XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

07 Sentyabr 2016 - 17:11

Naxçıvan memarlığı:Tarixiliklə müasirliyin vəhdəti

rasulova-1

Ruhiyyə RƏSULOVA

Naxçıvan televiziyasının baş redaktoru

 

Naxçıvan Muxtar Respublikası tarixi-memarlıq abidələri ilə zəngin diyardır. Burada aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanmış daş və dəmir dövrünün abidələri, mükəmməl sənətkarlıq nümunələri kimi diqqəti cəlb edən boyalı qablar, xalq sənətkarlığının inkişaf etmiş və dövrümüzə qədər gəlib çatmış digər sahələri Naxçıvanın ilkin şəhər mədəniyyətindən xəbər verir. Azərbaycanda Eneolit, Kür-Araz və boyalı qablar mədəniyyətinin əsas ocaqları Naxçıvandadır. Bu, bir daha sübut edir ki, minilliklər boyu Naxçıvan ərazisində ardıcıl və intensiv həyat olmuş, eradan əvvəl V-III minilliklərdə burada məskunlaşmış insanların iqtisadi, ictimai və mədəni həyatında ciddi dəyişikliklər baş vermiş, iri tayfa ittifaqları meydana gəlmiş, Naxçıvan şəhəri yaranmışdır.

Naxçıvan həm də müqəddəs torpaqdır. Daş dövrü abidələri içərisində ən məşhuru Əshabi-Kəhfdir. Eradan əvvəl III minilliyə aid edilən, xalqımızın bir sıra inamlarını özündə yaşadan Əshabi-Kəhf barədə “Quran”da ayrıca surənin olması onun müqəddəsliyinin təsdiqidir. Naxçıvan torpağının müqəddəs olmasını sübut edən digər fakt isə bəşəriyyətin ikinci atası sayılan həzrəti Nuh peyğəmbər və dünya tufanının bu diyarla bağlı olmasıdır. Qədim yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmışdır.

Naxçıvan qədim və orta əsr memarlıq abidələri ilə də zəngindir. XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmış, Azərbaycan memarlığının özünəməxsus orijinal sənət  üslubu yaranmışdır. Bu üslub sonralar geniş yayılaraq “Naxçıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olmuşdur. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani kimi dahi memarlar, sənətkarlar vermişdir. Bu dövrdə həndəsə və riyaziyyat elmləri də yüksək dərəcədə inkişaf etdiyindən bu elmi bilik və vərdişlərin tətbiq olunduğu sahələrdən biri də memarlıq olub.     

Tədqiqatçıların fikrinə görə, XII əsrdə Azərbaycan intibahı özünü iki zirvədə xüsusilə göstərə bilib: ədəbiyyat sahəsində və memarlıqda. Böyük rus şərqşünası Yevgeni Bertelsin belə bir fikri var: ”Əgər dünyanın bütün dövrlərində yaşamış şairlərini bir cərgəyə düzmək lazım gəlsə, mən birinci yeri tərəddüd etmədən Nizami Gəncəviyə verərdim”. Sənətşünaslar isə belə deyirlər: “Dahi Nizami poeziyada hansı zirvəni fəth edə bilmişdirsə, Naxçıvan memarlıq məktəbi öz sahəsində Nizami zirvəsinə qalxmışdır”. Naxçıvan memarlıq məktəbi öz dövrünün ən yüksək nailiyyəti olmaq etibarı ilə Azərbaycan mədəniyyətinin qızıl fonduna daxil olub. O, türk, ərəb, səlcuq memarlıq xüsusiyyətlərinin əsas cizgilərini özündə birləşdirərək heç bir mədəniyyəti təkrar etməyib.

momunexatin-11

Uzunömürlülüyü, mühəndis həllinin bitkinliyini özündə nümayiş etdirən, hələ XII əsrdə qadının şərəfinə ucaldılmış memar Əcəminin şah əsəri Mömünə xatun türbəsi  9 əsrdir ki, zamanın sərt sınaqlarına sinə gərərək dövrümüzə qədər gəlib çatmışdır. Bu abidə Azərbaycan Atabəylər dövlətinin banisi olan Şəmsəddin Eldənizin arvadı Mömünə xatunun şərəfinə ucaldılıb. Abidənin baş tağında kufi xətlə yazılan bu sözlər də insanları xeyirxah əməllərə səsləyir: “Biz gedirik ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Bəli, ulularımız neçə-neçə belə əsərlər yaratmaqla tək memarlıq zənginliyini deyil, həm də yaşadıqları dövrdə dövlətçiliyin nə qədər zəngin olduğunu nümayiş etdirmiş, yurda bağlılıqlarının sübutu kimi belə abidələrə  Azərbaycançılıq möhürünü vurmuşlar.

sherqhamami-1

Qədim dövrlərə və orta əsrlərə aid yaşayış məskənlərinin, siklop tikililərin, qalaların, istehkamların, memarlıq abidələrinin əsas cəhəti inşaat materiallarının və tikinti texnikasının zənginliyi ilə diqqəti cəlb etməsidir.  Belə abidələr siyahısına, həmçinin XII əsrə aid Gülüstan türbəsini, XII-XIV əsrlərə aid Qarabağlar türbə kompleksini, XIII-XV əsrlərə aid Xanəgah abidələr kompleksini, XVI əsrə aid Buzxana abidəsini, XVIII əsrə aid İmamzadə kompleksini, XVIII-XIX əsrlərə aid Şərq hamamını, XIX əsrə aid Cümə məscidini, qədim kəhrizləri və daha sadalamadığımız neçə-neçə tarixi memarlıq abidələrini daxil edə bilərik.

gülüstantürbəsi

Sadaladıqca bitməyən, hər biri özündə zəngin memarlıq ənənələrini və tarixin izlərini yaşadan bu sənət inciləri Naxçıvan ərazisinə gəlmiş Övliya Çələbi, Tavariye, Şarden, Dübua de Monpere, Moryer, Robert Ker Perter kimi Şərq və Avropa tarixçilərini, coğrafiyaşünaslarını, səyyahları, missionerləri də heyrətləndirmişdir. Məşhur sənətşünas M.V Alpatov yazırdı ki, Firdovsi və Nizami kimi Şərqin ölməz klassiklərinin əsərlərində duyduğumuz bəşəri təravəti biz Naxçıvan abidələrində görürük. Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvan diyarını “İkinci Altay” adlandırmışdır.

Naxçıvan memarlıq məktəbinin digər istiqamətlərindən biri də tarixən burada ucaldılmış qalalardır. Qalalar müdafiə tikililəri olmaqla yanaşı, həm də şəhərsalma mədəniyyətinin mühüm elementi kimi də böyük dəyərə malikdir. Bu gün muxtar respublika ərazisindəki Oğlanqala, Çalxanqala, Əlincə qalası, Naxçıvanqala kimi memarlıq abidələri təkcə xalqımızın zəngin və çoxəsrlik dövlətçilik ənənələrini yox, həm də qədim şəhərsalma mədəniyyətini günümüzə qədər gətirib çıxartmışdır.

qala1

Naxçıvan ərazisində mövcud 1200-dən artıq tarix və mədəniyyət abidəsi öyrənilərək pasportlaşdırılmışdır. Onların 500-dən çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Son illər “Xan sarayı” Dövlət Tarix-Memarlıq muzeyi fəaliyyətə başlamış, Naxçıvanqalada yenidənqurma və bərpa işləri aparılmış, Naxçıvanın memarlıq və qəhrəmanlıq tarixində mühüm yer tutan, əyilməzlik simvolu – Əlincəqalada  və Gülüstan türbəsində bərpa işləri başa çatdırılmış, onlarla muzey yaradılmış, muzey binaları orijinal memarlıq həllinə görə seçilmişdir. Abadlıq və quruculuq işlərinin müasir və milli memarlıq elementləri əsasında aparılması və bu qədim diyarın  tarixiliyinin qorunması, tikinti və bərpa işlərinin həm də elmi və yaradıcı şəkildə icrasını təsdiqləyir.

Yurda, elə-obaya bağlılıq, iqtisadi güc, ictimai-siyasi sabitlik, möhkəm təməllər üzərində qurulan dövlətçilik ənənələri müasir dövrdə Naxçıvanın memarlıq ansamblına yeni çalarların əlavə olunmasına zəmin yaradıb. Nəzərə alsaq ki, hər ötən gün tarixə çevrilir, o zaman müasir dövrümüzdə inşa olunan binaların özlüyündə bir memarlıq nişanəsi olduğunu qeyd etməliyik. Muxtar respublikada geniş vüsət alan quruculuq işləri bu diyarın memarlıq tarixinə yeni səhifələr yazır.  Müstəqillik illərində təkcə  paytaxt Naxçıvan şəhərində deyil, bölgələrdə də yeni yollar, körpülər, yüzlərlə idman, mədəniyyət, təhsil və səhiyyə obyektləri, kənd və qəsəbələr   salınmış, müasir  infrastruktur  formalaşdırılmış, dünya memarlığının  ən yeni nailiyyətləri qədim Şərq memarlığı ilə üzvi surətdə sintez olunaraq gözəl binalar inşa edilmişdir.   

Naxçıvanın tarixində bu günə qədər olmayan uca, çoxmərtəbəli binalar inşa olunur, yeraltı və yerüstü piyada keçidləri salınır, müasir tələblərə cavab verməyən yaşayış binaları yeni üslubda dizayn olunur və ən əsası milli ornamentlər bu binalarda öz əksini tapır. Necə ki, ulularımız tarixi abidələri yaratmaqla azərbaycançılıq möhürünü bu torpağa vurublar, bu gün də bu ənənə tikilən hər bina üçün xarakterikdir. Bir sözlə, Şərq-Qərb ənənələrini özündə birləşdirən müasir memarlıqda  millilik amili üstün prinsip kimi götürülür.

huseyncavid-1

Artıq Naxçıvanda müasir memarlığın ən yaxşı ənənələri ilə tarixi memarlığın sintezini özündə əks etdirən memarlıq məktəbi təşəkkül tapmışdır. Öz sələflərinin zəngin ənənələrini ləyaqətlə davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə bu gün də dəyərli sənət nümunələri yaradırlar. Bununla da, gələcək nəsillər üçün şanlı tarix yazılır. Bu tarixin səhifələrində torpağa məhəbbət, dövlətçiliyə sədaqət hissi, milli dəyərlərə bağlılıq, iqtisadi inkişaf və sosial rifah yer alır. Günü-gündən artmaqda olan fərdi yaşayış evlərinin də müasir memarlıq üslubunda inşa olunması artıq bir ənənə halını alıb. İnşa olunan yaraşıqlı evlər Naxçıvanın  memarlıq baxımından cəlbedici məkana çevrilməsini daha da sürətləndirir.

Yeni yaradılan ünvanlar – Bayraq Meydanı, Saat meydanı, ticarət mərkəzləri, park və xiyabanlar, geniş yollar, yaşayış binaları, saatların və elektron reklam konstruksiyaların quraşdırılması həm məkan seçimi baxımından, həm də tikinti arxitekturası baxımından tarixən bu torpaqda mövcud olmuş memarlıq ənənələrinin inkişafından xəbər verir. Tarixi abidələrlə yeni üslubda inşa olunan binalar bir-birini tamamlayır. Bir sözlə, Naxçıvan tarixiliklə müasirliyin vəhdətində çulğalaşır. Bu da  öz növbəsində turizmin inkişafını şərtləndirir.

bayraqmeydani-2

Muxtar respublikanın iqtisadi potensialını göstərən ən mühüm cəhət isə müasir memarlığın ən yeni nailiyyətlərinə əsaslanan tikililərdə yerli inşaat materiallarından istifadə olunmasıdır. İndi qədim diyarda sement, kərpic, travertin, mərmər və üzlük plitələr, dam örtükləri, dəmir-beton bloklar, su boruları, qapı və pəncərələr, penoplast lövhələr və digər yüzlərlə bu kimi tikinti materialları istehsal olunur. Bu isə öz növbəsində imkan verir ki, ən ucqar dağ kəndlərində belə inşa olunan obyektlərə keyfiyyətli  tikinti materialları vaxtlı-vaxtında çatdırılsın. Muxtar respublikada memarlığın inkişafını göstərən digər faktor isə salınan binaların ilbəil daha modern üslubda  inşa olunması, hər bir bölgənin coğrafi və iqlim şəraitinin nəzərə alınması,  şəhərsalmanın və memarlıq mədəniyyətinin ən son nailiyyətlərinin düşünülmüş şəkildə tətbiqidir.

Qazanılan nailiyyətlərin nəticəsi olaraq Böyük İpək Yolunun üzərində yerləşən və Şərqin qapısı adlandırılan Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 

Naxçıvan şəhərinin mərkəzi küçələrinin birində, Mömünə Xatun türbəsinə yaxın bir ərazidə memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin abidəsi ucaldılıb. Naxçıvan memarlıq məktəbinin banisi indi sevimli yurdunun – ulu Naxçıvanın müasir inkişafına şahidlik edir. Bu gün Naxçıvan öz tarixiliyini saxlamaqla modern inkişaf yolunda qətiyyətlə addımlayır.

naxchivan-sheher-2

herbi-01