XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

07 İyul 2015 - 07:07

XX yüzilliyin I yarısında türk dövlətləri – Araşdırma

Bu yazı “Türk dövlətləri” seriyasından təqdim etdiyimiz ikinci yazıdır. Birinci yazıda ən əski dönəmlərdən orta yüzilliklərə qədər mövcud olmuş türk dövlətləri haqqında danışmışdıq. Bu yazıda isə XX yüzilliyin birinci yarısında qurulan, bir neçə ay, ən yaxşı halda bir neçə il mövcud olan türk dövlətlərindən danışılır. Burada Azərbaycan Demokratik Cümhuriyyətindən (1918-1920) bəhs etmədik. Nədən ki, mətbuatda bu Cümhuriyyət haqqında tez-tez yazılar yayımlanır və Azərbaycan oxucusu bu mövzuda kifayət qədər bilgilidir.

Araz Türk Respublikası

1918-ci ilin 3 noyabrında yaranan bu dövlət cəmi 4 ay mövcud olub. Həmin illərdə ermənilər Naxçıvan ərazisinə sıx-sıx hücumlar edirdi. Ermənistanda yaşayan azərbaycanlılara işgəncələr verilirdi. Bu dönəmdə yeni elan edilən Azərbaycan Demokratik Cümhuriyyəti və son günlərini yaşayan Osmanlı dövləti ağır durumda idi. Durumdan yararlanan ermənilər imperialist güclərə arxalanaraq ağır işgəncələr sonucunda 100 mindən artıq azərbaycanlını Ermənistan ərazisindən – öz dədə-baba yurdlarından qovdular. Əzəli torpaqlarından qaçqın düşən insanlar Araz Türk Respublikasına sığınmışdı.

Sahəsi 16 min kvadrat kilometr, əhalisi 1 milyon nəfərə yaxın olan bu Respublikanın ərazisi Naxçıvan, Dərələyəz, Ordubad, Uluxanlı , Qəmərli, Mehri və digər rayonları əhatə edirdi.

Güney-batı Qafaqaz Keçici Hökuməti

Bəzən Qars Qafqaz Cümhuriyyəti də deyilir. 1919-cu ilin əvvəllərində Qarsda qurulmuşdu və bir neçə ay yaşayıb. Hökumətin başçısı Cahangirzadə İbrahim idi. 1919-cu ilin yanvarında qurulan hökumət elə həmin ilin aprel ayında ingilislər tərəfindən işğal edildi. Hökumətin 12 üzvü Batuma və Maltaya sürgün edildi. 1920-ci ilin payızında Qars ərazisi Kazım Qarabəkir paşanın ordusu tərəfindən ingilislərdən azad edildi.

Batı Trakiya Türk Cümhuriyyəti

31 avqust 1913-cü ildə Batı Trakiyada qurulmuşdu. Qısa müddət içərisində 30 minlik ordusu meydana gəldi. Paytaxtı Gümülçinə olan bu dövlətin sahəsi 8578 kvadrat kilometr idi. Cümhuriyyətin başçısı Xoca Salih Əfəndi idi.

Türküstan Milli Dövləti

1917-ci ildə Orta Asiya ərazisində qurulmuşdu. Qurucusu qıpçaq türkü Mustafa çokay idi. Türküstan Milli Dövləti yarandığı ilk günlərdən başlayaraq əsas hədəfini seçdi:

1.Orta Asiyada İslamın modern bir şəklini oluşdurmaq,

2.Qazaxların, qırğızların və digər türk boylarının əski tarixlərə dayanan köçəri kültürünü yaşatmaq,

3.Rusları Türküstan sınırından kənarlaşdırmaq.

1918-ci ildə Rusiya Türküstan Milli Dövlətinin varlığına son qoydu və bu torpaqlarda Türküstan Muxtar Sovet Sosialist Respublikasını yaratdı.

Alaş Orda

1905-ci ildən başlayaraq Orta Asiyada Alaş hərəkatı meydana gəlmişdi. Hərəkat 1912-ci ildə Alaş Partiyasına çevrilmişdi. Bu partiya öz fəaliyyətini 1928-ci ilə qədər davam etdirib.

Qazaxstan qaynaqlarının yazdığına görə, hərəkat öz adını qazaxların əfsanəvi ulu babası hesab edilən Alaş Xanın adından götürmüşdü. Orta Asiya türklərinin dilində Alaşa sözü at anlamını verdiyi üçün Alaş(a) Orda sözünün Atlı Ordusu mənasında işləndiyini yazan araşdırmaçılar da var. Alaş Partiyasının hədəfi Rusiyada yaşayan bütün türkləri birləşdirib Turan Dövləti qurmaq idi. Lakin 1917-ci ildə qurulan Alaş Orda bir müddət sonra ruslar tərəfindən işğal edildi. Alaş Orda qeyri-rəsmi 1928-ci ilə qədər mövcud olmuşdu. Alaş Ordanın bir çox təmsilçiləri rus işğalından sonra Orta Asiyada baş qaldıran Basmaçılar hərəkatında işğalçılara qarşı vuruşmuşdu.

İdil Ural Dövləti

1918-ci ildə Rusiya ərazisində yaşayan tatar, başqırd (başqurd) və çuvaş türkləri birləşərək İdil Ural Dövlətini yaratdılar. Hər üç türk boyunun dili, dövlətin rəsmi dili idi. Paytaxtı Kazan şəhəri olan İdil Ural Dövlətinin 15 milyon nəfər əhalisi var idi. Bu dövlət də 1919-cu ildə Rusiya tərəfindən işğal edildi.

Buxara Sovet Xalq Cümhuriyyəti

1920-ci ildə qurulmuşdu. Sovet Rusiyasının təsir dairəsində olsa da, 1924-cü ilə qədər baxımsızlığını bəlli səviyyədə qoruyub saxlaya bilmişdi. Paytaxtı Buxara şəhəri idi. 1923-cü ildən başlayaraq hökumət rəhbərləri Rusiya tərəfindən sıxışdırıldı. 19 sentyabr 1924-cü ildə Rusiya bu dövlətin varlığına son qoydu və bu ərazilərdə Buxara Muxtar Sovet Sosialist Xalq Respublikasını qurdu.

Doğu Türküstan İslam Cümhuriyyəti

1930-cu illərdə Doğu Türküstan türkləri baxımsız dövlətlərini qurmaq üçün işğalçı çin yönətiminə qarşı mübarizəyə qalxdılar. 1932-ci ilin noyabrında paytaxtı Kaşğar olan Doğu Türküstan İslam Cümhuriyyəti quruldu. Dövlətin başçısı Xoca Niyaz Hacim, Baş Naziri isə Türkiyədə hüquq təhsili almış
Sabit Damolla idi
. Qurucular, bu dövlətin İslam qaydaları ilə idarə olunacağını bəyan etmişdi. Fəaliyyətində isə İslamçı-türkçü mövqe tutmuşdu. Milli Marşında “Atilla, çingiz, Teymur dünyanı titrədirdi, Can alıb, can veririk, çünki türkdür adımız” deyən Doğu Türküstan İslam Cümhuriyyətinin rəsmi yayım orqanı olan “Şərqi Türküstan həyatı” qəzeti İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” kəlamını deviz olaraq seçmişdi.

Lakin çin dövləti 1934-cü ilin 6 fevralında rus ordusunun yardımı ilə bu dövlətin varlığına son qoydu. Bundan sonra Doğu Türküstan 10 il çin işğalı altında qaldı.

Doğu Türküstan Cümhuriyyəti

1940-cı illərdən başlayaraq Doğu Türküstan türkləri baxımsızlıq uğrunda yenidən ayağa qalxmışdılar. özəl haqqları uğrunda savaşa qalxan uyğurlar 1944-cü ildə Doğu Türküstan Cümhuriyyətini qurdular. Lakin bu dövlət də çox yaşamadı. 1949-cu ildə Maonun rəhbərliyi ilə hakimiyyətə gələn çin Kommunist Partiyası elə həmin il Rusiyanın hərbi dəstəyi ilə Doğu Türküstanı işğal etdi. 1949-cu ildən bəri ötən 66 il ərzində doğu Türküstan türkləri dəfələrlə baxımsızlıqlarını bərpa etmək üçün ayağa qalxsalar da, bu istəklərinə nail ola bilmədilər. Həmin ildən bu günə qədər Doğu Türküstan çin işğalı altındadı. Keçən müddət ərzində xalqının özgürlüyü uğrunda savaşa qalxan on minlərlə uyğur vəhşicəsinə qətlə yetirildi. Hazırda uyğurların dünya ölkələrində fəaliyyət göstərən onlarla təşkilatı Doğu Türküstanın yenidən öz bağımsızlığına qovuşması üçün uğurlu fəaliyyət göstərməkdədi.

Xarəzm Sovet Xalq Cümhuriyyəti

26 aprel 1920-ci ildə qurulmuşdu. Həmin gün Birinci Xarəzmşah Qurultayında elan olunmuşdu. Bir neçə il baxımsızlığını qoruyub saxlaya bilmişdi. 1923-cü ilin 20 oktyabrında adı dəyişdirilərək Xarəzm Sosialist Sovet Respublikası ilə əvəz edildi. 1924-cü ildə Respublikanın varlığına son qoyuldu. Həmin il bu dövlət Rusiya tərəfindən ləğv edilərək, əraziləri özbəkistan, Türkmənistan və Qaraqalpaq muxtar vilayətləri arasında bölüşdürüldü.

Paytaxtı Hivə olan bu dövlətin dili cağatay dili idi.

Tannu Tuva Xalq Cümhuriyyəti

Tuva əraziləri 1914-cü ildə Rusiya tərəfindən işğal edilmişdi. Buna baxmayaraq, burada yaşayan türk boyları 1921-ci ildə Tannu Tuva Xalq Cümhuriyyətini qurmağı bacarmışdılar. 1926-cı ildə baxımsızlığı Rusiya və Monqolstan tərəfindən də tanınmışdı. Həmin ildən dövlətin adı Tuva Xalq Respublikası olmuşdu. Paytaxtı Kızıl şəhəri idi. Sahəsi 170,5 min kvadrat kilometr, əhalisi 100 min nəfərə yaxın idi. Tuva Respublikasının qurulduğu ilk illərdə Orxon əlifbasından istifadə olunurdu. 1928-ci ildə Türkiyənin, 1929-cu ildə Azərbaycanın latın əlifbasına keçidindən sonra Tuva Respublikası da latın əlifbasından istifadə etməyə başladı.

Bu dövlət də 17 avqust 1944-cü ildə Rusiya tərəfindən işğal edilmişdi və Rusiya torpaqlarına qatılmışdı. 1965-ci ildə Tuva Xalq Cümhuriyyətinin ərazisində Rusiyaya bağlı olan Tuva Muxtar Respublikası yaradılır.

Xatay Respublikası

1938-ci ildə qurulmuşdu və cəmi 1 il mövcud olmuşdu. 1939-cu ildə Xatay Dövlət Millət Məclisinin bir çox üzvlərinin istəyi və çalışması ilə Türkiyə dövlətinin tərkibinə daxil olmuşdu. Paytaxtı Antakya olan bu dövlətin sahəsi 4700 kvadrat kilometr idi.

Kırım Xalq Respublikası

26 dekabr 1917-ci ildə Kırım Tatar Milli Qurultayı tərəfindən elan edilmişdi. Cəmi 2 ay yaşamışdı. 23 fevral 1918-ci ildə süquta uğramışdı.

Respublikanın paytaxtı Bağçasaray, dili Kırım türkcəsi idi. Sahəsi 26860 kvadrat kilometr olan bu dövlətin 750 minə yaxın əhalisi vardı.

Rusiya tərəfindən baxımsızlığı tanınmayan Kırım Xalq Respublikası yarandığı gündən imperialist güclərə qarşı savaşmalı olmuşdu. 1918-ci ilin fevral ayında on minlərlə bolşevik ordusu Kırıma hücuma keçmişdi. Cəmi 3 minlik ordu ilə savaşan Kırım Xalq Respublikası məğlub olmuşdu. Respublikanın qurucusu olan Numan çələbicixan 23 fevral 1918-ci ildə Akyar şəhərində edam edildi.

Azadıstan

Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Azərbaycanın güney hissəsində qurulmuşdu. 1920-ci ilin iyun ayının 23-də qurulan bu dövlət cəmi 3 ay yaşamışdı. Bu dövlət Güney Azərbaycan tarixində ilk demokratik quruluş idi. Azərbaycan ərazisində qurulmasına baxmayaraq, 1920-ci ildə Azərbaycan Demokrat Firqəsinin Təbrizdə keçirilən mitinqində səslənən təkliflərə əsasən Azadıstan adlanmışdı. ölkənin adının Azadıstan olmasını təklif edənlər bunu “Azərbaycanın azadlıq uğrunda gedən mübarizlərdə daim öndə olması” ilə əlaqələndirmişdilər. Azadıstanın pataxtı Təbriz, dövlət dili həm Azərbaycan türkcəsi, həm də fars dili idi.

1920-ci ilin sentyabrında hərbi gücün müdaxiəsi ilə Azadıstan ləğv edildi. Həmin il sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani öldürüldü.

Azərbaycan Milli Hökuməti

1945-ci ilin noyabrında Azərbaycanın güneyində qurulmuş, cəmi bir il mövcud olmuşdu. 21 Azər hərəkatı kimi tarixə düşən bu dönəm güney Azərbaycan türklərinin həyatında misilsiz rol oynadı. Hökumətin başçısı Seyi
d Cəfər Pişəvəri, paytaxtı Təbriz şəhəri idi. Hökumətin gərgin çalışmaları sonucunda qısa müddət ərzində torpaq islahatları həyata keçirildi, rüşvətə qarşı uğurlu mübarizə aparıldı, sosial sahədə əhəmiyyətli işlər görüldü və milli ordu yaradıldı.

Həmin dönəmdə Azərbaycanın quzeyində mövcud olan Azərbaycan Respublikasından çoxsaylı ədiblərin və ziyalıların güneyə getməsi sonucunda az vaxt ərzində burada ictimai, ədəbi və mədəni sahədə ciddi irəliləyişlər əldə edilmişdi.

Hökumətin qurulmasından cəmi bir il sonra İran fars rejimi tərəfindən süquta uğradılması bütün bu işləri yarımçıq qoydu. Hökumətin qurucusu Seyid Cəfər Pişəvəri 1947-ci ilin iyul ayının 11-də müəmmalı şəkildə öldü. Hökumətin baş prokuroru Firudin İbrahimi edam edildi, maarif naziri Məhəmməd Biriya öncə həbs edildi, sonra isə sürgünə göndərildi.

Namiq Hacıheydərli





Yuxarı Əvvələ Ana Səhifə