XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

21 Mart 2016 - 13:43

Hansı daha dəyərlidir –Yunan nazı, yoxsa Azərbaycan qazı?

heyderoguz-225x215

Borc içində üzən Yunanıstan və kreditor arasında yenə razılıq əldə olunmadı.

Strateq.az xəbər verir ki, bu məlumatı Yunanıstanın Maliyyə Nazirliyi yayıb.

Məlumata görə, Afinada Avropa Birliyi qurumları və Beynəlxalq Valyuta Fondu (BVF) nümayəndələri ilə keçirilən danışıqlarda 86 milyard avroluq üçüncü qurtarma paketi müzakirə olunub. Amma heç bir ümumi razılığa gələ bilməyən tərəflər danışıqları katoliklərin Pasxa bayramından sonraya saxlayıblar.

Razılaşmaların konkret hansı səbəbdən baş tutmadığı bildirilməsə də, bu zamana qədər Yunanıstanın əsasən islahatlar paketində nəzərdə tutulan məmur və təqaüdçü ixtisarlarına etiraz etdiyi məlumdur. Dəfələrlə bu tələblərə isti baxmadığını ortaya qoyan yunan hökuməti iki ayağını bir başmağa dirəyib seçicilərini özündən narazı salmaq istəməyib.

Ümumiyyətlə, bu zamana qədər Yunanıstanın başına nə gəlibsə, seçici marağından gəlib. Əvvəlki iqtidarlar dövründə də müxtəlif beynəlxalq maliyyə qurumlarından alınan kreditlər seçici rəğbəti qazanmaq üçün maaşları artırmağa yönəldilib. Nəticədə Yunanıstanın yüz milyardla borcu yaranıb. Borcların ödəmə zamanı yaxınlaşanda isə Afinanın bu qabiliyyətdə olmadığı ortaya çıxıb və özünün ən ağır iqtisadi çöküşünü yaşayıb. Hakimiyyətlərin bir-birini əvəzləməsi də onu yuvarlandığı dərin böhrandan çıxara bilməyib, ölkə iflasa gedib.

Yunanıstanı itirmək və Rusiyanın ağuşuna atmaq qorxusu yaşayan Qərb dövlətləri və onların maliyyə qurumları iflasından sonra belə Yunanıstanla danışıqlara başlayıb və yenə də ona külli miqdarda kredit ayırıblar. Təxminən, 86 milyard evroluq yeni kredit paketinin 3 il ərzində ölkəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, Yunanıstanın 11 milyona yaxın əhalisi var.  Yəni, təxminən, bizim qədərdir. Yunanıstan bizdən fərqli olaraq zəngin neft və qaz ehtiyatlarına da malik deyil. Bunun əvəzində həmin ölkənin başqa sərvətləri var: Avropa qitəsində yerləşməsi, demokratik üsul-idarə ilə idarə olunması və sairə kimi. Bizim isə əlinə keçən dövlət əmlakını acgözcəsinə həzm-rabedən keçirən nazirlərimiz, komitə sədrlərimiz, iri məmurlarımız var. Odur ki, Yunanıstanın borcları, heç olmasa, seçicilərin rəğbətini qazanmağa, bizim aldıqlarımız isə oliqarxları daha çox zənginləşdirməyə sərf olunur. İkimiz arasındakı bu önəmli fərq Yunanıstanla Azərbaycana fərqli beynəlxalq münasibəti də müəyyənləşdirir.

Təsadüfi deyil ki, dünya bazarında neft qiymətlərinin enməsiylə iqtisadi böhran keçirən Azərbaycana bir müddət əvvəl sağa-sola  səpələdiyimiz miqdarda belə kredit verməyən Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Birliyi qurumları Afinaya indiyə qədər 100 milyardlarla dollar borc verib, indi də verməkdədir. Üçüncü borc paketinə qədər bu ölkənin 500 milyard dollara yaxın borcu olduğu bildirilirdi. Ötən il ölkənin çətin vəziyyətə düşdüyünü görən beynəlxalq qurumlar yenə ona 86 milyard evroluq (100 milyard dollar) borc ayırdılar. Amma bu belə yunanlıların nazını almağa kifayət etmədi. Halbuki, sözügedən ölkə elə həmin il iflas etdiyini, xarici borclarını isə pulu olanda qaytaracağını açıqlamışdı.

Azərbaycana gəldikdə isə, hətta 1.5 milyard kredit ayırmaq üçün Beynəlxalq Valyuta Fondu önümüzə xeyli islahat tələbləri çıxartdılar. Etimallara görə, hakimiyyət bu islahatlara gedə bilmədiyindən BVF nümayəndələri səssiz səmirsiz ölkəni tərk etdilər. Baxmayaraq ki, nefti, qazı olan ölkəmiz Yunanıstanla müqayisədə bizə veriləcək olduqca kiçik həcmli borcu təbii sərvətlərindən əldə edilən vəsaitlər hesabına da ödəyə bilərdi. İflas etmiş Yunanıstanın öz borcunu qaytaracağı isə sual altındadır.

Deməli, iki dövlətə göstərilən bu fərqli münasibətin iqtisadi yox, siyasi əsasları var. Görünür, başlıca səbəb Qərbdən üz döndərən, heç bir islahat tələblərinə yaxın durmaq istəməyən bir siyasi sistemə güvənsizlikdir.

Başqa təbirlə desək, Qərbin gözündə yunan nazı Azərbaycan qazından daha dəyərlidir.

Heydər Oğuz

Strateq.az