XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 14:47

Köhnə avtomobilləri yasaqlamaq təklif olunur –Rusiyada

Rusiya Dövlət Dumasının iqtisadi siyasət və sənaye komitəsi ölkədə “istismar müddəti keçmiş” avtomobillərin qadağan olunmasını təklif edib.

Təşəbbüs komitə sədrinin müavini Alfiya Koqoqinadan gəlib. O, Tatarıstanı təmsil edir, “KAMAZ”ın lizinqi və satışının inkişafı üzrə keçmiş direktoru, “KAMAZ” prezidenti Sergey Koqoqinin həyat yoldaşıdır.

Komitə artıq öz tövsiyələrini Nəqliyyat Nazirliyinə və Sənaye və Ticarət Nazirliyinə göndərib. TASS agentliyi Nəqliyyat Nazirliyinin bu təklifi “öyrəndiyini” bildirib.

Avtomobil istehsalçıları “hə” deyir

Təşəbbüsü Rusiyanın böyük avtomobil istehsalçıları olan “KAMAZ”, “Sollers” və QAZ artıq dəstəkləyib.

“Avtoparkın yenilənmə tempinin aşağı olması, köhnə texniki baxış standartlarının çəkisinin yüksəkliyi Rusiya avtomobil bazarının əsas problemlərindəndir”, – Sollers-də bildiriblər.

“Yollardakı ölüm hallarına görə bu addımın tətbiqinin vaxtı çoxdan çatmışdı”, – QAZ-da bu fikirlə razılaşıblar. “Köhnə texnikanın detal və aqreqatlarının sıradan çıxmaq riski əhəmiyyətli dərəcədə yüksəkdir, marka və istehsal ölkəsindən asılı olmayaraq belədir. Heç bir texniki baxış isə material və komponentlərin, avtobusun qəfil dayanmasına səbəb olacaq dağılmasını müəyyənləşdirə bilməz”, – şirkətdə bildiriblər.

Konkret neçənci ilə məxsus avtomobillərin qadağan olunması istənilir – Dövlət Dumasının təkliflərində bu haqda bir söz deyilmir. Ancaq sənəddən belə çıxır ki, bu qadağa Rusiyada ekoloji durumu yaxşılaşdırmalı, yollarda təhlükəsizliyi artırmalıdır.

Sənaye və Ticarət Nazirliyi hələ 2013-cü ildə təklif edirdi ki, kommersiya nəqliyyatı üçün maksimum hədd 7-15 il müəyyənləşdirilsin. O zaman qurum “Yol nəqliyyatının təhlükəsizliyi” qanununa dəyişikliklər də hazırlamışdı: 12-25 ildən yuxarı yük maşınlarının tədricən istismardan çıxarılması təklif olunurdu.

Rəsmi məlumata görə, Rusiyada 60,5 milyon nəqliyyat vasitəsinin üçdə birindən çoxunun (20,9 milyon) istismar müddəti 15 ildən artıqdır, 10 milyonu isə 10 ildən çoxdur.

Hazırda Rusiya qanunvericiliyində köhnə avtomobillərin istismarına hər hansı məhdudiyyət yoxdur.

Yalnız uşaqlar üçün nəzərdə tutulmuş avtobuslara məhdudiyyət qoyulub: 2020-ci ildən istismar müddəti 10 ildən artıq avtobuslar xəttə buraxıla bilməz. (azadliq.org)