XƏBƏR LENTİ

18 Sentyabr 2019
17 Sentyabr 2019

Digər Xəbərlər

23 İyul 2015 - 13:30

Hansı effektlidir: Prezidentin hədəsi, yoxsa azad rəqabət?

Azərbaycanda bir çox problemlər ona görə yaranır ki, hakimiyyətdəkilər minillərlə sınaqdan çıxmış təcrübələrə yox, öz kəşflərinə əsaslanaraq xalqı idarə edirlər. Nəticədə, heç nə müsbətə doğru dəyişmir, əksinə, daha da pisləşir. Hər dəfə də getdikcə pisləşən durumumuzun xilasını ölkə başçısının işə qarışmasında axtarırıq. ölkə başçısı da, öz növbəsində, “qudurmuş harın məmur”larına barmaq silkələyir, onlardan problemi həll etməyi tələb edir. Bəs sonra – nəticə nə olur?

Hələlik, bu kimi hadisələrdən sonra cəmiyyətin müşahidə etdiyi odur ki, Prezidentin yaxşıca danladığı məmurlar onlara həvalə edilən sahələrdə gözdən pərdə asmaq üçün bir neçə tədbir həyata keçirdikdən sonra, nəzarətin zəiflədiyini və yaxud artıq məsələnin “aktuallığını itirdiyini” düşünərək, yenidən əvvəlki qaydaların tətbiqinə başlayırlar. Yenə olur “köhnə hamam, köhnə tas”…

Xatirinizdədirsə, bu tendesiya “ərəb inqilablarının” baş verdiyi ərəfədə həyata keçirilən “korrupsiyaya qarşı mübarizə” zamanı da yaşandı, Prezident “plyonko”ya və yumurta qiymətlərinə üsyan edəndə də…

İndi də son müşavirədə AZAL-la bağlı Prezidentin qaldırdığı məsələdə eyni vəziyyəti müşahidə edirik.

Hətta deyərdik ki, son hadisə özbaşınalıq və əhəmiyyətverməzlik xüsusiyyətilə əvvəlkilərdən daha çox diqqət çəkir. Digər iki “islahat” zamanı, heç olmasa, prezidentin tapşırığının icrası üçün bir neçə müddətlik hansısa qalıcı addımlar atıldı. Ancaq indi belə görünür ki, AZAL-a silkələnən barmağın yeli Cahangir Əsgərovun heç saçının tükünü belə tərpətməyib.

AZAL rəhbərliyi, guya, prezident tapşırığını yerinə yetirmək üçün qiymət “islahatlarına” başlayıb: dəyişilən yeganə şey isə ya həftədə bir neçə reysin qiymətinin endirilməsi, ya da eyni təyyarələrdə uçacaq sərnişinlərin 30%-nə şamil ediləcək güzəştdir.

Qəribədir ki, gözdən pərdə asmağa yarayan bu “güzəştli qiymət siyasəti” hətta bütün reyslərə də şamil olunmadı. Yalnız Antalya, Moskva, İstanbul və Dubay yolçuları Prezidentin tapşırığından öz nəsiblərini alacaqlar. Dünyanın başqa yerlərinə uçmağa hazırlaşan Azərbaycan vətəndaşları isə yenə ya AZAL-ın cib yandıran qiymət siyasətinə boyun əyməli, ya da Bakıdan Tiflisə gedib Gürcüstan Hava Yollarının xidmətindən istifadə etməli olacaqlar.

O da bir ayrı məsələdir ki, həftədə 3 dəfə güzəştli uçuş təyin olunması belə, xeyli mübahisəli qərardır. AZAL rəhbərliyinin ac gözlərini doydurmaq üçün həmin təyyarələrin gedəcəyi ünvana boş uçub-uçmayacağına, yaxud ucuz biletlərin yalnız böyük məmurlara satılıb-satılmayacağına heç kim təminat verə bilməz. Hər halda tamamilə əsassız yerə “güzəştli reyslərə biletimiz qutarıb” demək səlahiyyəti yenə aviakassaların öhdəsindədir və səfərə çıxmaq istəyən vətəndaşların bunu yoxlamaq imkanı yoxdur.

Təbii ki, təyyarə biletlərinin ucuzlaşdırılmasının yalnız şirkət sahibinin vicdanına qalması gözlənilən nəticəni verməyəcək, bilet qiymətləri üzərində spekulyasiyalara şərait yaradacaq.

AZAL rəhbərliyinin bu qeyri-adi qiymət siyasəti də bu cür şübhələrə əsas verir və sübut edir ki, prezidentin yalnız sadə Azərbaycan vətəndaşlarını düşünüb bu cür çıxış etmədiyi, həm də bu AZAL-ın da maraqlarını fikirləşdiyini Cahangir Əsgərov cənabları hələ də anlamış deyil.

Cahangir müəllim anlamaq istəmir ki, AZAL-ın baha qiymətləri, istər-istəməz, onun qonşularımız Gürcüstan, Rusiya, Türkiyə hava yolları şirkətlərinə uduzmasıyla nəticələnir. Azərbaycan insanı digər şirkətlərdə həm qiymətin münasibliyini, həm də xidmət səviyyəsinin əlverişliliyini nəzərə alıb onlara yönəlirlər. Nəticədə, öz yarıtmaz fəaliyyətilə müştərisini itirən AZAL tədricən iflasa doğru sürüklənir.

Bu gün Cahangir Əsgərov kimi dövlət himayəsilə istədiyini edənlər, büdcədən milyonlarla pul, digər şirkətlərlə müqayisədə daha ucuz yanacaq aldığı halda, yenə müştərinin cibini daha çox soymaq arzusuna düşənlər Prezidentin niyə bu qədər narahat olduğunu anlamaya bilərlər. Axı onlar zəhmətlərinin, alın tərlərinin hesabına indiki məqama yüksəlməyiblər. Kimlərləsə yaxşı münasibətləri sayəsində yüksəldikləri bu postlarda “Araz aşıqlarından, Kür topuqlarından” olub.

Bu sözlər yalnız Cahangir Əsgərova da aid deyil. Gömrüklərdə monopoliya quranlar, öz şəxsi nüfuzlarından istifadə edib dövlət layihələrini alanlar əsla və əsla azad rəqabətin nə demək olduğunu anlaya bilməzlər. Onların bildiyi rəqiblərini iqtisadi qanunauyğunluqlarla deyil, zorakı, qeyri-qanuni yollarla sıradan çıxarmaqdır.

Bu gün yalnız Cahangir Əsgərovun yarıtmaz fəaliyyəti ona görə nəzərə çarpır ki, onun fəaliyyət göstərdiyi sahə, istər-istəməz, rəqabətə açıqdır. öz ərazimizdə olmayan digər xarici hava yollarının qarşısını inzibati yollarla ala bilmir. Digər monopoliyalardan fərqli olaraq, vətəndaşlarımızın Gürcüstana getməsinə və orda başqa şirkətlərin xidmətindən istifadə etməsinə də məhdudiyyət qoymaq mümkün deyil. Sabah gömrüklərdə qanunsuz məhdudiyyətlər aradan qaldırılarsa, Azərbaycan vətəndaşları ev əşyalarını, ərzaqlarını belə xaricdən gətirər, ölkənin onsuz da zəif sənayesi öz məmləkətində belə bazarını xarici şirkətlərə uduza bilər. Bu gün başqa sahələrin abrını yalnız gömrüklərdəki qanunsuzluqlarla ört-basdır edirik. Bu isə uzun müddət davam edə bilməz.

Getdikcə, neft və qaz ixracatında önəmini itirən Azərbaycan öz sənayeləşmə potensialını gücləndirməli, qonşu ölkələrlə rəqabətə hazır olmalıdır. İqtisadiyyatımızın yeganə qurtuluş yolu isə azad rəqabətdən keçir.

Hesab edirəm ki, ölkə başçısı İlham Əliyev Cahangir Əsgərov kimi sözeşitməzə söz deməkdənsə, ya digər xarici şirkətləri Azərbaycana dəvət etməklə, ya da AZAL-a alternativ bir şirkət yaratmaqla və onlara büdcədən ayrılan vəsaiti kəsməklə əsl dərsi verə bilərdi. Azad rəqabət AZAL-a Prezidentin nə demək istədiyini daha əyani şəkildə başa salardı.

Yazıya başlarkən, minilliklərdən süzülüb gələn tarixi təcrübə deyəndə, nəzərdə tutduğumuz da bu idi. İqtisadiyyat tarixi sübut edir ki, bazarda qiymətləri tənzimləyən yeganə vasitə azad rəqabət şəraitidir. Bunun prezident barmağından daha təsirli üsul olduğu çoxdan təsdiqlənib.

Heydər Oğuz

Strateq.az