XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

05 May 2015 - 10:26

Bizi fəlakətə aparan inhisarlaşma: Lümpenlərin qisası acınacaqlı olur, cənablar!

Heydər Oğuz

ölkənin aqrar sahəsinin inkişafının Kəmaləddin Heydərova tapşırılması xəbərinə qətiyyən təəccüblənmədim. Yalnız ona görə yox ki, nefti ilə bərabər ümidləri də tükənən məmləkətdə aqrar sənayenin inkişafı fövqəladə əhəmiyyət kəsb edən məsələdir və bu fövqəl məsələ də Kənd Təsərrüfatı Nazirliyinə yox, elə Fövqəladə Hallar Nazirliyinə tapşırılmalıdır. Həm də ona görə ki, “fövqəlnazir”in hal-hazırda əlinin altında Kənd təsərrüfatı nazirindən daha çox aqrar-sənaye müəssisələri var və bu müəssisələrdə meyvə sularından tutmuş, süd və süd məhsullarına, dəri, pambıq, zeytun emalına qədər ağla gələn bütün sahələr üzrə istehsal prosesi gedir. üstəlik, gəlin razılaşaq ki, Kəmaləddin Heydərov Azərbaycan oliqarxları içərisində ən vicdanlısı, xalqına can yandıranı hesab olunur. Söz yox ki, “kənd təsərrüfatı ili” elan olunan 2015-ci ildə milli dəyərlərini hələ də qorumağı bacaran “fövqəlnazir”in çiyinlərinə böyük məsuliyyət düşür.

Bununla belə, ölkənin demək olar ki, bütün sənayə və kənd təsərrüfatı müəssisələrinin yalnız bir və ya bir neçə adama tapşırılmasının yaradacağı böyük risklər də var. Bu siyasət, ilk növbədə, inhisarçılığı daha da artıra və nəticədə, ölkə vətəndaşları arasında sosial təbəqələşməni dərinləşdirə bilər. Əhalinin böyük qisminin yoxsullaşması və şəxsi mülkiyyətinin tamamilə əldən çıxmasıyla nəticələnən inhisarlaşma sosial ziddiyyətləri artırmaqla qalmaz, həm də inhisarlaşan sahələrin inkişafının qarşısını alar. Nədən ki, proletariatlaşmış toplumun işgüzarlıq qabiliyyəti olmaz, iqtisadi inkişafın fundamenti sayılan rəqabət ortamı aradan qalxar. Rəqabət mühitinin olmadığı yerdə isə inkişafdan danışmağa bilməz.

Mümkündür ki, Azərbaycan siyasi iradəsi XVIII əsr Avropasının iqtisadi inkişaf modelini rəhbər tutaraq bu siyasətə gedir və milli burjuaziya sinifinin yaranmasını tərəqqinin əsası olaraq qəbul edir. Bəlkə də 200 il əvvəlki dövr üçün milli burjuaziya yaratmaq siyasəti, həqiqətən, iqtisadi inkişafın ən gözəl modeli sayıla bilərdi. İqtisadiyyatın qloballaşdığı indiki çağımızda isə bu, milləti yoxsullaşdırmaqdan başqa heç bir işə yaramaz. çünki Avropa burjuaziyası öz əhalisinin əlindən son tikəsini aldığı üçün yox, qloballaşdığı üçün avropalıların böyük qismi lümpenləşməmiş və sənayenin gətirdiyi xarici kapitalın hesabına rifah toplumunun üzvlərinə çevrilmişdir.

Bugünün Avropası isə, ümumiyyətlə, ölkə iqtisadiyyatının bütün iplərini əlində cəmləşdirən inhisarçılıqdan vaz keçmişdir. İndi Qərb ölkələri xalqın rifahını düşündüklərindən inhisarçılığa qarşı amansız mübarizə aparır və sinfi ziddiyyətlərin qarşısını almaq üçün orta və kiçik təsərrüfatlar yaratmağa üstünlük verirlər. Məsələn, qlobal böhrandan ən az təsirlənən Almaniyanın orta və kiçik sahibkarlıq subyektləri sayəsində ayaqda qaldığı bildirilir. Yaxud Avropa Birliyi böyük ehtiyac duyduğu rus qazından məhz inhisarçılığa yol açacağını düşündüyündən imtina etdiyini əsas gətirir.

Avropanın iqtisadi inkişafını əsas götürüb milli burjuaziya yaratmaq istəyi təkcə bizimkilərin ağlına gəlmiş məsələ də deyil. XIX əsrin sonlarında Osmanlı da bu siyasəti həyata keçirməyə çalışmış və Tənzimat fərmanlarıyla həmin prosesin önünü açmağa çalışmışdır. Bir müddətdən sonra Osmanlı irsi üzərində qurulan Türkiyə də eyni siyasəti yürütmüş, dövlət nəzarətində olan inhisarlar yaratmışdır. Fəqət uzun illərdən sonra bu siyasətlə heç nəyə nail olmağın mümkünsüzlüyünü anlamış, son dövrlərdə ondan vaz keçincə, iqtisadi inkişafa qədəm qoymuşdur.

İnkişaf etməkdə olan və bizim kimi üçüncü dünya dövlətlərində inhisarçılığın yalnız yoxsullaşma gətirməsinin başlıca səbəbi yaradılan sənaye müəssisələrinin bazar darlığıyla bağlıdır. Zira oliqarx dediyimiz inhisarçıların xitab etdiyi istehlak sahəsi öz ərazimizlə məhdudlaşır. Onlar xarici bazara mal çıxara bilmir, çıxarsa belə, qlobal sənaye qurumlarıyla rəqabət aparmaq imkanına malik olmurlar. Təkcə ona görə yox ki, qlobal bazar daha böyük güclərin əlindədir və o əllərdən bu payı qoparmaq aslanın ağzından yağlı tikəni almaq qədər təhlükəli və müşkül məsələdir. Həm də ona görə ki, bizim kimi toplumların yaratdığı inhisarçılığın təməli öz sərhədlərimiz daxilində fəaliyyət üzərində qurulduğundan, onlar keyfiyyətli və ucuz mal istehsal etmək imkanına da malik deyil.

ölkə sərhədlərini xarici mallara bağlamaqla həyata keçirilən inhisarçılıq siyasəti, istər-istəməz, rəqabətsiz ortam yaradır və necə gəldi istehsal olunan mallar zorakı yollarla daxili bazarda satılır. Nəticədə, mallara qoyulan baha qiymət onsuz da yoxsullaşmış toplumun əlində olan-qalan varidatı da oliqarxların ovcunda cəmləşdirir. Bütün sənaye müəssisələrini özündə cəmləşdirən holdinqlərin ortaya çıxması isə bir müddətdən sonra ölkəni natural təsərrüfatın hökm sürdüyü qapalı ibtidai icma quruluşuna aparır – yəni, özü satıb özü alan, eyni holdinqin müxtəlif şirlətləri arasında mal müdabiləsinə söykənən bir təsərrüfata.

Əhalinin bu təsərrüfatın kənarında qalan böyük hissəsi isə lümpenləşməyə məhkumdur. Hakimiyyət, Marksın dediyi kimi, lümpenləşmiş cəmiyyətin yalnız dilənçilik, fahişəlik, dələduzluq, oğurluq və sairə kimi üzqızardıcı işlə məşğul olmaq səbəbiylə sosial-siyasi cəhətdən aktivliyini itirəcəyinə bel bağlayırsa, yanılır. İndi qlobal dünya gerçəklərinin gətirdiyi yeni münasibətlər sistemi var. Bütün ölkələrin lümpenlərinə sahib çıxacaq güc mərkəzləri, terror təşkilatları və terroru öz xarici siyasətinin vasitəsinə çevirən dövlətləri məhz bu cür ictimai münasibətlər nəticəsində öz ağuşlarına sığınan qurbanlarını gözləyirlər.

Bu yaxınlarda xarici mətbuatda rast gəldiyim bir informasiya bəndənizi narahat edən həmin ehtimalın nə qədər həqiqət olduğundan xəbər verir. Məlumata görə, Suriyada müxaliflərin əlinə keçən rejim tərəfdarı iki savaşçı Əfqanıstandan gəldiklərini və hər ay İran dövlətindən aldıqları 600 $ maaş müqabilində döyüşdüklərini etiraf edirdi. Bu gün elə həmin Suriya və İraqda qarşı tərəfdə vuruşanların da böyük əksəriyyəti lümpenləşmiş Orta Asiya və digər Şərq xalqlarının övladlarıdır. Azərbaycanın da xeyli lümpenləri bir qarın çörək üçün bu coğrafiyalara gedir. İraqda öldürülən bir azərbaycanlı İŞİD-çi ailəsinin göz yaşıyla mətbuata anlatdığı ürək parçalayan sözlər heç zaman yadımdan çıxmayacaq: zavallı qadın ərinin cibindəki 5 manatla İraqa vuruşmağa getdiyini deyirdi! Bütün məqsədi isə yoldaşını və uşaqlarını çörək üzünə həsrət qoymamaqdı!

Cənablar, XVIII əsri
n vəhşi kapitalizmi mərhələsindəki Avropasayağı inkişaf üçün zavallı millətə bu qədər acı çəkdirməyə dəyərmi? Onları düşünmürsünüzsə, heç olmasa, öz rifahınız haqqında fikirləşin. Bu gün qlobal güc mərkəzlərinin hədəfi halına gələn coğrafiya Yaxın Şərqdir. Sabah Yaxın Şərqin Cənubi Qafqazla əvəzlənməyəcəyinə heç kim təminat verə bilməz. Nə yazıq ki, bunun bəzi işartıları da artıq görünməkdədir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi belə, ABŞ-ın növbəti hədəfinə çevrildiyimizi açıq şəkildə bildirir və dünyanın super gücünə barmaq silkələyir. Yadımızdan çıxarmayaq ki, vaxtilə Səddam Hüseynin informasiya naziri də girdiyi sığınacaqdan ABŞ-a hədə-qorxu gəlirdi. ABŞ əsgərləri isə o zaman Bağdadın qapısına dayanmışdı. Və barmaq silkələnən həmin ABŞ indi İraqda silahlandırdığı lümpenlər vasitəsilə ağına-bozuna baxmadan hər kəsin qanını tökür.

Azərbaycanı bu durumdan sığortalamağın yeganə yolu bütün sahələrdə inhisarçılığın aradan qaldırılması, oliqarxların əlindəki fabrik və zavodların onu işlədənlərə verilməsi, xüsusilə aqrar təsərrüfatın kəndlilərə həvalə olunmasıdır. Milli zənginlərimiz bu işdə rol almaq istəyirlərsə, öz əllərində müxtəlif yollarla topladıqları kapitallarını yerli təşəbbüskarlara kredit olaraq verməli, bunu öz finansal maraqlarına zidd hesab edərlərsə, uzun müddətliyə kiçik faizlərlə kerdiklərini geri almağı düşünməlidirlər. Və bu işə yalnız Kəmaləddin Heydərov yox, bütün oliqarxlar cəlb olunmalıdır. Batmaqda olan gəminin yeganə xilası budur. Yoxsa, lümpenləşdirdirib xarici qüvvələrin qucağına atdığımız bu nəcib milləti bir-birinə qırdırmağın qarşısını almaq mümkün olmayacaq.

Strateq.az