XƏBƏR LENTİ

22 Avqust 2019
21 Avqust 2019

Digər Xəbərlər

27 May 2019 - 11:00

60-ı haqlayan şair Qəşəm Nəcəfzadə:"Kəramətə iradlarım çox içməsi ilə bağlıdır" - MÜSAHİBƏ

…Qəşəm Nəcəfzadə Azərbaycan poeziyasında başqa bir ruhdur, ayrı bir qandır, fərqli bir nəfəsdir. Onun şeirləri sakit-sakit misralarla başlayır, sonra sancır, sonra yaralayır, sonra üsyan edir…

…Təndir çörəyini kökə elədik,

Torpağını seçdik, bölgə elədik,

Böldük səni, tikə – tikə elədik,

Bacın ölsün, anan ölsün, ay Vətən!

Onu Azərbaycan oxucusu bir başqa rakursdan sonra tanımağa başladı – Kəramət Böyükçölün atası kimi. Hesab edin ki, illər sonra bir də “Kəramətin atası Qəşəm” xitabı ilə bir şair dünyaya gəldi.

Bugünlərdə 60 illik yubileyini dostları ilə qeyd edən Qəşəm müəllimlə hər şeydən danışmışıq – müasir şeir, gənc şairlər, Kəramətin qalmaqallı yazıları…

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Q.Nəcəfzadənin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

 

– Qəşəm müəllim, şairi necə təqdim etmək lazımdır – “talantlı şair”, “yerlə-göylə əlləşən şair”, “görkəmli şair”?

–  Mənə elə gəlir ki, bütün bu epitetlərin hamısı “Şair”in yanında artıqdır. Sadəcə “Şair” təqdimatı kifayət edir. Çünki şair sözünün özü mənanı ifadə edir. Ona görə də “sevgi şairi”, “üsyankar şair”, “vətəndaş şair”, “nəğməkar şair”, “dahi şair” kimi sözlər artıqdır, bəlağətlidir. Şairlikdə vətəndaşlıq da var, sevgi də, istedad da. İstedadsız şair olar? Şair ya olar, ya da olmaz. Mən belə epiteti qəbul eləmirəm.

–  Siz 60-a çatdınız. Şairin heç yaşı olurmu və yaxud 60 yaşda şair özünü necə hiss edir?

– Məmməd Araz deyirdi ki, “ana itirmişəm, ana yaşında”. Bu yaş məsələsi beyinlə bağlıdır. İnsan yaş ötdükcə təcrübə toplayır, həyatla mübarizədə ustalığı artır.

Amma indi düşünürəm ki, bu mübarizə lazım deyilmiş. Çünki bu mübarizə, hərəkətlər insanın öz içindədir. Adamın 60 yaşı orqanizmində görünə bilər: saç ağarar, qırışlar əmələ gələr, bel bükülər… Yəni, zahiri görüntüdə bu yaşlanma, qocalıq ola bilər, düşüncələrdə gənclik yaşındakı kimi olacaqsınız. Mənim düşüncəmdə bir qocalma yoxdur. Məsələn, gənclik fotolarıma baxarsınız, bir də qayıdıb indiki Qəşəmə baxarsınız, zahirən dəyişdiyimi görəcəksiniz. Ancaq gənclikdəki düşüncələrimlə bugünkü fikirlərim arasında dəyişiklik yoxdur. Əslində müasirlik düşüncə ilə bağlıdır. Fikrimcə, insanı gəncləşdirən müasirlikdir.

– Mən sizin “50 yaşın şeirləri”nizə göz atdım. Məsələn, yazırsınız ki:

Ən gözəl qadın unudulanda gözəldi

Yaddı.

Bir az azaddı

Ələ keçirilmək ehtimalı bir az sevgidi.

– Bax, o 50 yaşdan 10 il keçib, 60 yaşda da şair elə bu cür düşünür?

–  Mən yenə də həmin düşüncədəyəm, həmin şeirdəkiyəm. Sadəcə, bu 10 ildə fikirlər inkişaf edib. Gərək şairin düşüncəsi inkişaf etsin. Aqil Abbas deyirdi ki, ibtidai sinifdən 5-ə keçməyi bacarasan. Şairin düşüncəsi ibtidai sinifdə qalırsa, onda bu, şairlik olmadı. Hökmən yuxarılara qalxmalısan. Şairliyin universitetini, magistraturasını, aspiranturasını, akademiyasını qurtarasan. Elə şairlər, yaradıcı adamlar var ki, düşüncəsi inkişaf eləmir, elə “ibtidai sinif”də qalıb.

– Bu mənada 60 yaşda həyatla bağlı hansı qənaətə gəldiniz?

– Mən hesab edirəm ki, akademikəm.

– Qəşəm müəllim, aspirantura, akademiya demişkən, AYB üzvüsünüz, yubileyiniz oldu, sizə niyə fəxri ad verilməsi üçün təqdimat olmayıb?

– Mən özüm üçün belə bir mütləq hədəf qoymamışam. Xalq şairi adını alsan da olar, almasan da. Bu, nəyi dəyişir ki? Fəxri adların yaxşı şair olmağa heç bir aidiyyəti yoxdur. Mən həyatımı, yaradıcılığımı ona bağlamalı deyiləm. Bu, bir az tale işidir. O qədər cavan yaşda fəxri adlar alan yazıçılar olub. Ancaq Çingiz Aytamatov kimi adam Nobel mükafatçısı deyil. Fəxri ad məsələsi şairin, yazıçının yaradıcılığı içində əriyib gedir. Qızıl həmişə qızıldır, özünü torpaqda, dənizdə, harada olursa-olsun qiymətini saxlayır. Çünki fəxri ad alan şairin məzmunu dəyişmir. Mənə ad verilsə də pis baxmaram, verilməsə də. Ümumiyyətlə, fəxri ad yaradıcılığın inkişafına stimul olmur.

– “Facebook”dan istifadə edirsiniz?

–  Bəli, edirəm.

– Məsələn, Nəsimini, yaxud Nazim Hikməti “face”də təsəvvür eləmək olmur. Doğrudan, belə demək olarmı, “şair hara, virtual hara”?

– “Facebook” yeni mətbuatdır. Bu şəbəkədə səviyyəli-səviyyəsiz adamlar var. Burada çayçısı da, akademiki də səni oxuyur. Məsələn, “Yeni Müsavat” qəzetini, yaxud “Azərbaycan” ədəbi jurnalını oxuyanların hamısı eyni səviyyənin adamları deyil axı?! Cəmiyyət eynilik təşkil eləmir – pis də var, yaxşı da var. “Azərbaycan” jurnalı 500 tirajla çıxır. Lakin çoxu alıb onu oxumur. Amma “facebook”-da bir şeir paylaşırsan, görürsən ki, sənə iki min nəfər rəy yazıb. Sən “facebook” səviyyəsizdir” deyə bilərsən. Ancaq bu millətin oxucusu da, hakimiyyəti də, millət vəkili də, şairi də özündən formalaşır, öz bətnindən çıxır. Pisi də, yaxşısı da elə olur.

– Bu gün müasir poeziya nə yerdədir, Aqşin Yenisey, Şəhriyar Del Gerani və b. kimi gəncləri qəbul edirsiniz?

– Azərbaycan şeiri inkişafdadır. Ancaq sinifdə qalanlar da var. Aqşin Yenisey, oğlum Kəramət, Ümid Nicari, Elnur Uğur, Nuranə Nur, Fərid Hüseyn və bir çox imzalar var. Mən adlarını çəkə bilmədiklərimi mexaniki olaraq xatırlaya bilmədim. Bu yazarların içində bir şey var. Onlar yaradıcılıq təbliğatının qeydinə qalmırlar. Aqşini lap çoxdan tanıyıram, yaxşı şairdi, amma şeirlərində sistem yoxdur. Aqşin elə onda necə yazırdısa, indi də elə yazır. Yəni nəyəsə söykənmir yaradıcılığı, harasa çatdıra bilmir.

Məsələn, Fəridin Amerikada kitabları çıxıb, əlaqələr qurur,  dünya şeiri ilə reaksiyaya girir, özünü dünyaya çırpır, yəni öz qabında qalmır. Aqşində yaxşı baş var, ama o başı dünyaya çırpmır. Kəramət də belədir. “Facebook”da status yazmaqla işin bitmiş sayır. Düzdür, son günlər hekayələr yazır, amma istəyərəm daha da dərinləşsin. Mən məsələni təkcə dünyada çap olunmaqla dəyərləndirmirəm, sadəcə, sintez olmalıdır, böyüməlidirlər. Onlar inkar edirlər, amma inkarın da bir səviyyəsi olmalıdır. Bu uşaqlarda inkar hüceyrəsizdir. Bu, adını mexaniki olaraq yada sala bilmədiyim adamlara da aiddir.

– Oğlunuz demişkən, Kəramət  yazdıqlarına görə tez-tez qalmaqal olur, özü də təhqir edilir, ailəsi də, sizi də söyürlər. Özünə demisiniz ki, ay Kəramət, bir dayan, dədəni söydürmə?

– Əslində Kəramət düz edir, ona haqq verirəm. Mənim ona iradlarım yaradıcılığı, statusları deyil, şəxsi həyatı, çox içki qəbul etməsidir. Bizim ata-oğul davamız bundan ibarətdir. Kəramət bilir ki, gərək bir bomba atasan, oxucu qəfil oyansın, sonra romanı əlinə verib oxudasan. Kəramət bu yolla, belə statuslar yazmaqla böyük oxucu kütləsi toplayır, adamları özünə cəlb edir, sonra görürsən ki, yazdığı hekayəsini oxuyurlar. Bəlkə də oxucu toplamaq üçün lazımdır. Amma demirəm ki, o, statuslarında tam haqlıdır. Kəramətə sözüm bu olur ki, yaxşı hekayələri dövrü mətbuatda çap etdirmək lazımdır. Çox istəyərəm ki, öz yaradıcılığının qayğısına qalsın. Onun enerjisini “facebook”dakı statuslar alır. Kəramətin istedadı çoxdur, amma gərək lap dərinləşsin. Bizdə 60-70 yaşlarda şairlər var ki, hüceyrələri qocalıb. O hüceyrəni cavanlaşdırmaq lazımdır, dünyaya qoşulmaq lazımdır. Dünya həm də Azərbaycandır. Bu mənada Kəramətin statusdan çox, yaradıcılığa vaxt xərcləməsini istəyirəm. Onu da başa düşürəm. Bir dəfə status yazmışdım ki, Kəraməti tabutuma yaxın qoymayın, bir də baxdım, 1000 adam mənə dostluq göndərib. O sözü də elə deməmişdim. Əli Kərimin bir şeiri varıydı, onu nəzərdə tutmuşdum, elə bildilər vəsiyyət eləmişəm. Bu, məni çox məşhurlaşdırdı.

Yazmışdım ki, bu Kəramət məni öldürdü, söydürdü, dostlarımla üz-göz elədi, dedilər ki, Qəşəm oğlundan imtina elədi. Ata oğuldan necə imtina edər? Xalqdır da, özündən quraşdırır. Bir dəfə də demişdilər ki, Kəramətin dədəsinin boyunu yerə soxum, adam elə oğuldan imtina edər? Yəni Kəramət şirin oğlandır, onu çox istəyirəm.

– Qəşəm müəllim, etiraf edirsiniz ki, Kəramət atasını kölgədə qoyub? Yəni o sizdən daha açıq fikirlidir, cəsarətli tənqid edir. Elçibəydən Xəlil Rzaya, iqtidardan müxalifətə qədər hamını qatır qabağına, “yetənə yetir, yetməyənə bir daş atır”…

– Kəramət mən özüməm.  Gəncliyimdə onun kimi olmuşam. Məni buxovlayan bu oldu ki, atam çoban idi, Kəramətin atası isə şairdir. Onu kürəyimə alıb Yazıçılar Birliyinə, mətbuata, “525-ci qəzet”ə, “Yeni Müsavat”a atdım. Mən gətirib atdım bura, özümsə kolxozla, icrayla, avtobaza müdiri ilə vuruşurdum. Çünki atam məni gətirib ora atmışdı. Sonra da Kəramətə görə sakit oldum. O, körpə olanda evə tez gedirdim ki, birdən tez yatar, oynada bilmirəm. Bir növ çılğınlığımı, hisslərimi övladlarıma qurban verdim. Amma bu gün Kəramətdə olan emosiya, çılğınlığın hamısı hekayələrimdə, esselərimdə, məqalələrimdə var. Mən status yazıb qəhrəman olmaqdan hekayəyə keçməyi düzgün bildim.

İnsanların da kitaba, hekayəyə o həvəsi yoxdur. Mən bu baxımdan özümü gizlətdim, Kəramət isə fiziki mənada görsəndi. Əgər internet bağlansa, Kəramətin 80 faizi yoxa çıxar. Ona deyirəm ki, xarici ölkələrə səfər et, çap olun, mən deyib, mən eşidirəm, qulaq asmır. Bu, tək Kəramətə şamil  deyil. Mən şeir, hekayə yazıram, sonra “facebook”a girirəm.

– Kəramətin uşaqlarını, yəni nəvələrinizi görə bilirsiniz?

– Jasmin və Barışı görə bilmirəm. Səbəblərini bilirsiniz. Ümid edirəm ki, vaxt gələcək biz qovuşacağıq.

– Bəlkə, bütün bu hadisələrə, şəxsi həyatında olan böhranlara görə Kəramət özünə yer tapa bilmir?

– Hind yazıçısı Oşonun “Hikmətlər” kitabında yer var: xəstə gəlib deyir ki, məndə xərçəng var, qorxuram, gecələr narahat yatıram. Oşo söyləyir ki, sən xərçəngi özündən kənarda saxlayıb onu gücləndirirsən. Götür onu, bas bağrına, özünkü elə. Ondan sonra xəstə gəlib deyir ki, indi necə rahatam.

Kəramət problemi özündən kənarda saxlamaqla onu gücləndirir. Sonra çıxış yolu kimi gedib status yazır, dava salır, elə bilir ki, problem bununla həll edilir.  Başqasının dərdini həll etmək asandır, öz yaratdığın problemi həll etməyə isə gücün çatmır. Kəramət həmişə özünə problem çıxardır, onu böyüdür, sonra həyatı boyu onunla savaşır. Əslində problemi özü yaratmışdı.

– Dava salan, sıxıntıları olan, yazdıqlarına görə söyülən, yəni bütün bunlarla bərabər Kəramət Böyükçöllə fəxr edirsiniz?

–  Əlbəttə ki, onunla fəxr edirəm. Nəinki fəxr edirəm, Kəramətdən öyrənirəm. Adam uşaqdan daha çox öyrənir. Mən Kəramətin yaradıcılığından da, səhvlərindən də öyrənirəm. Elə müğənni var ki, populyardır, sənəti heç nədir. Mən istəmirəm ki, Kəramət və bütün gənclər belə olsun…

Emil SALAMOĞLU,
“Yeni Müsavat”