XƏBƏR LENTİ

18 İyul 2019
17 İyul 2019

Digər Xəbərlər

10 İyul 2019 - 10:23

SƏUDİYYƏ KRALININ QIZI VƏ VƏLİƏHDİN BACISI MƏHKƏMƏ QARŞISINDA –Parisdə gurultulu proses

“Middle East Eye”, 09.07.2019

 

Fransa məhkəməsində Səudiyyə Ərəbistanının qüdrətli tacdar şahzadəsi Məhəmməd bin Salmanın bacısına qarşı proses keçirilib. O, 3 il əvvəl Parisdə bir işçiyə hücum sifariş etməkdə ittiham olunur.

Hassə bint Salman – MBS-nin bacısı və Səudiyyə kralı Salmanın qızı 2016-cı ildə Parisdəki mənzilində işləyən bir çilingəri cangüdəninə döydürüb.

Çərşənbə günü Fransa məhkəməsində keçirilən prosesə Bint Salman qatılmayıb.

O, silahdan istifadə ilə təhdid, kimsəni iradəsinə qarşı zorla saxlama və mobil telefon oğurluğu ilə əlaqəli zorakı hərəkətlərdə ittiham olunur.

Şahzadə ona qarşı irəli sürülən iddiaları rədd edib.

Əvvəllər bir neçə Fransa mətbu orqanının işıqlandırdığı hadisəyə dair məlumatlara görə, 2016-cı ilin sentyabrında su çilingəri Bint Salmanın Parisin 16-cı rayonundakı mənzilinə çağırılıb.

Çilingər Əşrəf Eyd otağın fotoşəkilini çəkib. Bu zaman o, fotoşəkilləri KİV-lərə satmaq cəhdində ittiham olunub.

Çilingərin sözlərinə görə, Səudiyyə şahzadəsi cangüdəninə fəhləni döymək əmri verib.

O döyülüb və təhqir olunub. Bint Salmanın cangüdəni ona diz çöküb şahzadənin ayağını öpməyi əmr edib.

Əşrəf Eyd bir neçə saat zorla mənzildə saxlanılıb. Bundan sonra o, mənzili tərk edib.

Fransanın “Le Point” qəzetinin məlumatına görə, Bint Salman cangüdəninə deyib: “Onu it kimi öldürməliydik. Bu gədanın yaşamaq haqqı yoxdur”.

 

Cangüdən ifadə verir

Bint Salmanın cangüdəni Rani Səidi Çərşənbə axşamı günü məhkəmədə iştirak edən hadisənin yeganə iştirakçısı olub.

O, oğurluq, silahdan istifadə və ya təhdid yolu ilə zorakılıqda ittiham olunub.

“Şahzadənin köməyə çağırdığını eşitdikdə, gəldim və telefona görə mübahisə etdiklərini gördüm, – deyə Bint Salmanın cangüdəni məhkəməyə məlumat verib. –Mən çilingəri tutdum və telefonu əlindən aldım. Onun niyyətlərini bilmirdim. 12 il ərzində belə hadisələr çox olub, çünki ərəblər fotoşəkillər istəyir və şahzadə onlar üçün çox vacib şəxsdir”.

Səidinin vəkili məhkəmə binası qarşısında jurnalistlərə verdiyi açıqlamada müvəkkilinin hər hansı bir zorakılıq və qaçırma hərəkəti etmədiyini bildirib.

O deyib: “Bu, yalnız bir nəfərin iddiasıdır”.

Əşrəf Eyd Çərşənbə axşamı günü məhkəmə iclasına qatılmayıb. Çilingərin vəkili Jorj Karuni bildirib ki, yalnız məhkəmə prosesinin sonunda açıqlama verəcək.

Bint Salmanın vəkili Emmanuel Moyne də heç bir şərh vermək istəməyib.

Cangüdən də böhtan ittihamı ilə məhkəməyə ayrıca şikayət ərizəsi təqdim edib.

Tərcümə: Strateq.az