XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

10 Mart 2019 - 13:04

Yetimlərin toyunu pulsuz aparan Aşıq Bəhmən:"Ruhun ahlı, sazın dinməz, yol mətahlı, gedən gəlməz...”

Aşıq, şair Bəhmən İbrahim oğlu Qarayev 1 may 1901-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olub. 5 yaşında atadan yetim qalan Bəhmən onsuz da ağır olan dövrün keçilməz yollarıyla lap körpəlikdən üz-üzə qalmışdır. Qabarlı əlləri böyüdükcə tək özünün yox, ətrafdakı əzabkeşlərin həyat uğrunda mücadiləsində onlara necə yardımçı ola biləcəyı qayğısı da bir yandan qəlbini basqı altına almışdı. Nəhayət, gənc Bəhmən başqalarına gərək olmanın yolunu arayıb tapır. Belə ki, təxminən, 15 yaşından məclislərdə aşıqların ifalarını heyran-heyran qəlbinə köçürür, bu sənətin sirlərinə müstəqil şəkildə yiyələnir. Təxminən, 25 -26 yaşlarından məclislərə aşıq kimi dəvət olunub, oradan əldə etdiyi qazancdan ətrafdakılara paylayanda sevincdən gözləri yaşararmış. Yetim və imkansız cavanların toy məclislərini təmənnasız yola verməklə də ad çıxarmışdı. Heyranlıqla izlədiyi, ideal saydığı böyük ustad Aşıq Ələsgərə bənzəmək istəyi, onu yaradıcılığa da həvəsləndirmiş, aşıq şeirinin, demək olar, bütün janrlarında qələmini uğurla sınamışdır. Aşıq Bəhmən 13 noyabr 1976-cı ildə 75 yaşında, bir can borcu olduğu, ona əzablar, sevinclər bəxş etmiş torpağa qovuşmuşdur. 1988-ci ilədək Göyçə mahalının məclislərində onun şeirləri sayğı ilə ifa olunurdu. Amma, həyat yolunda qabağına çıxan daş-kəsəklər, sıldırımlar sonradan onun yaradıcılığının da qabağına çıxdı!

Göyçə ətirli ruhunu xatirələrdən silməmək, böyük ürəyinə rəğmən adını sayğı ilə anmaq, ən azı, bizim də könül borcumuzdur!   

 

Bəhmən

 

Aşıq kimi, şair kimi

Səsdə bəmi, sözdə çəmi…

Dərd sitəmi – bir Göyçəmi?!

Dərdi dərdlə biçdi Bəhmən!

 

Vətən nəhsdə.., o yanlıdı

Dağlar xəstə, – gümanlıdı…

Sənin kəndin Nərmanlıdı,

Yurdun yurddan keçdı Bəhmən!

 

Ruhun ahlı, sazın dinməz!

Yol mətahlı, – gedən gəlməz…

Bu gedişlə heç düzəlməz,

Gözləntilər puçdu, Bəhmən!

 

Ürəyi saf, xeyirxahdı

Qəlbdə insaf, sözü ahdı…

İndi gör ki, nə sabahdı –

Həsrət bizlə kəcdi, Bəhmən!

 

Nəslin artıb, şükür, yenə

Saz da alıb sinəsinə…

O düşmənin beləsinə

Bəlli sözlər seçdi Bəhmən.

 

Soraqladıq tapammadıq,

Harayladıq çatammadıq…

Qəbrin üstə toplanmadıq,

Günah bizə köçdü, Bəhmən!

 

Mahir Bayram

Azərbaycan Yazıçılar Birliyinin üzvü