XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 19:02

ABŞ dövlət katibi:“Mən onun dediklərindən xəbərdaram...”

Amerika Birləşmiş Ştatlar Koreya yarımadasının nüvəsizləşdirməsi prosesi ilə bağlı KXDR-lə danışıqların davamı edəcəyinə ümid bəsləyir.

AZƏRTAC dünya KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo KXDR xarici işlər nazirinin müavini Soy Son Hinin tərəflər arasında dialoqun dayandırılmasının mümkünlüyü barədə xəbərdarlığını şərh edərkən deyib. O, həmçinin ABŞ hakimiyyət dairələrinin Soy Son Hinin bəyanatından xəbərdar olduğunu təsdiqləyib.

“Mən onun dediklərindən xəbərdaram. O, danışıqların davam etdirilməsi imkanları barədə məsələni açıq qoyub. ABŞ administrasiyası nüvəsizləşdirmə problemi ətrafında danışıqların davam etməsini arzulayır”, – deyə Pompeo vurğulayıb.

Xatırladaq ki, bu ərəfədə KXDR xarici işlər nazirinin müavini Soy Son Hi ölkə hakimiyyətinin nüvəsizləşdirmə məsələsinə dair Vaşinqtonla növbəti danışıqların uğursuzluğundan məyus olduğunu, Şimali Koreyanın raket və nüvə silahlarının sınağı hüququnu özündə saxladığını bildirib. Onun fikrincə, tərəflər arasında düşmənçilik və etimadsızlıq ab-havası dövlət katibi Mayk Pompeo və təhlükəsizlik üzrə müşavir Con Boltonun ucbatından yaranıb. Sammitdən sonra Donald Trampın yüksək vəzifəli müşavirlərinin səsləndirdiyi bəyanatlar ölkələrarası münasibətlərə xələl gətirib.

Xatırladaq ki, fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammiti hər hansı bir sənəd imzalanmadan sona çatıb. Buna baxmayaraq, Donald Tramp irəliləyişə nail olunduğunu və danışıqların ekspertlər səviyyəsində davam edəcəyini deyib. Sammitdə KXDR-ə qarşı sanksiyalar fikir ayrılığına səbəb olub. Görüşdən sonra Donald Tramp Şimali Koreyanın sanksiyaları tam aradan qaldırılmasını tələb etdiyini bildirib. KXDR Xarici İşlər Nazirliyi isə öz növbəsində Pxenyanın məhdudiyyətlərin yalnız qismən ləğvini xahiş etdiyini deyib.