XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

05 Noyabr 2018 - 13:55

Allahşükür Paşazadə İspaniyada beynəlxalq konfransda çıxış etdi:“Dünyada dini və milli dözümsüzlük tüğyan edir” (YENİLƏNİB)

“Dinamik inkişaf edən və sürətlə dəyişən dünyada son zamanlar cəryan edən hadisələr təəssüf ki, dini və milli zəmində dözümsüzlük , qarşıdurma halları, ekstremizmin tüğyan etməsi  ilə müşaiyət olunur”.

Strateq.az bildirir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İspaniyanın paytaxtı Madriddə  “Dinlərarası dialoqun sülhə və həmrəyliyə verdiyi töhfə” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

QMİ sədri bildirib ki, planetimizn müxtəlif güşələrində törədilən terror aktları, insan qırğını, maddi və qeyri – maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri  sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası  dialoqa ciddi zərbə vurur: “Yaşanan faciələrə baxmayaraq, şükürlər olsun ki, dünyanı məhvərindən çıxarmağa qoymayan  əbədi mənəvi dəyərlər mövcuddur”.

A.Paşazadə müxtəlif sivilizasiyaların tarixən qovuşduğu İspaniyada keçirilən birgə tədbirin iştirakçılarına Prezident İlham Əliyevin salamlarını və dualarını çatdırıb: “Yer üzündə yaşayan insanlara ulu yaradanın ən böyük töhfəsi ondan ibarətdir ki, onlar bir-birinə qarşı hörmət və ehtiram ruhunda yaşasınlar”-deyə Şeyx çıxışında vurğulayıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər “Multikulturalizm İli”, istər “İslam Həmrəyliyi İli” məhz bu məramlara xidmət edir. Dünyanın bir sıra ölkələrində həyata keçirdiyimiz beynəlxalq tədbirlər, o cümlədən bugünkü ənənəvi, sayca üçüncü Beynəlxalq Madrid Konfransı da bu amallara xidmətin nümunəsidir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlətimizin başçısının qlobal missiyası sayəsində dünyada gedən proseslərə özəl, dəyərli töhfəsini – multikulturalizmin real modelini təqdim edir”,- deyə Allahşükür Paşazadə vurğulayıb.

İspaniya ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols İspaniya Konstitusiyasında dini azadlığın tam təsbit olunduğunu bildirib. Qeyd edib ki, dinlərarası əməkdaşlıq bugünkü dünya üçün olduqca vacibdir. Bütün dünyada mövcud dinlərə qarşılıqlı hörmət göstərilməlidir.

Albaniyanın keçmiş kardinalı Ernest Simoni bu gün dünyanın bir çox bölgələrində münaqişələrin olduğunu xatırladaraq, bütün insanları əhalisi çətin şəraitdə yaşayan bu bölgələrə yardıma səsləyib.

Madridin baş yepiskopu Karlos Osoro bütün dinlərində sabitliyin, sülhün əsas tutulduğunu qeyd edib. Təəssüf ki, insanlar heç də hər zaman buna əməl etmirlər.

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin baş katibi Feysəl bin Müəmmər dünyada islamofobiyanın mövcud olduğunu xatırladıb. Qeyd edib ki, bu yanlış yanaşmaya qarşı sağlam mübarizənin aparılması vacibdir. Bunun üçün yalnız İslam dininə mənsub insanlar deyil, digər dinlərin nümayəndələri də birgə səy göstərməlidirlər.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dövlət-din münasibətlərində qanunvericiliyin rolu mövzusu ətrafında çıxış edib. Qeyd edib ki, dinlərarası dialoq sivilizasiyaların da inkişafına təkan verir. Dini azadlıq olmadan digər azadlıqlardan danışmağa dəyməz. Azərbaycan Respublikasının Konstitusiyasında dini azadlıq tam təsbit edilib. Azərbaycan Prezidenti tərəfindən ölkəmizdəki dini konfessiyalara diqqət, qayğı göstərilir. Bugünkü konfransda Azərbaycanda yaşayan bütün dini icmaların nümayəndələrinin iştirakı bir nümunədir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, bu gün bütün cəmiyyətlər üçün ən vacib məsələlərdən biri tolerantlığı qorumaqdır. Cəmiyyət nə qazanıbsa sülhün hesabına qazanıb. Münaqişə, müharibə cəmiyyətə yalnız zərər verir. Dünyada iki yüz dövlət, beş min etnos var. Bu xalqlar hamısı bir yerdə, bir dünyada mehriban yaşamalıdırlar.

Qeyd edək ki, konfransda Azərbaycanı hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və din xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və digərləri təmsil edirlər. (AZƏRTAC)

Tədbir Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.

Konfrans işini davam etdirir.