XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

22 Avqust 2017 - 18:00

Dövlət-vətəndaş münasibətlərinin fəlsəfi mahiyyəti: Dövlət öndədir, yoxsa vətəndaş?

Elşən Nəsibov

Siyasət elmləri üzrə fəlsəfə doktoru

Dövlətin şərti olaraq iki tərəfi var: vətəndaş və hakimiyyət. Burada cəmiyyət aralıq olan və dövləti və vətəndaşı sosial sferada mərkəzləşdirən kriteriyadır. Cəmiyyət hər zaman dövləti özünə xidmətə yönəlidr. Bu da özlüyündə dövlətin fərdə xidmət etmələrinin əsaslarını yaradır. Vətəndaş özündən cəmiyyətə və dövlətə, dövlətindən isə cəmiyyətinə  özünə keçidlər edir. Bu keçidlər bağlantıları yaradır. Vətəndaş-cəmiyyət-dövlət kompozisiyası harmonik olaraq sistemi yaradır. Bu da özlüyündə bütövlüyü meydana gətirir. Vətəndaş həm öz dövlətinin, həm də beynəlxalq ictimaiyyətin subyekti, tərkib hissəsi olur. İnsanlarla digər dövlətlərin insanları arasında körpünü isə dövlətləri təşkil edirlər. Bu bağlılıqdan dünyada sosial məzmunlu bağlantı və vəhdət  yaranır. Dünya xalqları arasında üzvi bağlılıq fərdi və qrup şəkilində olur. Dünyanın sosial vəhdəti meydana gəlmiş olur.   

Dövlət-vətəndaş münasibətlərində mövcud olan  iki fəlsəfə məzmunundan, iki fəlsəfə anlayışından  bir fəlsəfi vəhdət meydana gəlir. Konseptuallıq üzərə çıxır. Sistemli vəhdət, uyğun vəhdət və s. Hər iki anlayışın tərkib elementləri bir-birini həm şərtləndirir, həm də bağlayır.  Hər iki anlayışın tərkibində bir-birini tamamlayan elementlər mövcuddur. Məsələn, vətəndaş özü elə dövlət məfhumunun tərkib elementidir. Dövlət də  vətəndaş məfhumunun tərkibi və tamamlayıcısıdır.  Dövlət və vətəndaş anlayışlarında fərq olsa da, əslində bu fərqlilik bir-birinə daxilən xidmət edən, tamamlayan tərkiblərdən yaranan vəhdətdir.

Hər iki məfhumda olan uyğun vəhdət xarakteri  odur ki, bu anlayışlar nəticə (bitkin forma) etibarilə bir-birinin daxilindədir, yanındadır, müəyyənedicidir. Vətəndaş öz dövlətini müəyyən edir, dövlət də öz vətəndaşının sosial-siyasi, mədəni statuslarını təsdiqləyir. Bu sintez proseslərindən bağlayıcılıq və vəhdət üzərə çıxır. Bu hal da, yəni, meydana gələn birləşmələr və strukturlar da  sistemləşdiricidir. Sistemin tərkib elementlərindən ibarətdir. Dövlət-vətəndaş anlayışı bütöv və nəzəridir, həm də real və konkretdir.  Bu iki anlayışın fəlsəfi mənası sistemin tamamlayıcı nəticəsi olan dövlətdə tamamlanır. Dövlət ali ideyalara, ideallara çevrilir. Dövlətin timsalında vətəndaş özünün himayəçi, müdafiəçi tərəfini görür. Dövlət də özünün gücünü elə vətəndaşında və onun potensialında axtarır. Dövlət özünün vətəndaşlarına o zaman fayda vermiş olur ki, ideal-praktik məzmun kəsb etməyə başlayır. Yəni, dövlət öz vətəndaşının potensialı ilə birlikdə özünü ideal məzmuna gətirir. İdeal məzmun isə müəyyən səviyyələrdə onunla tamamlana bilir ki, vətəndaş bu varlığı öz arxasında görə bilir. Dövlət özünün ideal-praktik mənasını həm də vətəndaşlarına güvənməklə əldə etmiş olur.

Dövlət-vətəndaş anlayışı həm də bir məfhumun tərkib hissəsidir. Hər iki anlayış insan və onun hüquqları mərkəzi ətrafında cəmləşir. Deməli, hər iki anlayış tərkibdir.  Burada insan faktoru hər ikisini öz tərkibinə qatır. Dövlət və vətəndaş siyasi məfhumları insanların sosial-siyasi təsdiqini ifadə etmiş olur. Hər iki anlayış insanların siyasi-sosial mənada özünüdərkini təmin edir. Bu da özlüyündə həm dövlətin, həm də vətəndaşın azadlığını təcəssüm etdirir. İnsan özünün sosial-siyasi statusunu dövlət-vətəndaş vəhdətində ifadə edir. İnsan hüquq normaları ilə müəyyən olunmuş əsaslarla öz dövlətində sərbəst və azad şəkildə fəaliyyət göstərir, özünü azad hesab edir. Təbii ki, dövlətin mahiyyətində hüquq normalarının qəbulu və icrası amili  dayandığından, insan öz azadlığını hüquq normaları ilə sərhədlərə salmaq zərurətində və məcburiyyətində qalır. Dövlət-vətəndaş fəlsəfi vəhdəti dövlətin hüquq fəlsəfəsində əksini tapmış olur. Bu da dövlətin insanlarının, xalqının hüquqi varisliyi olaraq meydana gələn və fəaliyyət göstərən bir varlıq olduğunu əks etdirir. Dövlətin hüqüq fəlsəfəsi ona verilmiş vəzifə səlahiyyətlərindən meydana gəlmiş olur. Dövlətin hüquq fəlsəfəsində vətəndaş-dövlət münasibətlərinin məğzi aydınlaşmış olur. Bu hüquq fəlsəfəsi hər iki tərəfin hüquq sahibliyini yaradır.  Dövlət hüququ özündə vətəndaş hüquqlarını norma və çərçivələrə salmış olur. Dövlət hüququ imkan yaradır ki, dövlətin və vətəndaşın hüquqları qeyri-müəyyənlikdən müəyyənliyə doğru inkişaf etsin. Bu da özlüyündə dövlətin və vətəndaşın hüquqlarını genişləndirmiş, fəlsəfi kateqoriyalara münasib olaraq əhatələndirmiş olur. Dövlət və vətəndaş hüquqları resurslar və onlardan  istifadə prinsiplərinə müvafiq olaraq  həm məhdudlaşır, həm də genişlənir. Dövlət-vətəndaş vəhdəti bu genişlənmə və məhdudlaşma proseslərinə münasib olaraq formalaşmağa başlayır.

Dövlət-vətəndaş münasibətlərinin fəlsəfi mahiyyəti dövlətin vətəndaşlarının sifarişləri və təklifləri, təşəbbüsləri əsasında öz fəaliyyət prinsiplərini müəyyən  etməsindədir.  Hər bir vətəndaş özünü həm fərdi və subyektiv, həm də kollektiv qaydada dövlətin tərkibi olaraq görür. Dövlət həm fərd, həm də onun təmsil olunduğu kollektiv (burada ailə, cəmiyyəti kollektivləri – iş yerləri, təhsil yerləri və s.) üçün fəaliyyət göstərmiş olur.

Belə bir sual ətrafında fikirləşmək olar: dövlət öndədir, yoxsa vətəndaş? Əslində, bu iki varlıq bir-birinə bağlıdır. Forma baxımından tamamlayıcıdır. Yəni, dövlət öz daxilində tərkib elementləri ilə, struktur və mexanizmləri ilə vətəndaşı ağuşuna götürür. Vətəndaş da cəm halda dövlətini yaradır. Vətəndaş (sivil anlayışındandır) anlayışı özünün ilk mahiyyətini məhz siyasi baxımdan da sivil dövlət quruluşundan götürür. Bütün hallarda dövlət vətəndaşına xidmət üçün təşkil olunur.  Vətəndaş-dövlət münasibətləri həm bütöv olaraq mövcud olur, həm də vətəndaşın maraqlarının sahələr üzrə təmin olunmasından yaranır.  Bu baxımdan dövlətin sahələri üzrə vətəndaşların münasibətləri formalaşmış olur.

Məlumdur ki, dövlət xalqın və onun cəmiyyətinin təzahürü olaraq tarixin müəyyən bir mərhələsində təşəkkül tapan fenomendir. Müqavilə formasıdır. Dövlət universal məzmunlu, lakin məxsusi bir varlıqdır. Dövlət ictimai bir fenomendir. Onun fəaliyyəti isə siyasi adlanmaqla (bu termin başlıca olaraq  dövlət quruluşu anlayışından meydana gəlir) bütün sahələri əhatə edir.   

Dövlət anlayışı həm mücərrəddir, həm də konkretdir. Onun mücərrədliyi onunla müəyyən olunur ki, şəxsin gözünə
tam sərhədləri ilə görünmür və xəritə və atlaslarda xəyali təsvirlər meydana gəlir. Dövlət daima yaddaşlarda qalan bir varlıq rolunu oynayır. Dövlət aparatı özünün mücərrəd formasını xəyallarda, təsvirlərdə canlandırır.

Dövlət fenomeninin konkret mənası isə dövlətin fəaliyyətində canlanır, əks olunur.  Dövlət hakimiyyətinin qolları və dövlət hakimiyyətinin aparatı öz qanunverici, icra və məhkəmə yolları ilə özünü cəmiyyətdə, vətəndaşlar arasında sübuta yetirir. Dövlət öz hüquqlarından irəli gələrək, vətəndaşların hərəkətlərini müşahidə etməklə cəmiyyətinin nəbzini tuta bilir, ruhunu dərk edə bilir. Dövlət cəmiyyət axarını yönləndirmək iqtidarında olur, həmçinin cəmiyyət axarına müvafiq olaraq özünün siyasət istiqamətlərini formalaşdırır.  

Dövlət vətəndaşların bütün sahələrdə  olan maraqlarını məkan və zaman kriteriyaları üzrə müəyyən edən fenomendir. Dövlət vətəndaşların maraqlarını və bu maraqlardan yaranan  hüquqlarını müəyyən etmək funksiyasına malikdir. Bu funksiya özlüyündə dövlət-vətəndaş münasibətlərini və əlaqələrini formalaşdırır.

Dövlət-vətəndaş münasibətlərinin dövlət-vətəndaş əlaqələrindən bir qədər fərqi ola bilər. Münasibət daha çox mövqe və davranış, etik prinsiplər kimi kriteriyalardan formalaşır. Əlaqə isə daha çox obyektə və vasitələrə söykənir. Dövlətin və vətəndaşın mövqeyi ayrı-ayrılıqda tərəflərin izahlarında, münasibətlərində, fikirlərində meydana gəlir. Mücərrəd anlayışdır. Əlaqələrdə isə konkret predmetlər mövcud olur. Vasitələr çıxış edir. Dövlət-vətəndaş əlaqələri ilə dövlət –vətəndaş münasibətləri də təmin olunmuş olur. Dövlət-vətəndaş münasibətlərindən meydana gələn hüquqlar sayəsində dövlət-vətəndaş əlaqələri formalaşmış olur. Münasibət əlaqələrə, əlaqələr də münasibətlərə şərt verir. Münasibət özü əlaqələrə start verə bilir və istiqamətləndirir. Dövlət-vətəndaş münasibətləri sistemi və dövlət-vətəndaş əlaqələri sistemi və mexanizmisi yaranır.

Dövlət vətəndaş münasibətləri də düşüncələrdə  öz fəlsəfəsinə sahibdir. Dövlət o qədər dərin məzmunldur ki, bu dərinlik kompleks olaraq müəyyən olunur, ifadə edilir. Dərinlik və əhatəlilik üzvi bağlılığı meydana gətirir. Dövlət vətəndaşın ali fəlsəfi  düşüncələrinin məğzidir.  Dövlətin  fəlsəfi elementləri vətəndaşa xidmətlər zamanı dərketmə obyektinə cəlb olunur. Şəxs özünü cəmiyyətdə və dövlətdə ifadə edir. Dövlət-vətəndaş münasibətlərinin ali fəlsəfəsi dövlətin vətəndaşına, vətəndaşın isə dövlətinə bağlılğında və bu bağlılıq məzmununu uyğunluğunda tapır. Dövlət vətəndaşların maraqlarını təmin edə biləcək real və nəzəri-ideal (burada ifadəsi zəngin olan normalar) normalar yaradanda və icrasını təmin edəndə vətəndaş üçün fəlsəfi məzmun kəsb etməyə başlayır. Dövlət hər bir şəxsin iradəsindən asılı olmayaraq, öz tərkib elementləri ilə mövcud olur. Şəxs dövlətində dünyaya gəlir və onun düşüncələrində dövlət büruzə verməyə başlayır. Şəxs (fərd) hər bir yaş dövründə özünün dövlətlə əlaqələrini və münasibətlərinin  yaradılması səhnəsinə daxil olur. Mövcud qanunvericilik normaları və dövlət hakimiyyətinin idarəetmə aparatları öz fəaliyyətləri ilə dövlətdə dünyaya göz açmış və yaşamağa başlamış şəxsin hüqlarını təmin etməklə onunla əlaqələr yaratmağa, münasibətlər formalaşdırmağa başlayır.

Dövlət-vətəndaş münasibətlərinin bu kimi formaları mövcuddur:

– vətəndaş fərdi olaraq öz dövləti ilə əlaqələr yaradır, münasibətlər müəyyən edir. özünün baxışları və hadisələrə münasibəti ilə dövlətlə əlaqələr yaradır. Dövlət siyasətinə münasibət bildirir;

– vətəndaş kollektiv olaraq dövlətlə əlaqələr yaradır və kollektiv münasibətlər ortaya qoyur-kollektiv müraciətləri buna nümunə göstərmək olar;

– vətəndaş öz əmək və təhsil müəssisələrində özünün dövlətlə əlaqələrini yaradır (buna dolayı, vasitəli əlaqələr demək olar);

– vətəndaş hüquq normalarından birbaşa istifadə etməklə dövlətlə əlaqələrini qurur. Məsələn, dövlət idarələrinə müraciətlər olunur.

Vətəndaş-dövlət əlaqələri və münasibətləri iyerarxik qaydada müəyyən olunur. Dövlət aparatları tabeli əsaslarla işləyir.