XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

13 Avqust 2019 - 18:48

İranlı siyasi fəal:"Siyasi məhbuslarımızın müdafiəsi yetərli deyil"

Siyasi fəal Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə son vaxtlar İran Azərbaycanı və Tehranda türk fəallara qarşı artan basqıları dəyərləndirib.

Mehdili milli hərəkata mənsub qüvvələr tərəfindən siyasi məhbuslara verilən dəstəyin həm humanitar cəhətdən, həm də ortaq siyasi hədəflər üçün effektivlik baxımdan yetərli olmadığını vurğulayır.

“Güney Azərbaycanın Ərdəbil bölgəsində və Tehranda görürük ki, məhkəmələr çox ciddi həbs cəzaları çıxarırlar. Dinc və mədəni fəaliyyəti çox ağır şəkildə cəzalandırırlar,” deyə Mehdili fəalların üzləşdiyi basqıları təsvir edir.

Onun dediklərinə görə, tutulanların əksəriyyəti uzun müddət Ettelaatın təcridxanalarında sorğu-sual edilir.

“Ailələrinə əziyyət verirlər. Məlumat vermirlər. Uzun müddət təkadamlıq kamerada saxlayırlar. Məhbuslarımız öz qanuni haqları üçün məcburən aclıq aksiyasına başlayırlar. Bu da çox zaman nəticəsiz qalır,” Mehdili deyir.

Məhsa Mehdili xarici siyasətdə problem yaşayan İslam Respublikasının daxildə basqıları artırmasına diqqət çəkir:

“Son dönəm rejim yumşalmaq yerinə və ya içəridəki mədəni hərəkətlərə qarşı dinləyici olmaq və barışma yoluna getmək getmk yerinə, xarici siyasətində olan sıxıntıları bir tərəfə, içəridəki basqıları da çoxaldıb. Özəlliklə də Güney Azərbaycanda basqıları ən yüksək həddə çatıb.”

Siyasi fəal İranda məhkəmələrin təhlükəsizlik qüvvələrinin əmrlərini yerinə gətirən bir qurum halına gəldiyinə diqqət çəkərək durumun xüsusilə siyasi məhbuslar üçün çox ağır olduğunu vurğulayır. Onun fikrincə, belə bir şəraitdə insan haqları fəaliyyətinin önəmi daha da artır.

“Məhkəmə hökümətin və Ettelaatın bir qolu kimi işləyir. Ədaləti qorumaq yerinə tam da ədalətsizliyi tətbiq edən bir orqana çevrilib… Vəkillər də basqı altındadırlar. Məhbuslar həqiqətən də müdafiəsizdirlər. İranda bugün siyasi məhbus olmaq çox çətin bir durumdur. Sıfır müdafiə vasitələri əllərinə çatır. Aclıq aksiyası başlatmaq da son yoldur əslində. Buradadır ki, insan haqları qurumlarının, xüsusilə də xaricdə önəmi artır. Əgər doğru işləsələr nə qədər dəyərli olduqları və vəzifələrinin nə qədər ağır olduğu ortaya çıxır,” deyə, siyasi fəal bəyan edir.

Məhsa Mehdili türk fəallar və milli hərəkata mənsub təşkilatların insan haqları fəaliyyətini həm insani həm də siyasi perspektivdən dəyərləndirir:

“Bunun insani cəhətinə baxanda, fərd olaraq ya ictimai fəal olaraq hər birimizin məsuliyyəti var. Haqsızlığa məruz qalan insanların səsi olmaq məsuliyyəti. Bu məsələnin insani cəhətidir. Siyasi cəhətinə baxsaq, bütün bu siyasi məhbuslarımız, ailələri ilə, çevrələri ilə birlikdə çox böyük bədəllər ödəyirlər. Biz bunlarla eyni amac yolunda hərəkət etdiyimiz üçün onların haqlı səsini yerinə yetirməklə bu amaca da faydalı olmalıyıq.”

Onun sözlərinə görə, milli hərəkata mənsub qüvvələr həm insani cəhətdən həm də həmfikir olaraq həbs və işgəncəyə məruz qalan milli fəalları lazımi qədər müdafiə etmirlər:

“Biz bu məsuliyyəti önəminə uyğun bir şəkildə yerinə gətiririkmi? Bu, mübahisəlidir. Mən şəxsən düşünürəm ki, Güney Azərbaycanda fəallar canları ilə, malları ilə, ailələri ilə, ömürləri ilə çox ağır bədəllər ödəyirlər. Amma nə yazıq ki, biz onların səsinin eşitdirə bilmirik və heç olmasa ortaq milli mənfəətlər yönündə istifadə edə bilmirik. Biz yetərsizik. Bunları yetərincə gündəmə gətirə bilmirik. Daha doğrusu gətirmirik.”