XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 15:31

Erməni icmalçı Paşinyanı şəxsiyyətə pərəstişdə suçladı:“Dövlətin taleyi bir nəfərin məsuliyyəti altındadır” – Təhlil

Karpis Paşoyan

1-in.am (Ermənistan), 20.04.2019

 

Şəxsiyyətə pərətiş (Leaderism, Rəhbərçilik) ictimai-siyasi həyatın ən təhlükəli və pis təzahürlərindən biridir. Bu, dövlətlə bir nəfərin  eyniləşdirildiyini nəzərdə tutur, yəni dövlət və dövlət institutları şəxsiyyətin iradə və maraqlarına tabe olur, cəmiyyət isə bu birlik aktını qəbul etməyə məcburdur.

Ümumiyyətlə, Ermənistan Respublikasının bütün varlığı boyunca, bir qayda olaraq, dövlət və hökumət daim eyniləşdirilib. Yəni hakim təbliğat sənayesi bu ikisinin vahid, qüsursuz olduğu və bundan çıxış etməklə hökumətə zərbənin həm də dövlətə zərbə olduğunu bildirən düşüncəni üstün etməyi bacarıb.

Bu, doğrudan da, çox yalan, amma eyni zamanda yetərincə təsirli, ideoloji baxımdan hakimiyyətin təbii  dəyişikliyi prosesinə ciddi maneələr irəlıi sürən tezisdir. İnqilabadək xalq hər dəfə antihökumət fəaliyyətə əl atanda dövlətin və Qarabağın yalan təhlükəsizliyi bəhanəsilə onun köpünü alıblar.

Serj Sərksyanın idarəçiliyinin son dönəmində dövlət-hakimiyyət eyniliyinin təhlükəli tezisi yavaş-yavaş şəxsiyyət-dövlət eyniliyinin qorxunc təzahürünə keçib.

Kor-kor, gör-gör aydındır ki, keçmiş rejimin təbliğat sənayesi xadim Serj Sərksyanı toxumağa və bunu dövlət ideyası ilə həmişəlik bağlamağa çalışırdı. Sərksyanın baş nazir seçildiyi dövrdə onun əvəzsizlik və təhlükəsizlik zəmanətiylə şirələnmiş şəxsiyyətinə pərəstiş ilk plana sürülmüşdü.

Bəs indi nə dəyişilib? Avtoritar xilaskarı demokratik xilaskar əvəz edib. Birincinin ətrafında formalaşan şəxsiyyətə pərəstiş süni xaraktrer daşıyırdısa, ikinci halda leaderism təhrif edilmiş ideoloji təsəvvürlərin şərtləndirdiyi təbii tələbdən artıq durumdur. İkinci variant daha təhlükəlidir, çünki dövlət institutları xalqın iradəsi və etimad mandatıyla yenidən tabe vəziyyətə keçib.

Müsəlman dininin kredosunun sözlərini dəyişsək və Ermənistan mühitinə uyğunlaşdırsaq, onda, təxminən, sıradakı mənzərə alınar: “Nikol Paşinyandan başqa Tanrı yoxdur, Avinyan da onun peyğəmbəridir” (Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun peyğəmbəridir), (Avinyan Ermənistan baş nazirinin I müavinidir-red.).

Bu, Ermənistan Respublikası üçün son dərəcə təhlükəli hadisədir. Faktiki, Nikol Paşinyan və Ermənistan 1+1=1 prinsipi ilə vahiddir: bir iradə, bir mövcudluq və birinin yoxluğu başqasının varlığına şübhəyə bərabərdir. Şübhəsiz, bu hadisə super baş nazir sisteminin dərinləşməsinə münbit zəmin hazırlayır, çünki buna həm ictimai, həm də siyasi tələbat var.

Amma indiki halda problem təkcə iradə və mövcudluqda deyil, həm də məsuliyyətdədir. Yəni dövlətin bundan sonrakı taleyi bir nəfərin məsuliyyəti altındadır, bu da Ermənistanın beynəlxalq münasibətlərdəki statusunu daha dişbatan edir. Adam səhv edə, yanıla bilər, onu sıxışdıra və əl-ayağını yığa bilərlər. Yəni onun şəxsi aldanışları dövlətə birbaşa təsir edir, çünki o, tamamilə bu şəxsiyyətə söykənir və onu məhdudlaşdıran dövlət institutları yoxdur.

İndi xarici dünyadan baş nazirə təzyiq etsələr, onu bu basqıdan kim qoruyacaq – “Mənim addımım” blokunun deputatları, ya hökumət üzvləri? Əslində, heç kim, çünki bir nəfər öz iradəsindən asılı olmayaraq bütün dövləti udub.

Ermənistanla bağlı nə olacaq? Paşinyanın başına birdən bir iş gələrsə, onda məsuliyyəti kim öz üzərinə götürəcək, dövlətin zəif institutları baş nazirin iradə və nüfuzu olmadan fəaliyyət göstərə biləcəkmi? Düşünürəm ki, biz pərəstiş ayinlərinin süni maneəsini aradan qaldırmalı və daha konstruktiv mərhələyə girməliyik – əlbəttə, institusional zəmində qurulmuşa.

Cənab Paşinyan, çevrənizə toplaşan adamlardan özünüzü gözləyin.

Tərcümə Strateq.az-ındır.