XƏBƏR LENTİ

18 Noyabr 2019
17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

17 Avqust 2019 - 11:33

Britaniyada iqtidar və müxalifət deputatları koalisiya yaradırlar –Baş nazirə qarşı

Britaniyada hakim və müxalfət partiyalarından ölkənin Avropa İttifaqından ayrılmasına qarşı olan millət vəkilləri anti-Breksit koalisiya hökumətinin yaradılması üçün qüvvələrini birləşdirmək əzmindədirlər.

Reuters agentliyi xəbər verir ki, bu koalisiyanın əsas vəzifəsi Britaniyanı razılaşmalı və ya razılaşmasız Avropa İttifaqından çıxaracağını söyləyən baş nazir Boris Consonu vəzifəsindən kənarlaşdırmaqdır.

Avropa İttifaqı Britaniyaya bu bloku tərk etmək üçün oktyabrın 31-dək vaxt verib. Bu müddət ərzində London və Brüssel Britaniyanın ittifaqdan ayrılmasını tənzimləyən saziş barədə razılığa gəlməlidirlər.

Lakin baş nazir Conson deyib ki, o ölkəni sazişli və ya sazişsiz həmin müddətədək Aİ-dən çıxarmaq əzmindədir.

Burası da var ki, Boris Consonun parlamentdəki işçi çoxluğu yalnız bir mandat fərqi ilədir və onun partiyadaşlarından bəziləri lazım gələrsə, onun hökumətinə etimad səsi verməyəcəklərini deyiblər.

Hakim Mühafizəkar və müxalif Leyborist, habelə Liberal-Demokrat partiyalarından olan bir çox millət vəkillərinin fikrincə, Britaniyanın Avropa İttifaqından razılaşmasız çıxması ölkə iqtisadiyyatı üçün fəlakətli ola bilər.

Reuters yazır ki, anti-Breksit siyasətçiləri hələlik vahid strategiyanı müəyyən etməyiblər.

Ana müxalifət partiyası olan Leyborist Partiyasının lideri Ceremi Korbin keçid baş naziri vəzifəsinə öz namizədliyini təklif edib və bundan sonra parlament seçkisinin keçirilməli olduğunu deyib.

Lakin Britaniyanın Avropa İttifaqından sazişsiz çıxışına qarşı olanların bir çoxu bu qənaətdədir ki, qatı solçu olan Korbin hökumətin tərtibi üçün başqa partiyalardan kifayət qədər dəstək ala bilməyəcək.

Avropayönlü liberal-demokratların lideri Co Svinson keçid hökuməti başçılığına ya mühafizəkar Kennes Klarkın, ya da leyborist Harriet Harmanın namizədliyini təklif edib.

Onların hər ikisi keçmiş nazirlərdir.

Avqustun 16-da Svinson BBC-yə deyib ki, o sözü gedən millət vəkillərinin hər ikisi ilə söhbət edib və onlar bu təklifi qəbul etməyə hazır olduqlarını bildiriblər:

“Onlar ictimai vəzifələrini üstün tuturlar və sazişsiz Breksitə qarşıdırlar. Əgər İcmalar Palatası onlardan fövqəladə hökumətə başçılıq etmələrini rica etsə, bu siyasətçilər ölkəmizi Breksit hərc-mərcliyindən qurtara bilrələr…”

Veteran siyasətçi Klark Marqaret Tetçer, Con Major və David Kameronun hökumətlərində nazir postlarını tutub.

Harman parlamentin veteran üzvüdür və bir müddət Leyborist Partiyası liderinin əvəzi kimi fəaliyyət göstərib.

Reuters yazır ki, Britaniya parlamentində ölkənin Avropa İttifaqından sazişsiz çıxışını istəməyən millət vəkilləri çoxluq təşkil edirlər. Baş nazir Conson isə Avropa İttifaqından bütün hallarda çıxışın tərəfdarıdır. Belə situasiyada Britaniyada siyasi böhran yarana bilər. (azadliq.org)