XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

08 May 2015 - 17:39

Şalvar məsələsi

Bu gün işdən qayıdanda Nicatı evdə görmədim. Təəccüblə “bu gecə vaxtı hardadır?” deyə soruşdum. Yoldaşım da eyni təəccüblə “işdədir”-cavabını verdi.

– Nə işi? – demək istəyirdim ki, birdən xatırladım…

Bir neçə gün öncə, Nicat dəfələrlə yanıma yaxınlaşıb heç nə demədən geri qayıdırdı. Başım yazı-pozu işinə qarışsa da, ətrafımda baş verən bu hərəkətliliyi hiss edir, amma reaksiya vermirdim. Sonra düşündüm ki, bəy əfəndi sözlü adama oxşayır, bəlkə, vacib sözü var, utandığından mənə demır. Ən yaxşısı çağırım, özüm ağzını arayım.

– Nicat – deyə səslədim. Qaçaraq yanıma gəldi. Mənə nəsə sözü olub-olmadığını soruşdum.
– Var – dedi.

– Nə olub?

– Ata, bir söz deyəcəm, amma “yox” deməyəsən, ha!

– De, görək, hələ. Belə şərtli danışma. Bəlkə “hə” deyiləsi söz deyil.

Susdu, sifətinin nuru və gülüşü qaçdı. üz-gözünü turşudub geri çevrilərək getmək istəyirdi. Yanımdan belə kor-peşman qayıtmasına razı ola bilməzdim. üstəlik, deyə bilmədiyi sözün nədən ibarət olduğunu da maraq edirdim. Yanımdan çox uzaqlaşmadan qolundan tutub gedişinə mane oldum. Yenidən soruşdum:

– Nicat, sözün nəydi? Narahat olma, zərrə qədər yeri olsa, “hə” deyəcəyəm. Dərdini anlat.

– Heç nə, ata. İşləmək istəyirəm. İcazə almağa gəlmişdim.

Düzünü desəm, bu sözü ondan heç gözləmirdim. Axı, 9-cu sinifdədir, pis də oxumur. İki ildən sonra qəbul imtahanına gedəcək. Bu zəhrimar iş məsələsi hardan gəlib uşağın ağlına?

Heyrətli baxışlarla üzünə baxdım. Gözünün dərinliyində ümid işığı bərq vururdu. Mənə elə gəldi ki, “hə” deyəcəyimə ümidi var idi, o da bu heyrətamiz baxışımın altında tamamən söndü.

İnanmayacaqsınız, mən o sönmə prosesini əməlli-başlı izlədim. İşığı sönən gözünü kənara çəkərək günahkar adamlar kimi başını aşağı salıb rədd cavabımı gözləyirdi. Bir an bu cansıxıcı vəziyyətdən qurtulmağa çalışırdı. Onun üzüntüsünü görmək bir ata kimi qəlbimi yaralayırdı. Nəhayət, onu vəziyyətdən çıxartmaq üçün soruşdum:

– Niyə işləmək istəyirsən? Bəs, dərslərin necə olacaq?

– Dərsləri axsatmadan işləyəcəyəm. Alacağım bir-iki şey var. Onların pulunu özüm qazanmaq istəyirəm.

– Nədir o bir-iki şey? Allaha şükür, Məşədi İbad demişkən, mən nə qədər ölü olsam da, dəyərəm min diriyə. Qorxma, istədiyini ala bilərəm.

– Yox, ata. Mən özüm almaq istəyirəm. İşləməyin nəyi pisdir ki? Mən də artıq böyümüşəm. İndi vaxtım da var. Bir də ürəyim istədiyi vaxt işə gedəcəm. Gündəlik işimin müqabilində 15 manat pul qazanacam. öz şalvarımı özümün almaq hüququm yoxdur?

Oğlumun bu sözlərindən əməlli-başlı təsirləndim. “öz şalvarını özü almaq” söhbəti mənə xeyli tanış idi.

Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik atam məni 8-ci sinifi qurtaran kimi tikintilərin birinə fəhlə işinə düzəltmişdi. Məqsədi dərslərimi pis oxumağımın gələcəkdə nəylə nəticələnəcəyini əyani şəkildə mənə göstərməkdi. Rəhmətlik hesab edirdi ki, orta məktəbi yaxşı oxumayanlar mütləq fəhlə olacaqlar. Fəhləliyin dadını indidən görsəm və qazandığım maaşla əynimə şalvar belə ala bilməsəm, mən də oxuyub adam olaram.

Atam bu sözləri hər yerdə deyirdi. Kim onu oğlunu inşaata göndərdiyinə görə qınasa verdiyi cavab eyniydi:

– Zəhmət çəksin, öz şalvarını özü alsın.

İndi həmin şalvar söhbəti uzun illərdən sonra oğlumun dilindən səslənirdi.

üstəlik, onun işləməsi üçün özəl bir səbəbi də yoxdu. Hər halda mənim kimi pis oxuyan şagird deyil. Girdiyi hazırlıq imtahanlarından məktəblərində ən yüksək xalı toplayanlardan biridir. O ki qaldı şalvara, şükür Yaradana, oğlumu çılpaq gəzdirəcək qədər də kasıb deyildim.

Anidən yadıma bir hadisə düşdü. Bir müddət öncə Nicat oxuduğu məktəbin direktorunun məni dərsə çağırdığını demişdi. Səbəb isə xalası oğlunun toy günü Nicatın məktəbə getməmısiydi. Direktor oğlumun sözünə inanmamış, faktın valideyn tərəfindən təsdiqlənməsini istəmişdi. Mən də yarıkönül məktəbə getmiş, onunla görüşmüşdüm. Direktor hansı uşağın valideyni olduğumu müəyyənləşdirmək üçün Nicatın arxasınca adam göndərmişdi. Bir neçə dəqiqədən sonra qapını astaca döyüb icazə aldıqdan sonra içəri girən Nicatı görəndə ürəyimdən qara qanlar axmışdı. Nədən ki, əynindəki şalvar xeyli qısa, pencəyi isə göbəyindən azacıq aşağıda dururdu. Evə gəlib anasından bunun səbəbini soruşmuş, niyə ona bu qədər qısa kostyum aldığıyla maraqlanmışdı. Yoldaşım bu il Nicatın xeyli boy atdığını, dərs ilinin əvvəlində alınan paltarın ilin sonunda əyinə gəlmədiyini və o yaşdakı bütün uşaqlarda belə olduğunu bildirmişdi. Mən də məcburən buna inanmışdım.

İndi birdən-birə şalvar söhbəti ortaya çıxanda, barmağımı dişlədim: Əcəba, Nicat yeni məktəb formasımı almaq istəyirdi?

Amma beynimi qurcalayan bu sualı ondan soruşa bilmirdim. Ona görə ki, şalvarının qısa olduğunu hətta mənim də bildiyimi duyub daha çox utanmasın. Zira yazı-pozu işlərinə çox baş qarışdırdığımdan və ümumiyyətlə, detallara çox əhəmiyyət vermədiyimdən bu cür incə məsələləri ən gec görənlərdən biri, adətən, mən oluram. Bunu Nicatın özü dəfələrlə üzümə vurub. İndi kiçik detalları ən gec görən atasının belə fərqinə vardığı ayıbını ona xatırlatmaq düz olmazdı.

Məni xəyallardan bir səs ayırdı:

– Ata, niyə belə çox fikirləşirsən? – deyən oğluma baxdım. Gözlərində hələ də müəmmalar dolaşırdı. Mənim qəti şəkildə “yox” deyəcəyimi düşünsə də sanki möcüzə gözləyirdi.

– Axı, oğlum, şalvarını mən də ala bilərəm. Sən, ən yaxşısı, dərslərini oxu. Qəbul imtahanlarına cəmi-cümlətanı 2 il qalıb. İki il qısa olmasa da, uzun zaman da deyil. Ciddi hazırlaşmalısan. Ali məktəbə girəndən sonra nə qədər istəsən, işləyərsən.

Bu sözlərimdən xeyli pəjmürdə olan Nicat asta-asta dilləndi:

– Məsələ şalvar məsələsi deyil. Allaha şükür, şalvarıma nə gəlib? Mən sadəcə boş vaxtımda işləmək istəyirəm. Boş vaxtı işdə keçirməyin nəyi pisdir?

– Bəs, iş yerin hardadır?

– Məhəllənin sonundakı şadlıq evində. Beşinci gün dərslərim çox olmur. Axşam saat 5-də gedib gecə saat 12-də evə gələ bilərəm. Yox ey, mən anlamıram, işləməyin nəyi pisdir? Sən özün mənim yaşında işləməmisən?

Verilən bu suala cavab tapa bilmirdim. Yadıma yenə şagirdlik dövrümdə yaşadıqlarım düşdü. Atam məni fəhləliyin dadını görüm deyə işə qoyarkən, ümid edirdi ki, fəhləliyin ağırlığına dözə bilməyəcək və tövbə edib kitablarıma sarılacağam. Mən isə işə xüsusi həvəslə girişmişdim. Rəhmətlik planının baş tutmadığını görərək arada peşman olur və məni işdən ayırmağa çalışırdı. Di gəl ki, hər dəfə bu söhbət ortaya atılanda, onun təbiriylə, “öz şalvarımı özüm almaq istədiyimi” deyirdim. Təbiətcə sərt olduğu qədər, məcazdan anlayan atam hər dəfə bu istəyimi gülüşlə qarşılayar, fəhləliyə davam etməyimə icazə verirdi.

Daha sonra erkən yaşda başladığım fəhləlik çox işi
mə yaradı. Məktəbi bitirdikdən sonra atamı itirmiş, evi fəhləliklə keçindirməyə başlamışdım. Dost-tanışın qınağıyla və məni oxumuş görmək istəyən atamın ruhunu incitməmək naminə təhsil almağa getdiyim Türkiyədə də cibim boşalan kimi özümü inşaatlara atardım. Şagirdlik dövrümdə yiyələndiyim bu peşə olmasaydı, imkansızlıqdan oxuya bilməzdim. Hətta bu gün belə kimsənin önündə boyun əyməməyimin səbəbi dar ayaqda gedib fəhlə işləyə biləcəyimə inancımdır. Bütün bunları düşünə-düşünə 15 yaşlı oğluma əsla inana bilməyəcəyi cavabı verdim:

– Buyur, Nicat, get, öz şalvar pulunu özün qazan!

Oğlum sevincindən atılıb düşür, arada boynuma sarılıb məni öpürdü…