətləri zəmnində cinayət törətmiş şəxslərin icbari sosial reablitasiya kurslarına cəlb edilməsi, zəruri hallarda isə narkomaniya və alkoqolizmdən məcburi müalicə keçməsi öhdəlikləri müəyyən edilə bilər.

Həmçinin, ekspertlər hesab edir ki, cinayət xarakterli məişət zorakılıqlarını araşdıran və istintaq hərəkətlərini həyata keçirən hüquq-mühafizə orqanı da bu sahə üzrə ixtisaslaşmalıdır: "Bu məqsədlə ya ixtisaslaşmış polis təsisatı yaradılmalı, ya da mövcud struktur tərkibində ixtisaslaşmış şöbələrin və ya vəzifəli şəxslərin müəyyən edilməsi və belə şöbələrin və vəzifəli şəxslərin də qadınlardan ibarət olmasına üstünlük verilməlidir"…

 

Laçın Səmla

Strateq.az

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınlar Arasında Həmrəylik” İB-nin həyata keçirdiyi “Məişət zorakılığı və erkən nikahların aradan qaldırılması üçün fəaliyyətlərin gücləndirilməsi”  layıhəsi çərçivəsində hazırlanıb.