XƏBƏR LENTİ

19 Mart 2019
18 Mart 2019

Digər Xəbərlər

15 Mart 2019 - 10:01

Mayk Pompeo:"ABŞ-ın sonuncu diplomatı da Venesuelanı tərk etdi"

ABŞ dövlət katibi Mike Pompeo martın 14-də bəyan edib ki, ölkəsinin böhranlı Venesuelada qalan son diplomatları da oranı tərk ediblər və missiyalarını başqa yerdən davam etdirməyə cəhd göstərəcəklər.

ABŞ özünün Venesueladakı əsas diplomatik missiyasını martın 12-də çıxarıb. Eyni zamanda Birləşmiş Ştatlar martın 14-də Venesuelanın sosialist prezidenti Nikolas Maduroya yaxın daha 340 nəfərin ABŞ vizasını ləğv edib. Beləliklə vizaları bu səbəbdən ləğv edilənlərin sayı 2018-ci ilin sonlarından bəri 600 nəfərə çatıb.

Venesuelada gərginlik Rusiya tərəfindən dəstəklənən Maduro yanvar ayında ikinci müddət prezidentlik üçün andiçmə mərasimindən keçəndən bəri artıb. Müxalifət onun ötən ilin mayında keçirdiyi prezident seçkisində saxtakarlıqlara yol verildiyini bildirir.

Qərb tərəfindən dəstəklənən müxalifət lideri Xuan Quaydo özünü ölkənin keçid prezidenti elan edib və onun on minlərlə tərəfdarı ölkə şəhərlərinin küçələrində etiraz nümayişlərinə çıxıb. Etirazçılar Maduronun istefasını tələb edirlər.

Pompeo Venesuelanı tərk edən diplomatlar barədə deyib ki, “hazırda vəziyyətin ağır olduğunu” bilir. O əlavə edib ki, sözü gedən diplomatlar Venesuela xalqına humanitar yardımın çatdırılmasını təmin etmək məqsədilə öz missiyalarını başqa yerlərdən davam etdirəcəklər.

Dövlət katibi deyib ki, ABŞ Quaydonu və demokratiyaya keçidi dəstəkləməkdə davam edəcək. (azadliq.org)