XƏBƏR LENTİ

18 İyun 2019
17 İyun 2019

Digər Xəbərlər

07 İyun 2019 - 09:49

Rahid Uluselin aforizmlər kitabı Rusiyada nəşr edilib –kitab Türkiyə və Fransada da çapa hazırlanır

 

Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Мерцание” (“Sayrışma”) adlı aforizmlər kitabı Rusiyanın “Художественная литература” nəşriyyatında çapdan çıxıb.

Müəllifin Strateq.az-a dediyinə görə, kitabın redaktoru Fəxrəddin Hacıyevdir. Fəlsəfə, estetika, kulturologiya, filologiya və tənqidin aktual problemlərinə dair 24 kitabı nəşr edilmiş, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə Azərbaycanı təmsil etmiş Rahid Uluselin fəlsəfi yaradıcılığında mühüm yer tutan aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, hazır tapıntılardan daha çox axtarış düşüncəsini gücləndirmək enerjisini daşıyır. Kitabın əsas məqsədi – yaşadığımız  tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir.

Kitabdan bir neçə aforizmi oxucularımıza təqdim edirik.

 

Üçüncü minillik zaman kimi başlayıb, epoxa kimi yox.

Həqiqət körpə uşaq kimidir – yıxıla-yıxıla böyüyür.

Yeni Çağ onda başlayacaq: İnsan dağıtmadan qurmaq sənətinə yiyələnəndə.

Gələcək – gəlmir, gətirilir.

Azadlığın anatomiyası: İnsanlar öz həyatını dəyərləndirdikləri dərəcədə onun uğrunda mübarizə aparırlar.

Sivilizasiya onu tapdayanları daha çox yadında saxlayıb.   

Siyasət yalnız alternativləri olanda yaşayır.

Alim dünya ilə danışır, şair dünyanı danışdırır.

Bir çox xalqlar yumruq olmaqdan şəhadət barmağı olmağa keçə bilməyib.

İnsanların əhliləşdirilməsi: bunu tarix boyu heyvanlar həyata keçirib.

 Arxandan Şər səni qovduqca, qarşında Onu daha amansız görəcəksən.

 Dərinlərin boğulduğu yer – dayazlıq.

 Kainat özünün ən kiçik zərrəsindən belə böyük deyil.

 

 

 

 

 

 

 

 





Yuxarı Əvvələ Ana Səhifə