XƏBƏR LENTİ

22 Mart 2019
21 Mart 2019

Digər Xəbərlər

10 Yanvar 2019 - 20:10

Pompeo misirli həmkarı Sameh Şükri ilə görüşüb- Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.

Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək.

Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.

M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.

ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.

Misirin xarici işlər naziri Sameh Şükri də iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, onun ölkəsi terrorçuluqla mübarizə sahəsində qarşılaşdığı problemlərin həllində ABŞ-ın dəstəyini yüksək qiymətləndirir. S.Şükri əlavə edib ki, bu il 2+2 formatında görüşün keçirilməsi vacibdir. Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı maraq kəsb edən məsələlər, xüsusən Suriya, Liviya və Yəməndə vəziyyət müzakirə olunub, habelə Fələstinlə İsrail arasında sülhə nail olunmasının vacibliyi vurğulanıb/Azərtac.