XƏBƏR LENTİ

16 Noyabr 2018
15 Noyabr 2018

Digər Xəbərlər

03 Noyabr 2018 - 17:16

Yazıçı Azad Qaradərəli yazır:“İpəkqurdu, nə hörürsən?”  - şair İsfəndiyar Əhmədlinin 60 yaşına ağrılı bir esse

Mənim taleyimə elə dostlar da düşüb ki, onların nazı ilə oynamaq, kaprizlərinə dözmək kimi əzaba qatlaşmalı olmuşam. Biri Məmməd Ellidir ki, yaşı 70-i çoxdan keçsə də, hələ uşaq kimi qalıb. Biri də bu il 60 yaşı tamam olan İsfəndiyar Əhmədlidir. O İsfəndiyar ki, allah onu təpədən-dırnağa şair yaradıb. Pirosmanini rəssam yaratdığı kimi. Yox, Pirosmaninin adını elə belə, gəlişi gözəl olsun deyə çəkmədim. İsfəndiyar Əhmədli şeirin Pirosmanisidir…

…80-lərin sonlarıdır. İlk kitabıma hardasa rast gələn təzə katib məni raykoma işə dəvət edib. Yarıkönül razılaşıram. (Axı, mən hara, raykom hara?! Yenə maarifə, mədəniyyətə, qəzetə göndərə, cəhənnəmə! Yoxsa raykom?! Məndən raykommu olar?! Həyat sübut elədi ki, olmazmış…)

Və katiblə məsləhətləşib (Tofiq Mehdiyev adlı bu orta yaşlı adam ədəbiyyata, sözə bir köynək yaxın idi) rayonun gənc yazarlarını başıma toplayıb “Çinar” adlı ədəbi dərnək yaradıram. Arada bizim rayona gələn dostum Eldar Baxışı dərnəyin fəxri sədri seçirik.

Rayonda qələm adamları az-çox var. Amma onlar birinci katiblərə şeir yazan “kiçik Səməd Vurğun”lardır. Bizim onlarla ulduzumuz barışmır. Heç onlar da bizi sevmirlər. Və beləcə, gənclərdən Xosrov Natil, İsfəndiyar Əhmədli (o vaxt “zadə” idi), Bərxudar Səlimoğlu, Telman Nüsrətoğlu və başqaları başıma yığışır ayda bir dəfə. Artıq az-çox tanınan Şükufə Əliyeva, Vaqif Qüdrət (onda Həmzəyev idi) də bizimlədir. Ayda bir dəfə yerli qəzetdə xüsusi buraxılış veririk və rayonda yaxşı da qarşılanır.

Bu yazarların içərisində ikisinin xüsusi istedadı var: “Ovcumun içində buğda dənəsi” şeiri ilə məşhurlaşan Xosrov Natil (bu şeir onu vəzifəyə də apardı) və İsfəndiyar Əhmədli. İsfəndiyar bir həzin şeir oxumuşdu o vaxtlar dərnəkdə və çox bəyənmişdik:

 

 İpəkqurdu, nə hörürsən?

          Taleyimi, taleyimi.

          İpəkqurdu, hörmə belə

          Taleyini, taleyini…

 

Hadislər çox sürətlə dəyişməyə başladı. 20 Yanvar oldu və mən partiya biletimi atdığım üçün gözdən salındım. Redaktor müavini işlədiyim yerli qəzetdə vəzifəmi endirdilər. (Artıq katib də büsbütün dəyişib. Məndən raykom çıxmayacağını bildiyi üçün qəzetə getməyimə mane olmayıb. Qara Yanvardan sonra isə tələb qətidir: işdən ərizəmlə getməliyəm!) Rayonda qabağıma yüyürənlər indi salam verməmək üçün məni görəndə yollarını dəyişirlər. Üstəlik, İsfəndiyar Əhmədlinin o vaxtın dəbdə olan “Kirpi” dərgisində rayonun yollarınımı, ya nəyisə tənqid edən satirik şeiri çıxıb. Katib əsəbindən fili minib. Təbii, ən çox mənə qəzəblənib: etimadı doğrultmamışam. İsfəndiyarı belə bir addımdan çəkindirə bilərmişəm…

Bax, belə bir mürəkkəb vaxtda gənclərlə çayxanada oturmuşuq və yerim küncə düşüb. Bakıda çıxan “Kənd həyatı” (gərək ki, Mərkəzi Komitənin orqanı idi – təsadüfə baxın ki, yerli qəzetin də adı “Kənd həyatı” idi) dərgisində yenicə çıxmış “Mən doludan qorxuram” başlıqlı məqaləmi müzakirə edirik. Bu vaxt İsfəndiyar həmin dərginin ağ yerində nəsə yazır. Az sonra  mənə həsr etdiyi misralarını oxuyur:

 

Qanadlandırdı arzun

Keçib bənddən-bərədən.

Düşdün qaynar qazana

Qalxıb Qaradərədən…

 

…Qəmə uymuş könlünə

Bir şadlıq axtarırdın.

Azad Qaradərəli,

Azadlıq axtarırdın…

 

…Eh, çox olacaq hələ

Öz-özünü aldadan.

İndi necədir halın

Küncə qoyulmuş adam?..

Və soyuq-soyuq gülüşürük.

Sonra milli qüvvələrin hakimiyyəti başlayır və bir şimşək misalı çaxıb sönür. Sonra biz məcburi köçkünə çevrilirik. İsfəndiyarsa ikinci dəfə… Hə, axı o, 30-cu illərə Ermənistana bağışladığımız məşhur Nüvədi (Mehri rayonu) kəndindəndir. Bir dəfə oradan qaçqın düşmüşdü şair…

Bakıda tez-tez görüşürük. Mən radioda çalışıram. Hərdən onun yeni şeirlərini radioda səsləndirirəm. İsfəndiyarın yaradıcılığında yeni mərhələ yaranıb – qaçqın-köçkünlüyə etiraz, torpaq, yurd nisgili… Və ömrünü, həyatını verdiyi poeziyasına qısılaraq yaşamaq…

Sonra “Yazı” çap olunur. Dərginin tələblərini ona xatırladıram: “Elə şeirlər ver ki, səviyyəni aşağı salmasın.” Deyəsən, xətrinə dəyir. Amma elə ikinci  nömrədəcə bir şeirini verirəm:

 

Mən bu dünyaya boş gəldim,

            Yüküm torpağın altında.

            Bitib qol-budaq atmışam,

            Köküm torpağın altında…

 

            …Həsrət sinəmdə dərd bağlar,

            Buraxma məni, bərk saxla.

            Tanrım, bir az da dərd saxla,

            Çəkim torpağın altında.

İsfəndiyarın bir kitabı da çıxıb. Amma hərf səhvləri ilə dolu olan bu kitabın, heç olmasa, urvatla buraxıla bilməməsi də onu üzmüşdü. Amma orası da var: İsfəndiyarın şeirləri o qədər axıcı ki, bir çox dostlar və oxucular bu nümunələri əzbərdən bilirlər.  “Yazı”nın yeni saylarında İsfəndiyara yer ayırmağı unutmuram. Ən son sayımızda da şeirləri gedib .

Budur, yeni çıxmış “Renessans həsrəti” kitabımın ədəbi statuslar səhifələrində ondan söz etmişəm: “Şairlər qəribə “millətdilər”. Doğrudan əsl şairin ayaqları yerə dəymir. 30 illik bir dostum var:  İsfəndiyar Əhmədzadə. Çox çalışdım onu modern poeziyaya çəkəm, olmadı. Elə orda, öz klassikasında qaldı. Evi də, ailəsi, uşağı da poeziyadır. “Yazı”da 5-6 şeirini vermişəm – güclə ala bildim. Sevmir çap olunmağı. Beləcə, onun “boş şey” dediyi bir şeirini təqdim edirəm sizə! Qalanını isə “Yazı” çıxanda alın, oxuyun.

Hər bulağın öz nəğməsi,
Hər suyun öz axarı var.
Dünyaya ha düz desən də, 
Aşağı var, yuxarı var.

 

Çox tutsa da əgər qabın, 
Nə bəsdirsə ona tapın. 
Axırda hər haqq-hesabın, 
Gəliri var, çıxarı var.

Nadan olan haqqı danır, 
Yalan gülür, haqq utanır.
İçimdə bir alov yanır,
Kirpiyimdə buxarı var.”

“Kipriyində buxar” olan şairin bu ilin dekabrında 60 yaşı tamam olur. Şeirlətri kitablardan çox, ürəklərdə, yaddaşlarda olsa da, o doğuşdan şairdir. Yurd-yuvası, evi, sevgilisi də şeirdir onun.

Doğuşun mübarək, şair!