XƏBƏR LENTİ

22 Avqust 2019
21 Avqust 2019

Digər Xəbərlər

07 İyun 2019 - 16:32

Meriyadan Şahbaz Xuduoğluna cavab:"Kitab yarmarkasına qadağa qoyulmayıb"

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Qanun” Nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun kitab satışına qadağa qoyulması ilə bağlı iddiasına münasibət bildirib.

BŞİH-in Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov “Report”a açıqlamasında deyib ki, şəhər rəhbərliyinin kitab satışına qadağa qoyması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Şahbaz Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ticarət və Xidmət Departamentinə müraciət edərək “Gənclik” metrostansiyasının çıxışında kitab yarmarkası keçirmək istədiyini bildirib: “Departamentdən Şahbaz Xuduoğluna rəsmi olaraq bildirilib ki, həmin ərazi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin nəzarətindədir, razılıq üçün həmin quruma müraciət edilməlidir. Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyətini ittiham etmək doğru deyil”.

İ.Kərimov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitaba böyük marağı var, hər zaman kitabın təbliğatına üstünlük verib: “O, özü də bir neçə kitabın müəllifidir. Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman həmin ərazilərdə dəfələrlə kitab yarmakaları təşkil edib. Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman “Sahil bağı”nda böyük kitab yarmarkası təşkil edilmişdi. Həmin yarmarkada Şahbaz Xuduoğlu da iştirak edib. İndi isə Şahbaz Xuduoğlunun bu cür mövqedən çıxış etməsi təəssüf doğurur”.

Qeyd edək ki, Ş.Xuduoğlu sosial şəbəkədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitab satışına qadağa qoyduğunu yazıb.