XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

13 İyun 2015 - 09:14

“Q” hərfinin hekayəsi – Atatürk onu niyə bəyənməyib?

Və ya zorən tələbə

Türkiyədə təhsil alarkən, bir müddət eyni otaqda yaşadığım uyğur türkü var idi. çin zülümndən qaçıb Türkiyəyə sığınan bu adam əslində zorən tələbə olmuşdu. Anlatdığına görə, Uyğurustanın ən tanınmış publisist-yazarı imiş. Yazdıqları rəsmi Pekini bərk qəzəbləndirdiyindən təqib olunan yazar çarəni min bir çətinliklərə qatlanıb ölkəsini tərk etməkdə görür. Və sığındığı Türkiyə dövləti də çinin deportasiya basqılarını azaltmaq üçün ona tələbə statusu verib bizim yataqxanaya yerləşdirir.

40 yaşını adlamış bu zorən tələbənin bundan sonra da problemləri bitmir. Ortasına düşdüyü yeni dünyada qarşılaşdığı ən ciddi problemlərdən biri də Türkiyə ləhcəsində danışmaqdı. Bəlkə də yaşının öyrənmək çağı keçdiyindən, bu ləhcəni mənimsəməkdə xeyli problemlərlə qarşılaşan uyğur yazarı ciddi ünsiyyət problemi yaşayır, bəzən getdiyi yerlərdən geri qayıtması xeyli zaman alırdı. Nədən ki, bir yeri axtaranda qarşılaşdığı adamlardan uyğurca verdiyi suallara cavab ala bilmir, cavab alsa belə, tam başa düşmürdü.

Türkiyənin bu qərib qonağının ünsiyyət problemini həll etmək üçün tələbə yataqxanamızın müdiriyyəti bəndənizə xüsusi bir missiya yükləmişdi. Onunla eyni otaqda qalmalı, hər gün uyğur qardaşımızla xeyli söhbətlər etməli və bacardığım qədər ona türkçənin sirlərini öyrətməliydim. Damarımda millətçilik qanı çağladığından bu ricanı böyük məmnuniyyətlə qəbul etmiş, uyğur qardaşımızın qulaq yoldaşına, otaq arxadaşına çevrilmişdim.

İnsafən, yeni missiyamın icrası da pis getmirdi. Ləhcələrinə uyğun şəkildə burnunda danışan uyğur “abimi” bir neçə gündən sonra rahatlıqla anlaya bilirdim. O da məni pis anlamırdı. Mehriban münasibətlərimiz bir-birimizdən ayrılana qədər davam etdi. İki ilə yaxın sürən bu müddət ərzində ondan uyğurlar haqqında xeyli məlumatlar öyrənmişdim. Əvəzində özünün dediyinə görə, uyğurlar da məni “tanımışdı”. Ən çox xoşladığı və əzbərlədiyi şeirimi – “Ağrıdağ”ı uyğurcaya çevirib, mətndəki bəzi coğrafi adları uyğurlara məxsus yer adlarıyla dəyişdirərək diaspora dərgilərində dərc etdirmişdi. Məndən ən böyük ricası isə uyğurların milli-azadlıq hərəkatını vəsf edən şeirlər yazmaq idi. Qəlbən dostumun bu istəyini qəbul etsəm də, xaraktercə tənbəl olduğumdan, günü-günə satıb, dostuma verdiyim sözü yerinə yetirə bilmədim və bu gün belə, əhdə vəfasızlığımın utancını yaşayıram.

Bir-birimizi çətin başa düşdüyümüz zamanlarda mənə zarafatla dediyi bir söz vardı: “Bəs deyirsən, biz eyni millətin övladlarıyıq? Necə eyni millətin övladıyıq ki, bir-birimizi analaya bilmirik?” Vaxtaşırı təkrarlanan bu suala öz ağlım çərçivəsində cavab verirsəm də, fikirlərim onu qane etmirdi. Ya da ən azından özünü belə göstərirdi. Nəhayət, dostumun məni dağa-daşa salması uzun sürmədi. Günlərin bir günü yenə təkrarlanan suala elə cavab verdim ki, uyğur qardaşım ayrıldığımız son günə qədər bir daha eyni sözləri təkrarlamadı. Hətta bəzən mənim zarafatyana verdiyim bənzər sualları “Xeyr, sübuta ehtiyac yoxdur. Biz eyni millətdənik” deyə cavablandırmağa başladı.

Yəqin ki, cavabımı maraq etdiniz? Əslində o, cavab da deyildi. Rəsmən əyani sübut idi. Və qəribədir ki, bu sübuta özü gözəl şərait yaratmışdı. Belə ki, uyğur dostuma çindən bir məktub gəlmişdi. Zərfi açıq kağızı oxuduqdan sonra onu ərklə masanın üstünə atmış və demişdi: “Ey, soydaş, “eyni millətin övladıyıq”-deyirsən. Elədirsə, al bu məktubu oxu, görüm, nə anlayırsan?”

Gözucu məktuba baxdım. Ərəb əlifbasında, oxuya biləcəyim səliqə ilə yazılmışdı. Cəsarətlə məktubu əlimə götürüb oxumağa başladım. Dostum çaşmışdı. Görünür, əski əlifbada yazıldığından oxuya bilməyəcəyimi sanıbmış. Mən isə bir-iki yerdə dursam da, məktubu yarıya qədər oxumuşdum. Həyat yoldaşının ona yazdığı ürək sözləri idi. Mətndəki bəzi sözləri bilməsəm də, ümumi mənanı anlayırdım. Artıq iki sevgili arasında qalacaq cümlələrə gəldiyimdən dostum yaşına uyğun olmayan cəldliklə əlimdəki kağızı dartıb aldı. Təəccüblə üzümə baxıb nə yazıldığını anlayıb anlamadığımı soruşdu. “Qismən anlayırdım” – deyə cavab verdim. Yoxlamaq üçün nə yazıldığını xəbər aldı. Mən də anladığımı ona danışdım. Həqiqətən də anladığımı etiraf etdi. Gülə-gülə “indi nə deyirsən, biz eyni millətik övladıyıq, yoxsa yox?. “Yox” deyirsənsə, məktubu bəri ver, oxuyub sənə izahatını verim”- dedim. “Yox” – dedi, – “kişi kimi sübut etdin bunu”.

Təbəssümlə dostuma baxdım. Onun üzündəki heyrəti də təbəssüm əvəz etmişdi. Əlini çiynimə qoyub, məni yeməyə qonaq etmək istədiyini bildirdi. Uyğurca bir mətni oxumağım tərəf-müqabilimə elə ləzzət eləmişdi ki, bunu bayram kimi qeyd etmək istədiyini anladığımdan təklifini razılıqla qarşıladım.

O gün bərabər yediyimiz şam həyatımda qarşılaşdığım ən ləziz ziyafət idi. Süfrəmiz kasıb olsa da, mənə öz içi qədər doğmalaşan dostumun həyəcanı yeməklərə xüsusi dad verirdi. Gözəlim Uyğurıstandan, Urumçidən, Qaşqardan ağızdolusu danışan, danışdıqca dolan, ailəsi, körpə qızı haqqında xoş xatirələr anladan dostumu belə halda görmək nə qədər ürəkağrıdıcı olsa da, bir o qədər də duyğulu idi. Mənə ən qəribə gələn isə onun birdən-birə Türkiyə türkcəsində xeyli məsafə qət etməsiydi. Adam rəsmən bülbül kimi ötürdü. Dostumun bu “ötüşü”nü gördükcə ürəyim dağa dönürdü. Necə olsa, bu “ötüş”də mənim də payım vardı. özü də bütün mənalarda. Axı onunla danışa-danışa həm türkcəsini irəlilətməsində, həm də cazibəsinə qapıldığı bu duyğu selinin yaranmasında öz bacarığımla misilsiz rol oynamışdım. Birdən, ağlıma bir fikir gəldi – bəlkə də uyğur dostum fikirlərini indiyə qədər ona görə yaxşı ifadə edə bilmirdi ki, işlədəcəyi sözlərin Türkiyə türkcəsində olub-olmadığına əmin deyildi və bu səbəbdən də anlaşılması asan sözlər seçməyə səy göstərirdi. Beləcə, öz şirin nitqini də korlayırdı. İndisə, duyğulara qapıldığından özünü daha sərbəst hiss edir və seçim əziyyətinə qatlanmadan danışırdı. Elə ona görə də bu qədər rahat anlaşılırdı. Ağlıma gələn fikirlərimi onunla bölüşdüm. Bir az düşündükdən sonra mənimlə razılaşdı. Dostuma bundan sonra necə düşünürsə elə danışmasını xahiş etdim. “Baş üstə” dedi. Həqiqətən də o gündən sonra dostumun nitqində xeyli müsbət dəyişikliklər oldu.

Onu isə başqa məsələ maraqlandırırdı. Axı mən uyğurca yazılmış bir mətni necə bu qədər asan oxuya, ən əsası isə, anlaya bilərdim? Dostum oxuduğum ilk uyğurca mətnin o məktub olduğuna belə, inanmırdı. Əslində mənə də bu, çox qəribə gəlmişdi. Daha sonra anladım ki, 19-cu əsrə qədər bütün türkdilli xalqlarda əslində vahid bir əlifba var imiş. Və biz də daxil olmaqla, bütün türklər bu əlifbanı Cağatay türklərindən götürmüşdük. Dolayısıyla Qafqazda yazılan hər hansı bir mətn Qaşqarda, Qaşqarda yazılan isə Anadoluda rahatlıqla oxuna bilirmiş. Eynən Urum
çuda yazılan məktubu mənim Bursada oxuduğum kimi. Danışıq ləhcələri arasında xeyli fərq olmasına baxmayaraq. hamımız eyni əlifada və eyni yazılış şəkilində oxuduğumuzdan bir-birimizlə də rahat anlaşa bilirmişik. Daha sonra türk torpaqları dünya imperializmi tərəfindən parçalanınca, milli bütövlüyü yox etmək üçün əlifbalar dəyişilmiş, insanlar bir-birinin məktubunu oxuya bilməz hala gətirilmişlər. Mənim uyğur dostumu valeh edən bacarığımın sirri isə Türkologiya fakültəsində öyrəndiyim Osmanlıcanı bilməyim idi.

Türk xalqları arasına bu ayrılığı salan yalnız qlobal imperializm də deyildi. öz idarəçilərimizin milləti yeni siyasi sistemə uyğunlaşdırmaq çalışmaları da ayrılıqda az rol oynamayıb. Məsələn, bu çalışmalardan biri də Türkiyədə keçirilən hərf islahatlarıdır. Bildiyimiz kimi, bu gün yazılı mətnlərdə Türkiyə türkcəsiylə Azərbaycan türkcəsi arasında ən önəmli fərqlərdən biri qardaş ölkənin əlifbasında bir neçə hərfin yoxluğu ilə əlaqədardır. Xüsusilə “q”, “x”“ə” hərflərindən imtina edilməsi Türkiyə türkcəsində bir çox sözlərin fərqli yazılmasını şərtləndirir. Halbuki, hərf islahatları ərəb əlifbasından latın qrafikasına keçməyi hədəfləmişdi. Ərəbcədə sait səslər yazılmadığından “ə” hərfinin gözdən qaçmasını hardasa anlamaq olar. Amma əski əlifbada “qaf”“xa” hərfləri mövcud olub. Bu səbəbdən də latın qrafikalı Türk əlifbasına bu hərflərin nədən salınmamasını anlamaq mümkün deyil.

Hərf islahatlarının aparıldığı dövrə nəzər salanda isə bəzi mətləblər gün işığına çıxır. Təəssüf ki, bu səbəblərin bir çoxu heç bir elmi məntiqə əsaslanmadan, türk dillərinin vahidliyi nəzərə alınmadan, mənasız şəkilçiliyə qaçmaqdan qaynaqlanıb. “Q” hərfinin hekayəsində olduğu kimi.

İslahatlar paketini hazırlayan o dövrün məhşur jurnalisti və millət vəkili Falih Rifqi Atayın bildirdiyinə görə, bir sıra dövlət xadimlərinin tələbiylə əvvəl “q” hərfinin əlifbaya salınması nəzərdə tutulubmuş. Fəqət, Atatürk formasını bəyənmədiyindən hərf əlifbadan çıxarılıb. Təəccübləndinizmi? İnanmırsınızsa, gəlin, hərf islahatında önəmli rol oynayan Falih Rifqinin 1969-cu ildə qələmə aldığı xatirələrinə nəzər salaq.

Müəllif bildirir ki, hazırladığı hərflər paketini Atatürkün hüzuruna aparıbmış. Təkliflər paketində ərəbcə “qaf”la “kef” eyni işarə ilə (K) göstərilibmiş. Əlifba yaradıcılarının məntiqinə əsasən,”K”-dən sonra qalın sait gələrsə, bu “qaf” kimi, incə sait gələrsə “kef” oxunacaqmış. Layihə təqdim olunan vaxt Atatürkün yanında Kazım özalp paşa da bulunurmuş. öz adının necə yazılacağını soruşan Kazım paşa bunun “Q“-yi də ifadə edən eyni hərflə işarələnməsinə etiraz edib. Doğrudan da belə olan təqdirdə “Kazım” sözü “Qazım” kimi tələffüz oluna bilərmiş. “Kef” hərfini “Q” ilə işarələməyi təklif edən Kazım paşanın təklifi Atatürkün də ağlına batır. Falih Rifqiyə “Bir hərflə dünya dağılmaz, o hərfi də əlavə edin!” – deyə göstəriş verir.

Məcburən əlifba layihəsinə “q” hərfini salan Rifqi bəy ertəsi gün müzakirə üçün yenə Atatürkün hüzuruna yollanır. Atatürk öz adını lövhədə yazır. “Kamal” sözünün yeni təklifə əsasən “Qamal” kimi yazılışına baxır. Daha sonra bir də onu “kamal” kimi yazır. Xeyli baxdıqdan sonra “qamal”ı bəyənmir və bu hərfin əlifbadan tamamilə çıxarılmasına göstəriş verir. Sual oluna bilər: Atatürk bu hərfi niyə bəyənmir?

Bunun səbəbi haqqında danışan Rifqi bəy deyir: “Atatürk əl yazısı ilə böyük hərfləri yaza bilmirdi. Sadəcə kiçik hərfləri böyütməklə kifayətlənirdi. Əlinə kağız götürüb əvvəl “q” hərfinin kiçik şəklini iri formada yazdı. Daha sonra eyni qaydada “k” hərfini yazdı. Birincini bəyənmədi. İkincinin daha göstərişli olduğunu dedi və beləcə, biz də “q” hərfindən qurtulduq. Yaxşı ki, Atatürk böyük hərflərin yazılış qaydasını bilmirdi. çünki böyük “q” hərfi “k”-nin böyüyündən daha göstərişli idi”.

Təsəvvür edirsinizmi? Bu gün Azərbaycan türkləri ilə Türkiyə türklərinin əlifbaları arasındakı önəmli fərqlərdən biri Atatürkün öz adının “göstərişli” hərflə yazılmaq istəyindən doğmuşdu.

Həmin gün uyğur qardaşıma bu əhvalatı anlatdıqdan sonra soruşdum: “İndi bilirsənmi, biz niyə eyni millətin ovladları ola bilməmişik?” Dolmuş gözlərini silən uyğur qolunu boynumun arxasına salıb başımı başına dayaraq ən çox sevdiyi şeirimin son bəndini zümzümə etdi:

“Yurdumuzun öz dağısan, Ağrıdağ!

Yurdumuza göz dağısan, Ağrıdaq!

Gerçəkdən də bir ağrısan, Ağrıdağ!

Sənin ağrın hər ağrıdan yamandır!”

Heydər Oğuz

Strateq.az