XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

28 Aprel 2016 - 11:35

Canlı şəhidlikdən şəhidliyə:Haqqa yürüşün mübarək, Əbdül bəy!

 

ebdul rasim

“Canlı şəhid”. İlk baxışdan, iki bir-birinə zidd məfhumdan əmələ gələn bu söz birləşməsini zaman-zaman bir çox qəhrəmanlar haqqında deyirik. Girdiyi ağır döyüşlərdən sağ-salamat qurtulan, aldığı yaralardan ölməyən, ölümsüzlüyü ilə düşmənə göz dağı, millətə qürur mənbəyi olan hər kəsə bu ünvan yaraşır. Bu şərəfli ünvan yaxından tanıdığım Əbdül Məmmədovun da tam boyuna biçilmişdi.

1991-ci ildə Naxçıvanın Mil təpəsinin geri alınmasında misilsiz qəhrəmanlıq göstərərkən ölümcül yara alan canlı şəhid həyatı boyunca dəfələrlə kliniki ölüm keçirmiş, hər kəsin ümidini kəsdiyi bir zamanda isə yenidən həyata qayıtmışdı. Hər bir igid ömründə yalnız bir dəfə şəhid olmaq şərəfinə nail ola bilirsə, Əbdül Məmmədov bu ölümsüzlük şərbətinin son 25 ildə dəfələrlə dadmışdı.

Ölümsüzlüyü ilə ölüm mələyinə belə meydan oxumağı bacaran bu insanın həyat möcüzəsinin səbəbləri, şəxsən mənim üçün indi-indi gün işığına çıxır. İlahi ona hər kəsin çəkə bilməyəcəyi müqəddəs bir missiya yükləmişdi: Əbdül Məmmədov bu millətin çiyinlərində axirət evinə yalnız şəhid kimi yox, həm də şəhid atası kimi getməliymiş. Canından çox sevdiyi Vətən uğrunda həyatının ən dəyərli parçasını belə qurban vermədən getməsi onun vətənpərvərliyinə kölgə sala bilərdi. Ədbül Məmmədov üzərindəki bu kölgə ilə cisminin qovuşacağı torpağa, ruhunun yüksələcəyi ilahi dərgaha ən uca yaraşığı gətirməyə bilərdi. Odur ki, bütün kölgələrdən sıyrıldıqdan sonra Haqqa ən son yürüşünə çıxdı.

Həyatın ən ağır sınağı övladla imtahandır. Uca Yaradan həyat məktəbində hər kişinin bu imtahana dözə bilməyəcəyini nəzərə alıb, yalnız seçilmişlərini onunla sınağa çəkir. Bir çox peyğəmbərlərin övlad imtahanına məhkum edilməsinin sirri də məhz bu çətinliklə əlaqədardır. İbrahim peyğəmbərin oğlu həzrət İsmayılı öz əlləriylə kəsmək istəməsi, Məhəmməd peyğəmbərə hədiyyə edilmiş bütün oğullarının körpəykən dünyasını dəyişməsi, Yaqubun Yüsif həsrəti bu seçkin şəxsiyyətlərin müqəddəslik zinnətinin daş-qaşlarıdır. Hətta bir çox peyğımbərlər belə bu ağır imtahanda çətinliklə ayaqda dura bilmişdilər. Yaqub peyğəmbərin oğul həsrətilə ağlamaqdan gözünün tutulması övladla imtahanın nə qədər ağır olduğuna dəlalət edir.

Əbdül Məmmədov da bu imtahandan üzüağ çıxmağı bacardı. Rasimin şəhadətilə əlaqədar ona başsağlığı vermək üçün etdiyim zəngdə danışmağa mən söz tapa bilməmişdim. Axı hansı söz şəhid atasının sızıldayan yarasına məlhəm ola bilərdi? Söz tapmaqda çətinlik çəkdiyimi görüb o, mənə təskinlik verməyə başlamış, igidlik qürurundan və səbrliliyindən bir addım belə geri çəkilmədən “Vətən sağ olsun, dayoğlu! Rasim layiq olduğu ucalığa yüksəldi. Allah hər sevdiyi bəndəsinə, bu ünvana layiqəmsə, mənə də həmçinin belə xoşbəxtliyi nəsib etsin!” demişdi.

Fədakar bibim oğlunun əsrarəngiz təmkini qarşısında dilim tutulmuş, gözlərim yaşarmışdı. Özümü zorla toparlayıb “Sən də yaşayan şəhidsən, bibioğlu! Allah qarşısında sənin mərtəbən daha yüksəkdir!” deyə bilmişdim.

Telefonumu söndürdükdən sonra onu oğlundan üstün tutmağımın canlı şəhidin ruhuna toxunacağını fikirləşmiş, dediyim sözə peşman olmuşdum. Axı hər bir ata oğlunun özündən bir addım öndə olmasını istəyər. Şəhadət mərtəbəsini ən uca yüksəklik olaraq görən Əbdül bəy də, yəqin ki, belə düşünürdü. Bəlkə də oğlunu özündən əvvəl yola salması da bununla bağlı idi.

Nöqsanlı fikir ifadə etməyimin xəcaləti içərisində yeganə təsəllim mənim həqiqətən də, elə düşünməyim idi. Hər halda Əbdül bəy öz şəhid ovladının çiynində son mənzilə getməmişdi. Deməli, şəhidlik ünvanında onunla eyni mərtəbədə idisə, şəhid atası statusunda bir addım öndə idi. Dünən isə “yaşayan şəhidlik” ünvanından şəhidlik mərtəbəsinə yüksəlməyin son addımını da atdı.

Yüksəldiyi mərtəbə nə qədər ali, müqəddəs məkan olsa belə, Ədbül bəyi itirmək mənim üçün çox sarsıdıcı oldu. O, təkcə mənim bibim oğlu deyildi. Yaşayan şəhidliyi, şəhid atalığı və nəhayət, şəhidliyi ilə də təkcə mənim doğmam sayılmır. Əbdül bəy bu xüsusiyyətləri ilə bütün millətimizin şərəf qalası kimi hər birimiz üçün əzizdir. O əzizlikdən mənə də hər bir vətən oğlu qədər pay düşür. Amma onu mənə bir köynək daha yaxın edən başqa bir özəlliyi vardı. Bu da atam öləndən sonra məni öz qoltuğu altına alan yeganə qohumum olmasıydı.

Ailəmizin həmin ağır günlərində Əbdül bəy hər kəsdən daha çox önə çıxıb bizim üçün əlindən gələni əsirgəməmişdi. Məni sex müdiri olduğu "DSK"-da işə götürüb qaynaqçılığı öyrətmiş, hələ şəyirdkən belə, o dövrün ən yaxşı maaşını yazmış, əlimi çörəyə çatdırmışdı. Özü sadə əmək adamı olmasına və 1990-cı ilin ağır iqtisadi durumuna baxmayaraq, son çörəyini mənimlə bölüşmüşdü. Bəli, bu qədər alicənab idi Əbdül bəy!

"DSK"-da işlədiyimiz zaman zəhmətsevərliyiylə yanaşı, vətənin müdafiəsində də yaxından iştirak edir, əlinə silah alıb yurdumuzun qorunmasında əvəzsiz xidmətlər göstərirdi. O, bütün həyatını işə və döyüşə həsr etmişdi. Qardaşları Sərdar Cəlaloğlu və Qurban Məmmədov siyasət meydanlarında rus imperializminə qarşı amansız mübarizədə, Əbdül bəy isə vətənin keşiyində idi. Cəsarətində, mübarizliyində, vətənsevərliyində onlardan qətiyyən geri qalmır, hətta daha böyük şücaət göstərirdi. Apardığı mübarizədə isə qətiyyən siyasi və ya maddi təmənna güdmürdü. Yeganə istəyi milli-azadlıq hərəkatını mümkün olduğu qədər az itkiylə tamamlamaq, imperializimin əlində  Azərbaycana qarşı silaha çevrilən erməni işğalçılarının önünü kəsmək idi.

Qəlbindəki bu istək də onu döyüşlərdən döyüşlərə səsləyir, qəhrəman kimi mübarizə aparmağa sövq edirdi. Elə bu vətənpərvərliyi də Əbdül bəyin yeni yaradılmış Dövlət Müdafiə komitəsində gətirmişdi. Sonradan üzərində Milli ordumuzun inşa edildiyi bu komitənin xüsusi əlahiddə batalyonuna rəhbərlik edən Əbdül bəy öz əsgərləriylə həmişə ön cəbhələrdə döyüşürdü. Ən ağır döyüşlərdə həyatını sipər etməkdən çəkinmirdi. Hazırda belə Naxçıvanın qorunmasının ən strateji zirvələrindən sayılan Milin alınması Ədbül bəyin adıyla bağlıdır. Qismətə bax ki, bu strateji yüksəkliyin əldə olunmasında ən ağır bədəli də elə özü ödədi. Bel sütununu zədələyən güllə mərmisi onun ağ ciyərini də yaralamışdı. Həkimlər “artıq bu yaradan yaşamaz” desələr də, bu qəhrəman oğulun ermənilərlə mübarizəsi 25 ildən bəri sürən əcəllə savaşa çevrildi. Bibim oğlu əcəllə savaşın da qazisi olmağı bacardı.

Əbdül bəyin mənəvi məziyyətləri təkcə vətənpərvər və alicənab insan olmaqla məhdudlaşmır. Oğlu Rasimin həyat yolu və şəhadəti onun həm də öz müqəddəs missiyasını övladlarına ötürməyi bacaran yaxşı bir valideyn olduğunu da təsdiqləyir. Təsadüfi deyil ki, atası Naxçıvanın ən strateji yüksəkliyinin alınmasına adını yazdırdığı kimi, Rasim də 4-günlük müharibə zamanı əldə etdiyimiz Lələtəpənın ermənilərdən təmizlənməsi əməliyyatının qəhrəmanıdır. Hələ ki, 4 günlük müharibənin yeganə qəniməti kimi anılan bu təpənin işğaldan azad olunmasında o da atası kimi batalyon komandiri olaraq yer almışdı. O da öz müqəddəs qanıyla strateji əhəmiyyətli bir təpəni sulayaraq, vətənə yenidən geri qaytarmağa nail olmuşdu.

Bəlkə də Əbdül Məmmədov öz oğlunun ata yoluna nə qədər sadiq qalacağını gözü doya-doya görmək istədiyi üçün 25 il son mənzilə yürüşünü təxirə salmaq istəmişdi. Allah müqəddəs missiya daşıyan bu adamın əzminə və pak niyyətinə görə həmin ömrü ona əta etmişdi. Ailəsindən aldığım məlumat da oğlunun ata yoluna nə qədər sadiq qaldığına əmin olmaq üçün Əbdül bəyin indiyə qədər gözlədiyini təsdiqləyir. Məlumata görə, Rasimin səhadətindən sonra Əbdül bəy özünün yaşamasına kömək olacaq bütün əlavə dəstəklərdən imtina edibmiş: Yaxşı qidalanmır, son zamanlar böyrək çatışmazlığı səbəbindən qoşulduğu dializlər aparatından qaçırmış. Görünür, yaşayan şəhidimiz öz müqəddəs missiyasını tamamladığını düşünürmüş. Bu mənada Əbdül bəyin əcələ təslim olduğunu düşünmək də yanlışdır. Təslimiyyəti sevməyən bu adam əslində son anında belə əcələ qalib gələrək, onun üzərinə getmiş, öz xoşuyla Haqqa yürüşə çıxmışdı.

Əbdül bəyin bu qəhrəmanlıqlarla dolu həyatı barədə düşünəndə adamın ağlından bu fikirlər keçir: Allah öz seçilmiş bəndəsinə səbəbsiz yerə 25 illik əlavə həyat əta etməyibmiş. Torpağı, milli namus və şərəfi tapdaq altında qalan bir millətə ibrət dərsi olsun deyə, Yaradan onu bu dünyada tuturmuş. Öz missiyasını tamamladıqdan sonra qəhrəmana Haqqın qucaq açması bu mənada təsüdüfi deyildi.

Ölümsüzlüyə yüksələn şəhidim, Haqqa yürüşün mübarək!

Heydər Oğuz

Strateq.az