XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

28 Yanvar 2019 - 14:00

Nəsiminin məzarının son ziyarətçilərindən biri… –Şairin divanını nəşr etmiş təbrizli alim haqda nə bilirik?

2019-cu ildə 650 illik yubileyi qeyd olunan İmadəddin Nəsiminin məzarınn son ziyarətçilərindən biri professor Hüseyn Məhəmmədzadə Sədiqdir.

Strateq.az xəbər verir ki, “Düzgün” təxəllüsü ilə tanınan təbrizli ədəbiyyatşünas, mütərcim Hüseyn Məhəmmədzadə Sədiq 2009-cu ilin aprelində Suriyaya bir həftəlik səfəri zamanı Hələb şəhərində Nəsiminin zaviyəsinə baş çəkib.

Səfər təəssüratları “Hələb lövhələri” adlı şerlər toplusunda əks olunmuş bu ədəbiyyatşünas-alim kimdir?

O, İstanbul universitetinin məzunu, fars, ərəb və türk dilləri üzrə fəlsəfə dərəcəsi almış şəxsdir.

Hazırda İranın müxtəlif universitetlərində Azərbaycan türkcəsini tədris edir.

73 yaşlı alim Mahmud Kaşğarinin “Divani Lüğətit-Türk”ündən Şeyf Səfi Ərdəbiliyə qədər və s. neçə-neçə klassik əsər müəllifinə dair dəyərli tədqiqatların müəllifidir. Hüseyn Məhəmmədzadə Sədiq Yaxın Şərqin ən nüfuzlu ədəbiyyat ustadlarndan biri sayılır.

Sədiq, həmçinin Ayətullah Xomeyninin şerlərinin, Qorbaçova yazdığı məktubun və İslam inqilabı liderinin vəsiyyətnaməsinin “Sön söz” adı ilə türkcəyə tərcüməçisi kimi tanınır.

İmadəddin Nəsimiyə gəlincə, professor Hüseyn Məhəmmədzadə Sədiq həm də dahi şairin İranda nəşr olunmuş külliyyatının tərtibçisidir.

Yeri gəlmişkən, professor Sədiq klassik şairimizlə bağlı Azərbaycan ədəbiyyatşünası mərhum Mirzağa Quluzadədən fərqli rəyə sahibdir. Bir sıra tarixi sənədlərə əsaslanaraq o, Nəsimini Təbriz doğumlu hesab edir.

Sədiqin fikrincə, İmadəddin Nəsiminin Hələb şəhərinin Fərfərah məhəlləsində yerləşən məzarı barədə orta əsrlərin salnamə və səyahətnamələrində son qeydlərdən biri Övliya Çələbiyə aiddir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib. O, bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.

1973-cü ildə UNESCO-nun təşəbbüsü ilə “Nəsimi ili” keçirilib.

1989-cu ildə Azərbaycan hökuməti Hələb şəhərinə Nəsiminin büstünü və divanını hədiyyə edib.