XƏBƏR LENTİ

16 Sentyabr 2019
15 Sentyabr 2019
14 Sentyabr 2019

Digər Xəbərlər

24 May 2019 - 10:46

Fazil Mustafa bu dəfə “kitabyazma dəbi”ni tənqid etdi:"Oxuyanda, tüstün təpəndən çıxır"

Fazil MUSTAFA

BQP sədri, millət vəkili

 

Cəmiyyətdə bayağı müsiqilərin efirə yol almasının əngəllənməsi üçün səslənən təkliflərin başında televiziyalarda Bədii Şuraların yaradılması ideyası gəlirdi.

Bəzi televiziyalarda da ya belə Şuralar dərhal yaradıldı, ya da əvvəlcədən mövcud olan Şuralara əl gəzdirildi. Nə dərəcədə daha səviyyəli musiqi əsərlərinin efirdən təqdimatına nail olacaqlar, indidən söyləmək çətindir. Hər halda, yaxşı-pis, yolunu tapdılar…

Ancaq yolunu tapmanın müşkül olduğu bir sahə də var ki, burada bayağılığın, səviyyəsizliyin qarşsını almaq çox uzun sürə aparacaq. Bu, son illərdə partapart dərc olunan mənasız, köçürmə, sənət adına yaraşmayan kitablardır.

Demək, kimin əlində pulu varsa, istədiyi formada və sayda “şeirlər”, “romanlar” çap edir. Burada da Ədəbiyyat Şurası yaratmaq mümkün deyil ki…

Bir neçə il öncənin əhvalatını xatırladım. Qardaş, demək, bir nəfər şeir yazan var, hansı yas məclisinə gedirəmsə, onun qarşısında peyda olur və gəlib-gedənə kitabçasını təqdim edib, pul istəyir. İllər öncə mənə də “Təzə Pir” məscidinin qarşısında yaxınlaşıb kitabını göstərdi və almamı xahiş etdi. Düşündüm ki, imkansız bir yazardır, kömək olsun deyə, 20 manat da pul verib, kitabçanı alıb cibimə qoyub, uzaqlaşdım. Evə gəldiyimdə, kitabçanı götürüb mündəricatına baxdım, ardınca da ilk səhifələrdə olan şeirləri oxumağa başladım. Oxuduqca, sənət adına, ədəbiyyat adına tüstüm təpəmdən çıxdı. Şeirin texnikasını, məna və ahəngini normal anladığıma görə, bir-iki bəndi oxuduqdan sonra adamın hansı “kəramət” sahibi olduğunu müəyyənləşdirmək çətin olmur. İnanın ki, sadəcə pul vermiş olsaydım, o qədər təsir etməzdi, ancaq belə bir “kitab”a pul vermək bağışlanmaz bir davranış idi və “kitab”ı dərhal bir kənara tolazladım.

Növbəti günlərin birində yenə də yas yerindən çıxarkən, gördüm, adam qarşımda peyda oldu və irişə-irişə pul istədi. Ani olaraq adamdan yaxa qurtarmanın yolunu tapdım. Dərhal üzərinə yürüdüm ki, tez ol, mənim 50 manatımı ver! Adam söylədi ki, nə 50 manat, onu harada vermisiniz? Söylədim ki, kitaba görə sənə 20 manat ötən dəfə vermişdim, oxuduğum andan mənim ədəbi zövqüm korlanıb, indi həmin 20 manatın üzərinə 30 manat da qoyub, ədəbi zövqümü korladığına görə mənəvi təzminat kimi mənə pul qaytarmalısan.

Odur-budur, adam harada məni görürsə, dərhal gözdən itir.

Ötən gün də kitab təqdimatında bir qadın yaxınlaşıb qalın cildli kitabını verərək, söylədi ki, bəs bu, onun beşinci əsəridir. Və and verdi ki, kitabını mütləq oxuyum. Mən də and qarşılığında söz verdim ki, mütləq oxuyacağam. Evə yetişib, paltarımı dəyişəndən sonra kitabı götürüb vərəqləməyə başladım və yenə də təpəmin ortasından tanış tüstü çıxmağa başladı. Demək, qadın Peyğəmbərimizin həyatını, guya, bir poema formatında yazıb, bütün bəndlərdə ikinci və dördüncü misralarının qafiyə olmasına əməl edib, vəssalam. Məkkədən Mədinəyə yol alıb, dayanmadan gedib e…

Təkcə bu olsa, harasıdır ki? Yaxın-uzaq çevrədə xeyli insanlar var ki, kitab çap etmənin məsuliyyətini anlamadan, konveyr kimi buraxırlar e…

Tanınmış bir adamın xanımının 10 cildlik şeirlər kitabının tanığı olmuşam. Özü də bu adamlara söyləsən ki, bu kitab biabırçılıqdır, burada poeziyadan, nəsrdən əsər-əlamət yoxdur, bəlkə də xiffətindən yıxılıb ölərlər. Təqribən, xəstəyə “sənin sağalmaq ümidin yoxdur” söyləmək kimi bir şey…

Kitab müəllifi olmanın ağır məsuliyyətini cəmiyyətimizdə hələ də anlamayan xeyli insan var.