XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

27 Dekabr 2018 - 17:17

2018-ci il ədəbiyyatda hansı hadisələrlə yadda qalır? –Yazarlar arasında sorğu

2018-ci il hansı ədəbi proseslərlə, hansı əsərlərlə yadda qalır?  

Strateq.az “Azadlıq” radiosunun yazarlar arasında apardığı sorğunu oxuculara təqdim edir:

Azad Yazarlar Ocağının qurucusu, yazıçı, şair Rasim Qaraca ilin ədəbi mənzərəsini cızarkən bir lətifəni xatırlayır: «Sovet durğunluq dövründə bir anekdot vardı: Brejnevin əmriylə bir qrup adam qatarı silkələyir, bir qrup adam da relsləri cınqıldadır, beləliklə qatarın içərisində olanlar hərəkətdə olduqlarını zənn edirlər. Bizim ədəbiyyatımızda bu gün baş verənlər həmin anekdotu xatırladır – kitablar çıxır, imza günləri keçirilir, müsahibələr verilir, ədəbiyyat adına böyük bir hay-küy var, lakin bütün bunlar özümüzü aldatmaqdan başqa bir işə yaramır».

Yazıçı gerçək mənzərəni görə bilmək məqsədilə müqayisə aparmağı təklif edir: «Bu gün Gürcüstan ədəbiyyatı geniş miqyasda dünyaya açılıb, Frankfurt kitab sərgisində əsas ölkə kimi təmsil olunmaları qonşularımızın böyük uğurudur. Son 4-5 ildə gürcü yazarların 200-ə yaxın kitabı dünyanın aparıcı dillərinə çevrilərək nəşr edilib və bu ölkənin timsalında biz dünya mədəniyyətinə həqiqi inteqrasiyanın nümunəsini görürük. Qarşılığında isə bizim yazıçılar öz xərcləriylə Almaniyada, Fransada, Amerikada cəmi 50 ədəd tirajla kitablarını çap etdirib guya «xaricdə çap olunublar» havası atmaqla məşğuldurlar. Həmin 50 kitabı da müəllifin özünə göndərirlər, bununla da proses tamamlanır».

Artıq sona çatmaqda olan ilin ədəbiyyat yekunları nələrdir? Bu suala yazıçı belə cavab verir: «Təkcə bu ilin deyil, ötən illərin mənə görə bir yekunu var – durğunluq! Hələ də sovetdənqalma ədəbiyyatı idarə etmək ənənəsi davam etməkdədir. Hakimiyyətin ədəbiyyat və yazıçı üzərində nəzarəti bir an olsun belə yumşalmır, yazıçıdan onun tərəfində olmasını tələb edir və ədəbiyyatımız hələ də «partiyalı»dır. Dolayısıyla, ölkəmizdə mədəniyyət prosesləri demokratik deyil, durğunluq içərisindədir və burada inkişafdan söhbət gedə bilməz».

Rəşad Məcid: «Konkret parlaq əsər adı çəkməsəm də…»

«Məncə, ictimaiyyət, cəmiyyət ədəbiyyatdan daha parlaq əsərlər gözləyir, yəni onların həyatına təsir edən, yadında qalan bədii əsərlərin yazılmasını arzulayır. Təəssüf ki, biz o cür parlaq, ictimai fikrə, insanlara təsir edən bədii əsərlərin adını çəkə bilmirik», – Sovetlər Birliyi dövründə yaradılan, müstəqillik dönəmində də dövlətdən maliyyələşmə hesabına fəaliyyətini davam etdirən, bəzən gənc nəslin tənqid etdiyi Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid söyləyir.

Onun fikrincə, artıq ədəbiyyat əvvəllər olduğu kimi insanların həyatına girə bilmir və onun populyarlığı getdikcə azalır: «Yeni informasiya texnologiyalarının, internetin, hətta bəzən sosial mediadakı statusların da ədəbiyyatın yerini daraltdığını deyirlər».

Bununla belə, R.Məcid pessimist deyil. O, Azərbaycanda istedadlı gənclərin olduğunu və Azərbaycan ədəbiyyatını layiqincə təmsil etdiklərini düşünür.

«Onların bu il bir çox kitabları çap olunub. «AYB kitabı» layihəsindən Ramil Əhmədin, Şəhanə Müşfiqin kitabları çap edildi. Qismət, Pərvin, Aysel Əlizadə, Cavid Zeynallı, Fərid Hüseyn kimi gənclərin yaradıcılığı, ədəbiyyata töhfələri də qeyd edilməlidir. O cümlədən yaşlı yazıçılarımız da fəal olublar. «525-ci qəzet»də hər şənbə Anarın yazıları çap edilib, onları bu il kitab kimi çap etdirdik, Elçinin «Baş» romanı çıxdı, xeyli maraq doğurdu. Konkret parlaq əsər adı çəkməsəm də, ədəbiyyatımız dəyərli əsərlərdən xali deyil», – AYB katibi deyir.

Ancaq ümidini də üzmür. «Ədəbiyyatın daha geniş miqyası əhatə edəcəyinə, insanların marağını cəlb edəcəyinə ümidlə 2019-cu ilə qədəm qoyuruq», – deyə əlavə edir.

Zamin Hacı: «Gerçək ədəbiyyat bu gün çap oluna bilməz»

Şair Zamin Hacı da ötən illər kimi 2018-ci ilin Azərbaycan ədəbiyyatı üçün sönük keçdiyini bildirir. Onun dediyinə görə, 2005-ci ilə qədər həm nəsrdə, həm poeziyada parlaq imzalar göründüyü halda, ölkəyə neft pulları gəldikdən sonra ədəbi proses, üsyankar gənclik, postmodernistlər məhv edilib: «Hökumətin şirnikləndirməsi, prezident təqaüdləri hesabına ədəbiyyatı da məhv etdilər, jurnalistikanı, kinonu məhv etdikləri kimi».

Şair dövlət təminatına alınan ədəbiyyatın «məddahlıq və nökərçilik» yetişdirdiyini düşünür: «Corc Oruelin bir sözü var ki, yazıçı ancaq həqiqəti yazmalıdır. Azərbaycan həqiqətlərini ədəbiyyatda necə yazmaq olar? Ədəbiyyatda gerçəyi yazmaq təhlükəlidir və biz bunu görmüşük. Buna görə Rafiq Tağını öldürüblər. Azərbaycanda son 20-25 ildə yetişmiş ən görkəmli yazıçılardan biri Rafiq Tağı sözünə görə öldürülüb. Bu da başqa yazıçıları istər-istəməz qorxutduğundan həqiqətləri yaza bilmirlər».

Z.Hacı hesab edir ki, yazıçı ilə vərəq arasında heç kim olmamalıdır, ancaq Azərbaycan reallığında yazıçı ilə onun vərəqi arasında senzorlar, polis, zindan, ölüm təhlükəsi, dindar radikallar, çörək və neft dayanır: «Bu boyda maneələri keçib vərəqə çatacaq güc bu gün Azərbaycan ədəbiyyatında təəssüf ki, görünmür. Ola bilsin, kimsə yazıb sandığa atır. Gerçək ədəbiyyat bu gün çap oluna bilməz. Harada çap oluna bilər? Anarın başçılıq etdiyi, dövlətdən pul alan mənasız jurnallardamı? AYB-nin 1500 üzvü var, amma onun «Azərbaycan» jurnalı 500-dən çox tirajla çıxmır. Belə çıxır ki, o jurnalı yazıçılar özləri belə oxumur, xalqı qırağa qoyaq».