Nəriman Qasımoğlu

Orta məktəblərdə ədəbi dilimizin öyrənilməsi, danışıq standartına çevrilməsinin qarşısını alan ləhcələşmə fəsadları barədə yazmış (“Ədəbi dilimiz və dilçilərimizin konseptual yanlışı”, “Ədəbiyyat qəzeti”, 15 dekabr 2018-ci il) və diqqəti bu fəsadlara yol açan qaynağı – saxta orfoepiya qaydalarını nişan vermişdim. Xoşdur ki, xeyli ədəbiyyatçı, dil və ədəbiyyat müəllimi, alim, yazıçı həmin yazını bəyəndiyini mənə şifahi və yazılı təbriklərlə, bəziləri isə hətta təşəkkürlərlə ifadə etdilər. Narazılığın miqyası həqiqətən böyük imiş. Zaman-zaman ümidsizliyə qapılan ziyalılarımız ümidlərini hazırda dilimizin qorunması ilə bağlı Prezident fərmanına bağlayıblar.

Yazımın məhz dilçilər arasında xoş qarşılanmayacağını bilirdim. Anti-konseptual “konseptuallıq” başlıqlı məqalənin (“Ədəbiyyat qəzeti”, 22 dekabr 2018-ci il) müəllifi Nizami Cəfərov məni tənqid etdi. Tənqidi təbii qarşıladım. Və buna münasibətim barədə bir qədər sonra.

Yazım qəzetdə dərc olunmazdan öncə ədəbi dilimizlə bağlı başqa bir xoşagəlməz məqamla rastlaşdım. Söhbət teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələrindən gedir.  Aparıcılara tutulan iradlara bir baxın. Bəzilərini diqqətə çatdırıram. Dil monitorinqçilərinin doğru hesab etmədikləri mötərizəsiz, doğru hesab etdikləri isə mötərizələrdədir: “izləyicilər [izdəyicilər]”, “tənzimlənməsi” – [tənzimləmməsi],  “qanlı”- [qannı], “abonentlərə”- [abonentdərə], “məhdudiyyətlər”- [məhdudiyyətdər], “xəbərləri ilə” [xəbərrəriynən], “sonra” [so:ra], “dövlət” [dö:lət].

Deməli, vəziyyət dilçilərimizin ucbatından, həqiqətən də, fəlakətli həddədir. Saxta orfoepiya virusları məktəb dərsliklərindən indi də televiziyaya yoluxmaqdadır. Qeyd olunan məqalədə çəkdiyim misalların biri “dövlət”in “dö:lət” kimi ədəbi dilimizə zidd olan tələffüzünə aid idi və bu adidən-adi, hamının (bəzi dilçilər istisna olmaqla!) bu yanlış bildiyini mötərizədə o “bəziləri” yazdıqlarımın da diqqətinə çatdırmaq üçün S.Vurğunun səs yazısından sitat gətirməyə məcbur oldum. İndi məcburam “dö:lət” tələffüzünü ədəbi dilin tələffüz qaydası bilənlərin nəzərinə çatdırım ki, nə Cümhuriyyət dövründə, nə sovetlər zamanında, nə də müstəqillik illərində Azərbaycana rəhbərlik etmiş şəxslərin heç birinin dilində bu biabırçı tələffüz səslənməyib. Azərbaycan Prezidenti cənab İlham  Əliyev də nitqlərində “dövlət” sözünü ədəbi dil qaydasına uyğun olaraq elə yazıldığı kimi tələffüz edir. “Orfoepiya” dilçilərinə isə dərs olmur ki olmur. Çünki təqdim və təbliğ etdikləri ədəbi dil orfoepiyası deyil, ləhcə orfoepiyasıdır.

Ləhcələşmə fəsadlarına açılan yolun qarşısına iri bir şlaqbaum qoymağın vaxtı çatıb. Bir daha təkrar edim, Azərbaycan ədəbi dili xalqımızın tarixində bir sivilizasiya faktıdır. Ağrılı bir paradoksdur ki, sovet dövründə, az-çox mədəni muxtariyyətimiz olduğu zamanlarda bu dəyəri qoruyub inkişaf etdirə bilmişiksə, indi müstəqil bir dövlətdə tənəzzülə uğradırıq. Hazırda ana dilimiz öz doğma yurdunda ayağından asılmış bir durumdadır. Anadil quşu kimi!

Bu arada başqa dillərə aid dilçilərin orfoepiya araşdırmaları ilə tanışlıq üçün ingiliscə xeyli ədəbiyyat oxudum. Tanış olduğum araşdırmalar məlum yazımda ifadə etdiyim qənaətləri bir daha möhkəmlətdi.

Fərqli dillərə aid elə bir tədqiqata rast gəlmədim ki, orfoepiyanı məhz ədəbi dildə (bəli, məhz ədəbi dildə!) nitq standartlarını tədqiq edən və müəyyənləşdirən sahə kimi nəzərdən keçirməsin. Bütün araşdırmalarda orfoepiyanın məqsədi yazı dilindən uzaqlaşmaq yox, əksinə, yazı dilinə maksimum yaxınlaşdırmaq, bu dilin meyarları əsasında nitq mədəniyyətinin gəlişdirilməsi zərurətilə əlaqələndirilir. Elmi yazılarda ədəbi dilin belə bir tərifi də yayğındır: “Ədəbi dil yazıda istifadə olunaraq standartlaşan bir dil şəklidir”. Bu dilin məişət danışığı normalarından hansı ölçüdə fərqlənməsinin müxtəlif xalqlarda fərqli təzahürləri olur.

Bizimkilərin isə çalışdıqları (çəkdiyim misallardan da aydın görünür!), orfoepiyanı necə qələmə verirlər versinlər, odur ki, ədəbi dilimizin elitarlığını zədələməklə onu ləhcələşdirmə perspektivinə istiqamətləndirsinlər. Hələlik bunu “dilçilərimizin konseptual yanlışı” adlandırmışıq.

Məqaləmdə rus, ingilis dillərinə aid “orfoepiya”nın necə başa düşüldüyündən, norveçlilərin ədəbi dili qazanmaq yolunda hansı əziyyətlər çəkdiyindən danışmışam. İndi də bir az ərəb dili haqqında. Onlarda vahid ədəbi dil var, tədris mərkəzlərində bu ədəbi dildə yazı, danışıq və tələffüz vərdişlərini aşılayırlar. Müasir ərəb ədəbi dili (ərəblər bunu “əl-luğatu-arabiyyətu-l-fusha”, yəni “ən bəlağətli ərəb dili” adlandırırlar) mahiyyətcə “Quran” mətninin dilindən və klassik ərəb ədəbiyyatından qaynaqlanır. Məişətdə olduqca fərqli ləhcələrində danışanların hamısını birləşdirən bir “fusha” da var ki, yazılı nə varsa, hər şey bu dildədir, bu dildə gedir bütün rəsmi danışıqlar, bu dildə səslənir nitqlər. Hətta bəzən teatr tamaşaları da ki, məqsədlərindən biri məhz ədəbi dilin təbliğidir. İndi onların istifadəsində olan bu dil klassik ərəb dilindən bir qədər fərqlənsə də, dəyişməz qalan tələffüz qaydaları var və hansı sözü ədəbi dildə necə tələffüz etmək lazımdır deyə, heç bir problemləri yoxdur. Bizdə bu var, çünki dilçilərimiz belə istəyirlər.

Çin ədəbi dili də yazı dili əsasında formalaşıb. Onların orfoepiyası sözlərin tələffüzündə daha çox intonasiya, avaz qaydalarını təsbit edir. Bizimkilər isə “qovmaq” feilinin ədəbi dildə tələffüz normativini “qo:max” kimi təsbit ediblər. Yəqin ki, bu təhrifli yanaşmanı “orfoepiya”dan dialektologiya sahəsinə “qovmağın” da vaxtı çatıb.

Sloveniyalıların ədəbi danışıq və yazı dili maksimum dərəcədə bir-birinə yaxındır, onlar yazıdakı hərflərin demək olar hamısını eynilə tələffüz edirlər. Buna uzun dövr ərzində millət olmaq davasının nəticəsi kimi gəlib çıxıblar. Hərçənd fonetikası, sintaksisi bir-birindən xeyli fərqli 46-ya yaxın yerli ləhcələri var. Savadlı sloveniyalılar danışıq vərdişlərini ədəbi dillərinə uyğunlaşdırmağa çalışırlar.

Qayıdıram Nizami Cəfərovun tənqidi yazısına. Müəllifə elə gəlir ki, “Azərbaycan ədəbi dilinin tarixində yazını fetişləşdirir”əm. Sonra da yazır: “Halbuki bütün ədəbi dillər kimi, Azərbaycan ədəbi dilinin də həm fonetik, həm leksik, həm də qrammatik normaları yazılı yox, şifahi nitqin məhsuludur”. Bunu kim bilmir ki?! Bəllidir ki, lap sadələşdirib deyək, insanlıq əvvəl danışıb, sonra yazı ortalığa çıxıb və bu yazıya aid nə varsa, şifahi nitqin məhsuludur.

Hörmətli Nizami müəllimə həm də elə gəlir ki, Azərbaycan dilində necə yazırıqsa, mütləq mənada o cür də tələffüz etməliyik maksimalizminə varıram. Axı, qeydlərimdə bu yoxdur. Yazı dilini ədəbi dil üçün etalon kimi qəbul etmək zərurətindən yazanda Azərbaycan dilinin teatr dili, televiziya dili, rəsmi dil kimi fərqli auditoriyalarda  fərqli tələffüz xüsusiyyətlərində ifadə edilməsi mümkünlüyü və reallığından yazmış, bunlar da yazı dilindən böyük məsafədə ola bilməz deyə, vacib məqamı nəzərə çatdırmışam.  Bir daha qeyd edim, hətta bunlar da – biri-birindən mahiyyətcə fərqli bu tələffüz xüsusiyyətləri də ədəbi dil vərdişləri hələ yetərincə gəlişməmiş orta məktəb şagirdlərinə standart Azərbaycan ədəbi nitqinin normativləri qəbilindən tədris edilə bilməz və edilməməlidir də. Məqaləmdə bunun mümkün fəsadlarına diqqət çəkmişəm.

Təəssüf ki, müəllif məqaləmdəki nümunələrin heç birinə münasibət bildirmir, üstündən keçir, sadəcə, yazır ki, “həm ayrı-ayrı sözlərin dəqiq orfoepik variantlarının müəyyənləşdirilməsində, həm də onların mənimsənilməsi metodlarının təkmilləşdirilməsində problemlər var”. Yazısının son cümlələrindən belə anladım ki,  bu problemlərin həlli də dilçilərimizin öhdəsinə buraxılsa, nəzərdə tutulan təkmilləşdirmə çətin alınar.

Tənqidi qeydlərdəki son cümlələri isə təbəssümsüz oxumaq olmur: “Mən mətləbi uzatmamaq üçün Nəriman müəllimin “yanlış” saydığı bir sıra ədəbi tələffüz normalarının ayrı-ayrılıqda təhlilinə keçmədim. Əslində, buna elə bir ehtiyac da yoxdur… Tarixən (və tamamilə təbii olaraq!) formalaşmış həmin tələffüz normaları tələb edir ki, məsələn, “Nəriman müəllim” yazaq, ancaq “Nərman məllim” deyək. Yaxud “bu məsələdə dilçilər haqlıdır” yazaq, ancaq “bu məsələdə dilçilər haxlıdı” deyək…”.

İndi mən hörmətli Nizami müəllimə nə deyim?!

Yüz minlərlə azərbaycanlı Nəriman Nərimanov haqqında çəkilən sənədli filmlərə baxıb, onun haqqında illərlə televiziya kanallarında verilişlər gedib. Bunların hər birində “Nəriman Nərimanov” səslənir.

Bakı metrosunun qatarları “Nərimanov” stansiyasına çatanda məlum elanla, necə deyərlər, “Nərimanov” orfoepiyası ilə çatır. Və bu qatarlar “Nərimanov” orfoepiyası ilə də yoluna davam edir.

Uzaq-yaxın ətrafımda elə birisi yoxdur ki, “haqlı” sözünü “haxlı” kimi tələffüz etsin. Bakıda H.Cavid adına 132 nömrəli məktəbi mənimlə eyni ildə bitirmiş köhnə dostlarım arasında çilingər də var, biznesmen də, riyaziyyatçı da, maliyyəçi də. Heç biri “haqlı”ya “haxlı” demir. Nə illah edirəm mən də hörmətli Nizami müəllim sayaq “haxlı” deyim, heç alınmır da.

Kimin haqlı, kimin “haxlı” olmasını qoyun ictimaiyyətimiz özü müəyyənləşdirsin.

(edebiyyat.az)