XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

22 Avqust 2018 - 08:15

Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO

 “Borçalı toplumunu hakimiyyətlərin yedəyindən azad etməliyik”

 

Azərbaycanın siyasi mühitinin zaman-zaman önəmli simalarından olub Zəlimxan Məmmədli. Onunla “Qaynar Qazan”da müsahibəyə qərar verəndə bu haqda danışmayacağını təxmin etmişdim amma. Nədən ki, Zəlimxan bəy xeyli zamandır ictimai fəaliyyətlə məşğul olur və bu səbəbdən siyasətdən ayrılıb. Onun gündəmi son illər “Borçalı” Cəmiyyətidir. Borçalı ilə yatır, Borçalı ilə qalxır. Vətənin Gürcüstanda qalan hissəsi kimi Borçalı əslində, yer üzündə yaşayan bütün Azərbaycan türklərinin və azərbaycanlıların əsas məsələlərindən biridir, biri olmalıdır. Nədən ki, biz pəndəmliklərimiz ucbatından qədim torpaqlarımız olan Dəmirqapı Dərbəndi, Ulu Göyçəni, Zəngəzuru, Qarabağı və daha necə müqəddəs torpaqlarımızı itirmişik. O mənada Borçalı bizim – bizim olan sonuncu müqəddəs torpağımızdır – Dəmirqapı Dərbənd kimi, Ulu Göyçə kimi, Zəngəzur kimi, Qarabağ kimi.

Artıq illərdir ki, siyasətin dolambaclı yollarından keçən Zəlimxan bəy bu qutlu mübarizənin içindədir. Qafqazın ən “yaramaz cocuqlarından” biri ilə – gürcülərlə savaş verir. Maraqlıdır ki, nə qədər qanunlara riayət edir, nə qədər gürcülərlə yaxınlaşmağa çalışır, nə qədər gürcülərin dövlətini də özünün dövləti bilirsə, o qədər də gürcülər tərəfindən itələnir, dışlanır və kənarlaşdırılmağa çalışılır. Ona görə ki, gürcülər onun kim olduğunu yaxşı bilirlər – hətta özümüzünkülərin bilmədiyi qədər. Onun necə milliyyətçi olduğunu, ürəyinin Azərbaycan və türk milləti üçün necə döyündüyünü gürcülər bilir və qiymətləndirir. Ona görədir ki, millətin bağrından süzülən “Elat” bayramı qadağan olundu və onun əvəzinə törəmə və qurama bir bayram çıxardılar. Sonra da ürəkləri soyumadı – Zəlimxan Məmmədlini Gürcüstana buraxmadılar – min bir bəhanə gətirərək. Beləcə, illərdir aparılan “gürcü-Borçalı” dostluğu ən azı birinci mərhələdə gözlənilən nəticəni vermədi.

Zəlimxan Məmmədli ilə həm də bu məsələlərdən danışdıq. O, siyasətlə o qədər içli-dışlı deyil, bir az məsafəlidir. Elə siyasətdən gedişi də asan olmamışdı. Hətta bir ara adama elə gəlirdi ki, Zəlimxan bəy siyasətdən bir az da zorən göndərildi ictimai işlərə. Bunu özü də təsdiqləyir bir növ. Məxsusən Əbülfəz Elçibəyin son günlərində mətbuat sözcüsü o idi. Elçibəy orada can çəkişəndə burada “bu gün-sabah gələcək” təranələri quraşdırılırdı və o bəyanatların çoxu Zəlimxan Məmmədlinin ağzından səslənirdi. O sualları da verdim və maraqlı cavab aldım – təbii ki, məncə səmimi olmadı o cavablar…

“Qaynar Qazan”da Zəlimxan Məmmədli ilə çox məsələlərdən danışdıq. Borçalı dərdindən, borçalıların Zəlimxan bəyə qarşı qaldırdıqları “qiyam”dan, “Elat” bayramından və siyasətdən. Amma saat yarımlıq söhbətin sonuna gələndə məlum oldu ki, tamamilə yeni və daha maraqlı bir mövzu başladı. Zəlimxan Məmmədli təmsil olunduğu və Xətai rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini daşıdığı Elçibəy hökumətinin zamanında qarşılaşdığı sabotajlardan, çörək qıtlığından və çörəyi dənizə tökənlərdən danışanda qərara gəldik ki, onu bir də “Azadlıq salnaməsi”ndə danışdırmaq lazımdır. Milli hökumətin işbaşından getməsi də gəlməsi kimi tarixi problemlərlə dolu olub. Aman Tanrım, bu milləti hökumətinə qarşı qaldırmaq üçün çörəyi dənizə tökən yaramazlar olub – bir düşünün.

Zəlimxan Məmmədli ilə söhbətimizin ən maraqlı məqamlarından biri də tarixi abidələr olan Şah İsmayıl Xətainin və Xocalı harayını əks etdirən “Ana” abidəsi oldu. Zəlimxan bəy planlarında olan Bakıdan bir az danışdı: Babək prospekti də AXC hökuməti dövründə açılıb. Xətai heykəlinin qarşısı böyük bir xiyaban olacaqmış və bu xiyaban “Ana harayı” abidəsinə qədər uzanacaqmış. Babək prospektinin Nizami rayonu ilə kəsişdiyi nöqtədə – indiki Ukrayna dairəsinin üstündəki Heydər Əliyev parkının yerində əzəmətli “Koroğlu-Çənlibel” abidə kompleksi qoyulacaqmış. Hündürlüyü 77 metr olacaq abidə kompleksi “7777 dəli” formasında olacaqmış. Və sair və ilaxır. Milli hökumətin və milli düşüncənin hər anı və məqamı gözəldir. Bir anlıq xəyalı belə adamı götürüb haralara aparır – neftdən gələn bu milyardlar millətin özünün qurduğu hökumətə qismət olsaydı, bu pullara milləti, onun gələcəyini düşünən sağlam insanlar hökm etsəydi, indi haralarda olardıq! Düşüncəsi belə insanı həyəcanlandırır – mən Zəlimxan Məmmədli ilə danışanda və onların gələcək planlarının cüzi bir hissəsi ilə tanış olanda o həyəcanı yaşadım. Tələbəlik illəri yadıma düşdü – biz o düşüncə və xəyallarla yaşayır, oxuyurduq. Biz bir dünya dövləti qurmaq istəyirdik. Quracaqdıq. Quracağıq.

Bu düşüncələr içərisində “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə “Qaynar Qazan”da müsahibəmizin 1-ci hissəsini yayınlayırıq. Zəlimxan Məmmədli təpədən-dırnağa milli adamdır, millətin adamıdır. Şah İsmayıl abidəsinin, Xocalı faciəsini əks etdirən “Ana harayı” abidəsinin müəllifidir – bu abidələr onun başçılığında qoyulub. Tarixi məsələmiz olan Borçalı məsələsinin yükünü bu gün o çəkir – ən qutlu dərd millətin çəkilən dərdidir. Bu gün Borçalı dərdi onun çiyinlərindədir. “Elat” duyğusunu minilliklərin o tayından günümüzə qədər dartıb gətirən və millətin həyəcanverici duyğularını qabardan odur. Qısaca olaraq onun dərdinə şərik olmaq istədik “Qaynar Qazan”da. Buyurun, dinləyin…

Əvəz Zeynallı

“Qaynar Qazan”

III sonuncu hissə 

 

Siyasətdə boğuşmalar olmasa, inkişaf da olmaz

– Tural Əliyevin bir sualı da var: “Dini görüşünüzü öz dilinizdən eşitmək istəyərdim.”

– Yəni orada da şübhə edənlər var. Rəqiblərim mənim kimliyimi şübhə altına salan yazılar yazdırdılar, ailəmə müdaxilə etdilər. Özü də kimlər yazdırdılar, bilirsənmi, bəy, əlim cibində olanlar. Bir əlim ciblərində idi ki, uşaqsınız, öyrənin, gedib Allah qoymasa oralarda qəzet buraxacaqsınız. Onlar da gəlib böyrümə soxdular xəncəri. Mən təbii ki, müsəlmanam. Amma məzhəb ayrımçılığı mənlik deyil. Borçalılar sünnidir, amma mən Kərbəlada İmam Hüseyni ziyarət eləmişəm. Mənim üçün din yolunda fədakarlıq edən Əli də, Ömər də, Hüseyn də fədakar nəhənglərdir, yaşamış insanlardır, mif deyillər. Ona görə də hətta Əjdər Tağızadə məni topa tutdu. “Bunun nə işi var orada?” deyə. Bunlar çox primitiv düşüncələrdir. Mən Kərbəlada olduğum üçün mənə “Kərbəlayi” deyirlər. Dedim ki, mənim adımın böyrünə heç nə qoşmayın…

Atamın adını de, Zəlimxan adı qoyub. Sabah Həcc ziyarətinə gedərəm, “Hacı Zəlimxan” deyilməsini istəmərəm. Niyə görə? Mən bir dini ritualı yerinə yetirirəm, amma o, mənim üstümdə bir yük olub məni basmalı, ya da məni qaldırmalı, yüksəltməli deyil. Mən ibadətimi minnət qoymadan edərəm. Mən ibadətimlə reklam etmərəm. Mən əməlisaleh düşüncəmi, fikrimi edərəm, çalışaram ki, sənə salamı yaxşı verim, dostluğu yaxşı edim. Mirmahmud Mirəlioğlunu ələşdirə də bilərəm, sədaqətli olub partiyasının xəttinə. Deyirlər ki, hələ orada qalmısan. Niyə qalmayım ki, nə baş verib ki? Siyasətdə boğuşmalar olmasa, inkişaf da olmaz. Mən müsəlmanam, özü də məzhəbüstü düşüncəyə malik bir müsəlmanam. Məzhəb bölücülüyünü Azərbaycana, İslam dünyasına elə salıblar ki… Üç böyük sütunu var İslamın – Səudiyyə vəhhabilərdir, İran şiələr, Türkiyə isə sünnilər. Bunlar üçü də İslam dinindən danışır. Bizə düşmən lazım deyil, bunlar bir-birinə bəs edirlər.

– Əjdər Tağızadədən danışın…

– Yox, ondan danışmaq istəmirəm.

– Onunla məsələniz bitdimi?

– Vallah, niyə qurtarmasın ki. Əjdər Tağızadə ilə aramızda nə olmuşdu ki? Bir məsələmiz də yoxdur axı.

– DAK-da (Dünya Azərbaycanlıları Konqresi) deyəsən var idi?

– DAK-da da Sabir Rüstəmxanlı ilə bir yerdə olublar, bir yerdə gedib-gəliblər.

– Yaxşı da dost olublar.

– Qardaş olublar, həm də ailəvi. Amma birdən-birə də adamı qurşaqdan aşağı vurmaq olmaz. Mənim ən yaxın dostumdan içki məclisində bir söz alıb, mənə qarşı çeviriblər. Onun anası mənim qarşıma çay qoyub. Nə baş vermişdi? Əslində, heç nə baş verməmişdi. Mən 2012-ci ildə DAK-a gələndən sonra bəzi şeylər gördüm. Allah işini avand eləsin, hər halda bizim aramızda heç nə baş verməyib. Sonra bir məhkəmə iddiası məsələsi olub. O məhkəmə iddiasını da mən durdurmuşam. İddia var idi, dedim, qəti olmaz. Ortada Güney davası varsa – kimsə, ya o, ya da biz haqlı, ya da haqsız ola bilərik, biz onu məhkəməyə daşıya bilmərik. Dedi, halal xoşu olsun. Bir zaman gələr, yenidən çayı keçəndə görüşərik. Yəni itələyib çaya salmaq olmaz.

 

Hara baxırsan od püskürür

 

– Rəşad Qədirli soruşur: “Elçibəy iqtidarında İcra başçısı, partiyada rəhmətlik Elçibəyin müavini kimi postları məşğul etmiş Zəlimxan bəyin “fəaliyyəti” ölkə gündəminə, siyasi proseslərin dinamikasına nəinki adekvat deyil, bu yöndə ümumiyyətlə fəallığın özü yoxdur.”

– Tamamilə doğrudur. Bilirsən, hara baxırsan od püskürür. Biz kənarda olan azərbaycanlılara Azərbaycan iqtidarının yedəyi kimi baxmamalıyıq. Yəni onları elə tərbiyə eləməli deyilik. Mən onda bir ifadə işlətdim – Cəmil Həsənlinin seçkilərində – “Borçalı” Cəmiyyəti siyasətdə iştirak eləmir. Amma “Borçalı” Cəmiyyəti məndən öncə zaman-zaman bəyanatlar verib ki, filankəsi dəstəkləyirik. Borçalıya bunların dəxli olmayıb. Əksinə, Borçalının vəziyyəti daha da ağırlaşıb. Onu dağıtmaq lazım idi. Təcrübəm deyir ki, biz bu toplumu hakimiyyətlərin yedəyindən azad etməliyik. Ona görə ki, onlar orada vətəndaşdırlar, onların da hakimiyyəti var və qoy o hakimiyyətin qurulmasında iştirak eləsinlər. Bir neçə hədəfli bir şey idi bunlar. Yəni nə qədər bura bağlayırsan, oradan uzaqlaşır, orada da gəlib yemini əlindən alıb yeyirlər. İkinci bir tərəfdən, vətəndaş hüququnu da heç kim əlindən ala bilməz. Cəmil Həsənli namizədliyini verəndə mən dedim, İlham Əliyev Qarabağ problemini həll edə bilsəydi, mən ona məmnuniyyətlə səs verərdim. O zaman belə bir bəyanatım oldu. Mən vətəndaşam, seçmə hüququm var. Demişdim ki, mən Cəmil Həsənliyə səs verəcəm. Niyə? Ki, onu tanıyıram, aramızda dostluq münasibətləri var, əqidəsinə bələdəm – belə bir açıqlamam oldu. Mənə arqumentləri qurtaranda o yada düşür, yəni əskimiz tüstülüdür. Təbii ki, aktiv siyasi fəaliyyətlə bu cür strateji əhəmiyyətli bir layihədə iştirak etmək uyuşmaz, qətiyyən uyuşmaz. Ona görə ki, hər iki tərəfi zərbə altında qoya bilərsən. O baxımdan, mən Ali Məclisin sədrliyindən getdim. Ağa ilə üzbəüz oturduq. Ağa, burada bir şeylər var ki, mən onu etsəm, sənin partiyana ziyan dəyə bilər. Orada məni hədəf götürənlər vardı, indi özləri pis vəziyyətə düşüblər. Onlardan da partiyaya ziyan gələ bilər deyə, mən Ali Məclisdən istefa verdim. Özüm də bilirdim ki, gözəl yerə getmirəm, çox ağır, məhrumiyyətlərlə dolu bir yerə gedirəm. Oturduq, əl-ələ verdik, görüşdük, ayrıldıq. Ağanın özü də o hərəkətimə görə təşəkkür elədi ki, sənin bəzi hərəkətlərin var ki, yaxşı mənada adamı təəccübləndirir. O zaman məni hədəf götürənlər, indi partiyada problem mənbəyinə çevriliblər. Onları da zaman həll edər. O baxımdan, mənim aktiv siyasi fəaliyyətlə məşğul olmamağımı mənə irad tutanlar, sosial şəbəkələrdə tənqid etməməyimi, asıb-kəsməməyimi gözləyənlərdir. Bir az ağıllı adam bu cür düşünməz. Doğrudanmı, Elçibəy, Məhəmməd Əmin Rəsulzadə bizə bunları öyrədib? Sosial şəbəkə ona görədirmi ki, orada oturub həm passivləşəsən, həm də ələşdirəsən, evini yıxasan. İlham Əliyev kimi oturuşmuş, artıq oturuşmuş – İlham Əliyev 2003-cü ildəki İlham Əliyev deyil – bir adamla bu metodlarla, daş atmaqla, “raqatka” ilə mübarizə aparmaq olmaz. Tam fərqlidir…

Mən yenə siyasətə qarışmaq istəmirəm. Əvəz bəy, günümüzün gerçəkliyi var ki, “Borçalı” Cəmiyyətinin sədri olmağın bir həqiqəti var, o həqiqəti deməyə məni yasaqlayıblar. Mən o həqiqəti zaman-zaman deyirəm. Mənim İlham Əliyevə çox sərt açıq məktublarım olub. Bəzən təəccübləniblər ki, bu, necə olur? Qardaşım, mən vətəndaşam, vətəndaş kimi görürəm ki, mənim mindiyim bir gəmi batır. O, təkcə mənim gəmim deyil, Azərbaycan gəmisi batır. Onda dururam, bir gün içində hər şeyi buraxaram, səngərə gedərəm. Amma dəyişən nədir? Geosiyasi mənzərədə elə şeylər var ki, baxırsan ki, sənsiz də, mənsiz də bu gəmini sürənlər var. Pis sürür, qayaya vurur, aysberqlə toqquşdurur, birdən batır, birdən çıxır, birdən üzür – amma hər halda varımızdır. Pis-yaxşı bir alaq otu basan bostanımız olsa da, varımızdır da, bostan bizimdir. Bir az baxsaq, nəsə ola bilər. O baxımdan, ictimai fəaliyyət aktiv siyasi fəaliyyəti məhdudlaşdırdığı üçün yəqin ki, o münbit şərait yetişərsə, xəyalımda tutduğum bir zaman gələrsə, aktiv siyasi gəlişmə də ola bilər.

– Bir mövzu ilə bitirmək istəyirəm müsahibəmizi. Şah İsmayıl Xətainin və “Xocalı harayı” abidəsinin müəllifi sizsiniz. Bu abidələr sizin dövrünüzdə qoyulub. “Elat” bayramı da sizin layihənizdir. İllər keçib aradan. Bu layihələrin hansı daha yaddaqalan, hansı daha əzizdir sizin üçün? Şah İsmayıl Xətainin abidəsinin yeri çox uğursuzdur, bilmirəm, o zaman oranı niyə seçmişdiniz?

– O zaman orada yol tamam başqa cür idi, infrastruktur proyekti tam fərqli idi. Elbəy Qasımzadə ilə birlikdə işləmişik bu layihələri. Bura başdan-ayağa böyük bir prospekt olmalı idi. “Xocalı harayı” abidəsindən bura – Şah İsmayıl Xətainin heykəlinə qədər “Danışan şəhər” olmalı idi. Qarabağdan, işğal tariximizin hər məqamından balaca bir abidə olmalıydı. Layihə elə idi.

– Böyük bir kompleksmi olmalı idi?

– Böyük bir kompleks olmalı idi.

– “Ana” abidəsindən bu yana…

– Bəli, bunlar birləşməli idi. Biz qəhrəmanlıq tariximizin və başımıza gələn faciənin qovuşan yerində uşaqlarımıza milli hissləri aşılamalı idik.

 

“Xocalı” abidəsinin açılışına prezident yox, Arif Hacılı gəldi

– Bir az bu abidələrimizin tarixindən danışa bilərsinizmi? Necə oldu? Necə yarandı? Öz fikriniz idimi? Prezidentlə danışmışdınızmı? Bu layihələri deyəsən, icra başçısı olanda elədiniz, eləmi?

– Bəli, icra hakimiyyətinin başçısı olanda. Xocalı faciəsi baş vermişdi və bizim rayonda Xocalı qaçqınları çox idi. Bir “Xocalı” Cəmiyyəti var idi, onun bir sədri var idi, çox fəal kişi idi, Allah rəhmət eləsin. Nəslindən çox adam qırılmışdı. Onda biz Xocalı şəhidlərinin xatirəsinə bir Xocalı küçəsi yaratdıq. Onlara ayrıca yer verdim. Hələ ki, gücüm buna çatırdı. Həm də biz Xocalı faciəsinin 1 illiyinə “Xocalı abidəsi” yaratmaq istəyirdik. Və o ideyanın eskiz müəllifi mən özüməm. Ananın bir uşağı var və bu uşaq ölüb. Ananın vəziyyətini təsəvvür edirsinizmi? Əsl bir türk anasıdır. Onun hayqırtısı, ekstaza varan etirazı görünürdü, o zaman uşaq ananın əllərinin üstündə idi, qan damırdı əllərindən. Ana da dəli kimi idi – həsrətlə tapdığı uşağı əlindən alıblar. Elə oldu ki, mən bunu xalq tikintisi kimi etmək istədim. Mənim bu ideyadan çox xoşum gəlir və cəmiyyətdə də tətbiq edirəm. Elin təmərküzləşməsi, elin birliyi kimi. Məsələn, rayonun özünün abadlığını mən iməciliklərlə həyata keçirirdim. Bunun kollektivçiliyə mühüm töhfələri olur.

– Siz vəzifəyə dərhal təyin olunmuşdunuz?

– Bir ay müavin oldum, sonra təyin olundum. O zaman bu ideya dəstəkləndi. Arxitertor dedi ki, pul almayacam. Bizim bircə daşa pulumuz çıxdı, vəssalam. Sonra bəlkə 50 dəfə təmir etdilər, mən bizim etdiyimizdən danışıram. O abidə xalq tikintisi olaraq millətin idi və millət Xocalı soyqırımına sahiblənməli, dövlətin büdcəsinə girməməlidir. El elə etdi ki, heç bir problem olmadı. Müxtəlif qurumlar arasında işi bölüşdürdük. 1993-cü il 26 fevralda abidənin açılışını elədik. Rəsmilərdən tədbirdə Arif Hacılı, İsgəndər Həmidov iştirak edirdi. Biz elə etmişdik ki, o həyəcanı hamı görsün. Biz o zaman dedik ki, bir zamanlar buraya siyasi mənsubiyyətindən asılı olmayaraq hamı ziyarətə gələcək və baş əyəcək. Elə də oldu.

– İndi dövlətin əsas ziyarətgahı oradır.

– İkinci tədbirimiz nə idi? Məsələn, deyirlər ki, bizim qəhrəmanlıq tariximiz olmayıb. Ümumiyyətlə, bəzən bizi heç nəyi olmayan millət kimi qələmə verənlər var. Məncə, bu gün Xətaini də ona görə hədəfə alırlar. Sən demə, 3 milyonluq Ermənistanın dövləti varmış, 3-4 milyonluq Gürcüstanın Kartlisi varmış, 50 milyonluq Azərbaycanın heç nəyi yox imiş. Amma bizim böyük dövlətçilik tariximiz olub, biz dövlət quran millət olmuşuq. Biz onu çatdırmaq istəyirdik. Xətainin heykəlinin orada olmasının kökündə də bu düşüncə durur. Hava limanından gələndə hamı onu görürdü. O zaman orada tramvay xətti var idi. Tramvay xətti söküləndə orada böyük bir xiyaban yaranırdı. Küçə də enli idi. Yeraltı keçidlə keçib ziyarət etmək mümkün olacaqdı. Bu Xiyaban böyüyüb Xocalı abidəsi ilə birləşir və vahid bir kompleksə çevrilirdi. Dövlətçilik tariximizin iki düşüncəsi birləşirdi. Fikir verirsinizsə, AMAY-ın binasının yanında Nizaminin “Xəmsə”sini çəkdirmişəm. Mozaika ilə. Onu da mən etmişəm. Düşüncə nə idi? Paralel küçə Fəhlə prospekti idi. Bu prospekt magistral yol olmalı idi. Bütün boş divarlarda qəhrəmanlıq tariximiz, folklorumuz, mədəniyyətimiz, kültürümüzün özəllikləri əksini tapmalı idi. Cocuqlarımız dədələrinə sual verəndə ki, bu nədir, cavabını almalı idilər. Yəni milli ruhla dolu olan nəsil yetişdirməlisən. Nizami rayonu ilə Xətai rayonunu birləşdirən yerdə Babək prospekti keçir. Babək prospektinin ilkin açılışını mən etmişəm.

– Babək prospekti o zaman açıldı?

– Bəli. Babək prospekti ilə Nizami rayonunun birləşən yerində Babəkin möhtəşəm bir abidəsi nəzərdə tutulurdu. Ukrayna dairəsinin ətrafında isə – indiki Heydər Əliyev parkının yerində – böyük bir Çənlibel abidə kompleksinin yaradılması nəzərdə tutulurdu. Kompleksin ortasında Cümşüd İbrahimov adlı bir heykəltəraşın 77 metr hündürlüyündə Koroğlunun abidəsi qoyulmalı idi. Kompleks elə tərtib olunmuşdu ki, orada 7777 dəlinin hamısı bir formada əksini tapmalı idi. Böyük və möhtəşəm bir şey olmalı idi. Və bir az aralıda “Çənlibel” – bu da bizim mifik qəhrəmanımızın yuvası idi. Hər halda bunlar bizim xəyallarımız idi – yarımçıq qaldı. Babək qaldı, digərləri qaldı…

Elat bayramına gəlincə… Maraqlıdır, təxminən 250 nəfər yığılıb Rəşid Behbudov adına mahnı teatrına, mən orada seçilirəm və deyirəm, Borçalı insanının, lap elə Qərbi Azərbaycanlılar olsun, onlar da elat əhlidir, bunları birləşdirə bilsək, ciddi bir iş görmüş olarıq. Bax oradan qaynaylandı ki, Borçalı eli kifayət qədər mürəkkəb, özünəməxsus, qanında sufilik olan və dağlardan çıxan bir toplumdur. Bunlar daha çox qıpçaqlarla oğuzların qarışığıdır. Düşündüm ki, bu toplumu birləşdirsə “Elat bayramı” birləşdirəcək və birləşdirdi də. “Elat ruhu” həm də maldarlıqdır, heyvandarlıqdır, məşğuliyyətdir, təminatdır, bazardır. Həm də bir az tarixi haqdır “Elat”. Türkiyəyə də yaxınlıq baxımından önəmlidir bu. Biz hətta təklif eləmişdik ki, “Elat” məkanından qədim “İpək yolu”na bir xətt çəkilsin – cəmi 80 km məsafəsi var. Onun biri çəkildi. Bizim “Elat” Türkiyə ilə Azərbaycan arasındakı quru xəttini inkişaf etdirmək, Gürcüstanın kommunikasiya imkanlarına yardımçı olmaq, ortadakı dini bir zolağın – axıskalıların, ermənilərin, kürdlərin və s. yer aldığı bir bölgədir. Biz də gürcüləri inandırırdıq ki, bu, sizin milli maraqlarınıza uyğundur. Erməni sabah sənin üçün bir təhdid mənbəyidir. Yəni “Elat” bir dastandır. Hərdən fikirləşirəm ki, bəlkə bəsdir. Amma bəs deyil. Mənə elə gəlir ki, elə xəyallar var ki, onlar da gerçəkləşəcək.

 

Qiyam baş verən gün Şah İsmayılın abidəsini açdıq

 

– Şah İsmayılın abidəsinin açılışına Əbülfəz Elçibəy gəlmişdi?

– Yox. Şah İsmayılın abidəsinin açılışı iyunun əvvəllərində oldu. Ya 4-də, ya da 5-də. Qiyam baş verən gün. Biz belə fikirləşmişdik ki, iyula – Şah İsmayılın doğum gününə hazırlayaq abidənin açılışını. Amma proseslər çox sürətli gedirdi. İbrahim adlı bir heykəltaraş vardı, abidə onun layihəsi idi. Mən Şah İsmayılın heykəlini at üstündə istəyirdim. Proses çox sürətlə getdiyi üçün biz hazır abidədən istifadə etməli olduq. Bu abidə hazır idi. Görürdüm ki, irəlidə nələr olacaq. Bizim bu şəraitdə hakimiyyəti saxlamaq imkanlarımız məhdud idi. Bir hakimiyyət çörək sabotajı ilə imtahana çəkilirsə… Çörəyi dənizə tökəndə naqanı çıxarıb kəlləsinə tuşladım adamların…

– Elə bir hadisə olmuşdu?

– Çörək zavoddan çıxıb dükana gəlməlidir də satılmağa. Gəlmir. Camaatı da “5-ci kolon” qızışdırır. Məlum olur ki, satılmaq üçün 5 çörək gəlib. Basabasda çörək qurtarır. Başlayır qarışıqlıq. “Keçisaqqal” onda dedilər də. Hakimiyyəti gözdən salmaq üçün hətta bizim ana müxalifət əllərində mikrofon “çörəyin içində qurd var” deyirdilər. Tutduq həmin uşaqları, dedim, sənin başını kəsərəm, amma demokratiya səni xilas elədi.

– Ona görə də Elçibəy açılışa gələ bilmədi?

– Gələ bilmədi. Açılışı mən eləmişəm. Qiyam baş verdi, aləm qarışdı bir-birinə, çox təlatümlü hadisələr idi. Bakı şəhərinin meri Rauf Gülməmmədov idi, mən idim, parlamentdən gələnlər vardı. Lentini də mən kəsmişəm, açılışını da mən etmişəm. Sonra da məlum oldu ki, şəcərəmiz gedib çıxır Şah İsmayıla…

– Şah İsmayıla çıxır?

– Bəli, ata tərəfdən gedib çıxır.

 

Sürət Hüseynov, Şah İsmayıl sənin babandırsa, sənin etdiyin bu qələtlər nədir?

 

– Hamınız qohumsunuz ki. Elçibəy də gedib Şah İsmayıla çıxır, Heydər Əliyev də, siz də…

– Hələ Murtuz Ələsgərov da…

– Hətta Sürət Hüseynov “Xural”a müsahibəsində demişdi ki, Elçibəylə əmioğluyuq.

– Ona görə də onlar deyəndən sonra mən danışmıram. Adama sual verərlər, sən kimsən? Yəni Şah İsmayıl sənin babandırsa, ay Sürət Hüseynov, sənin etdiyin bu qələtlər nədir? Sənin o baban ola-ola bu qələtləri eləməli idinmi? Mən ona iddia etmirəm. Bir dəfə prokuror Mahir Cavadov dedi ki, Zərdüşt Əlizadə və Nemət Pənahlı – onlar məni tez-tez tənqid edirdilər – yazıb ki, Zəlimxan öz şəklini qoyub Xətai adında heykəl düzəltdirib. Mahir Cavadov baxdı-baxdı, dedi ki, bu heykəl sənə oxşayır. Dedim, yəqin babamdır. Heykələ profildən baxanda həqiqətən də oxşarlığımız var, amma maya-zad qoymamışıq ha… (Gülür…) O zaman sadəcə qara piar aparırdılar…

– Bu Mahir Cavadov sizin dövrünüzdə prokuror işləyirdi?

– Bəli. Çox çətin bir dönəm idi. İcra başçısı olduğum zaman ömrümün ən çətin dövrü idi. Ona görə yox ki, bacarmırdım, əksinə, çox gözəl işlər görmüşdük.

– Çox maraqlıdır. Müsahibənin sonunda tamamilə yeni bir mövzu açıldı. Davamını mütləq “Azadlıq salnaməsi”ndə edərik. Çox təşəkkür edirəm.

– Mən sizə çox təşəkkür edirəm. Əvəz bəy, ayağınız uğurlu olsun. Bu ofisi yeni icarəyə götürmüşük və bu, bizim burada verdiyimiz ilk müsahibədir.

 


SON

 

Strateq.az