XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

06 Noyabr 2018 - 22:26

TRAMPIN TALEYİNİ HƏLL EDƏN SEÇKİ- Bugünkü aralıq seçkidə ABŞ prezidenti üçün fəlakət ssenari hansıdır?

“Deutsche Welle”, (Almaniya)

 

Bu gün Birləşmiş Ştatlarda aralıq seçkiləri başlayıb. Bu seçkilərdə Konqresin Nümayəndələr Palatasının tam heyəti, Senatın da üçdə biri seçiləcək. Əsas mübarizə Demokratlar partiyasının Konqresin Nümayəndələr Palatasında üstünlük qazanması uğrunda gedir. Hazırda burada respublikaçılar 236, demokratlar isə 193 mandata malikdir, 6 yer isə boşdur. Nümayəndələr Palatasında nəzarəti ələ almaq üçün demokratlar ən azı 23 əlavə mandat əldə etməlidirlər. ABŞ parlamentində hər iki palata üzrə güc nizamı bu seçkinin nəticələrindən asılı olacaq. Tramp Administrasiyasının həm daxili, həm də xarici siyasətdəki gələcək vektoru da nəticələrin necə olacağı ilə bağlıdır.

Bir qayda olaraq xarici siyasət hətta ABŞ-dakı prezident seçkilərində belə, həlledici rol oynamır. Deməli, aralıq seçkilərində bundan ümumiyyətlə, danışmağa dəyməz.

Lakin indi vəziyyət o qədər də sadə deyil. Trampın qalib olduğu 2016-cı ilin prezident seçkiləri zamanı xarici siyasət kifayət qədər ciddi faktor idi. Eyni hal indi də baş verə bilər. Dolayısı ilə olsa belə.

“Aralıq seçkiləri prezident seçkiləri üçün indikator rolunu oynayır”, – deyə Vaşinqtondakı Corc Meyson Universitetinin xarici siyasət problemlərini araşdıran əməkdaşı Trevor Trall bildirir.

Xarici siyasət bu seçkilərin əsas mövzusu olmasa da belə, onun nəticələri Tramp administrasiyasının bu istiqamətdəki problemlərlə bağlı qərarlarına təsir göstərə bilər. Unutmaq olmaz ki, seçkilərdən sonra Konqresdə xarici siyasətlə məşğul olan komitə rəhbərlərinin ənənəvi dəyişikliyi baş tutacaq.

Nümayəndələr Palatasında xarici məsələlər komitəsinin rəhbəri, respublikaçı Ed Roys, həmçinin Senatda analoji vəzifəni tutan respublikaçı Bob Koker pensiyaya gedəcək. Konqresin Nümayəndələr Palatasının spikeri (ABŞ parlamentində xarici siyasət məsələləri üzrə açar fiqur sayılan) Rol Rayan postunu tərk edəcək. Nəhayət, seçkilərdən sonra Senatın Silahlı Qüvvələr komitəsinin yeni sədri də məlum olacaq. Bu postu bu ilin avqustunda dünyasını dəyişən Con Makkeyn tuturdu.

Həlledici məqam demokratların Senatda və Nümayəndələr Palatasında çoxluğu ələ ala bilib-bilməyəcəyidir. Hazırda çoxluğu respublikaçılar təşkil edir.

Əgər demokratlar Senatda çoxluğu respublikaçıların əlindən ala bilsə, beynəlxalq əlaqələr sferasında nəzərəçarpacaq təsirə sahib olacaqlar.

Bir çox müşahidəçilərin fikrincə, demokratların çoxluğu ələ alma ehtimalı böyük deyil. Amma istisna da olunmur.

İcraedici hakimiyyət üzvlərinin təyinatının və beynəlxalq sazişlərin imzalanmasının Senatın təsdiqindən asılı olduğu nəzərə alınarsa, demokratlar xarici siyasətə məsul olan məmurların təyinatını bloklaya, ticari sazişləri (Trampın xarici siyasətinin əsasını təşkil edən) dayandıra bilərlər.

Bir sözlə, ABŞ prezidenti üçün Senatı və Konqresdə respublikaçıları itirmək katastrofik ssenaridir. Bu ssenari reallaşarsa, demokratlar Ağ Evdəki xarici siyasət intriqalarına qarşı mübarizə üçün ciddi vasitəyə sahib olacaqlar.

Tramp administrasiyası üçün daha az ağrılı ssenari o olar ki, demokratlar Nümayəndələr Palatasında çoxluğu respublikaçıların əlindən alar.

Bu variantı çoxları mümkün hesab edir. Bu halda demokratlar düşərgəsinin təmsilçiləri də prezident administrasiyasının yürütdüyü xarici siyasətə təsir imkanları qazanacaqlar.

“Əgər demokratlar Nümayəndələr Palatasında çoxluğu ələ alsalar, məhkəmə araşdırmaları və ictimai mühakimə sahəsində də çox şeylər dəyişəcək”, – deyə Merilənd Universitetinin professoru Frensis Li bildirir:

“Nümayəndələr Palatasındakı komitələrdə kompleks araşdırmalar başladılacaq. Bura, immiqrasiya siyasəti ilə bağlı inzibati qadağalar da daxildir. Bu araşdırmaların predmeti ilk növbədə qeyri-leqal miqrantlara qarşı münasibətdə qəbul edilən sərt tədbirlər ola bilər”.

Ekspertin sözlərinə görə, Trampın Rusiyayla mümkün əlaqələrinə dair yeni yoxlama başladıla bilər.

Demokratların ABŞ parlamentinin bir və ya hər iki palatada çoxluğa sahib olması onların Trampın daxili siyasətə dair addımlarını ləngidə, hətta bloklaya bilməsinə imkan yaradacaq. ABŞ Konstitusiyasına görə, Konqresin daxili siyasətdəki rolu xarici siyasətdəki ilə müqayisədə daha böyükdür.

Demokratların çoxluğu qazanması həm də respublikaçıların Barak Obamanın dövründə qəbul edilən məşhur səhiyyə islahatlarının tamamən ləğvinə dair arzusunu da gözlərində qoyacaq.

Bu halda Tramp müxalif partiyaya qarşı əvvəlkindən daha çox diqqət ayırmaq məcburiyyətində qalacaq. Çünki ilk baxışda rutin görünən, əslində isə çox vacib olan məsələlərin həlli demokratların təsdiqi olmadan mümkün olmayacaq…

Tərcümə Strateq.az-ındır