Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Məleykə Abbaszadə:"İmtahanların ödənişli olması sənəd verən məzunların sayını azaldıb..."
  • " width="300" height="266" />
    Türkiyəli tədqiqatçı Gürbüz Mızrak:"Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular"
  • " width="300" height="266" />
    Alman politoloq:"Gec-tez, Trampa ittiham elan olunacaq...” – Müsahibə
  • " width="300" height="266" />
    Arif Rəhimzadə:“Azərbaycan xalqının və dövlətinin formalaşmasında SSRİ və Rusiyanın böyük rolu olub” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Türk politoloqdan qalmaqallı açıqlama:“Rusiya Bəşər Əsədin öldürülməsinin qarşısını ala bilməz” – Müsahibə
  • " width="300" height="266" />
    Hikmət Hacıyev:"Edvard Nalbandyan indi də Rusiya XİN-in adından danışmağa başlayıb..."
  • " width="300" height="266" />
    Polşa müdafiə nazirinin sabiq müavini:“Rusiyanın parçalanacağı fikri realdır” – Müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov səhiyyə sistemini sərt tənqid etdi:"Kasıblar klinikalardan əllərində ölüm hökmüylə çıxırlar..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Azərbaycana ən böyük təhlükənin Rusiyadan gözlənildiyini açıqladı:"Sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyəcəklər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səfir: “Avstriya ATƏT sədri olaraq tərəfləri məcbur edə bilməz” –Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu açdı sandığı:"Heydər Əliyev gələndə ona birinci qapısını Əli İnsanov açdı" - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğludan qorxulu xəbərdarlıq:“Bircə rus qüvvələri ölkədə çaxnaşma salmasınlar” - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu “Qaynar Qazan”da:"Amerika səfiri Elçibəylə bizim evdə görüşdü...” - VİDEO
  • " width="300" height="266" />
    Keçmiş Müdafiə nazirindən Şuşayla bağlı açıqlamalar:“Mayın 4-də MTN-in Şuşa şöbəsi qapısını bağlayıb aradan çıxdı” - VİDEO
  • " width="300" height="266" />
    Rahim Qazıyevdən sabiq baş prokurora çağırış:“Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş batalyon komandiri Şuşadan nələr dedi:“Hərbi hissəni qəsdən buraxdılar" - VİDEO
  • " width="300" height="266" />
    Şuşa batalyonunun komandiri:“Qərbi azərbaycanlıları qəfildən, zorla Şuşadan çıxardılar” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq hərəkatçıdan şok iddia:“Elçibəyin Kələkidən gəlməsini müxalifət istəmirdi”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş döyüşçüdən ANS rəhbərliyinə ağır ittihamlar:"Cəbhə xəttindəki mövqeləri çəkib CNN-ə satırdılar" - VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

İyun 2017
BE ÇA Ç CA C Ş B
« May    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

XƏBƏR LENTİ

25 İyun 2017
24 İyun 2017

22 Fevral 2016 - 11:39

Camal Əbdül Nasir – Misirin insanları valeh edən ikinci möcüzəsi

ilyas-esas

 

İlyas İSMAYILOV,

Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru

 

“Böyük böhranlar böyük insanların meydana çıxmasına təkan verər”

Marqaret Kennedi, ingilis yazıçısı

 

Həyatda, ilk növbədə ağlasığmaz görünən, lakin tarixi gediş baxımından dərk edilən elə hadisələr baş verir ki, onlar ölkənin hamı tərəfindən çıxılmaz sayılan halını tamamilə pozitiv istiqamətə dəyişir. Bu, əlbəttə, özü-özünə baş vermir: bir çox obyektiv şərtlərlə yanaşı, xalqını, vətənini hədsiz dərəcədə sevən şəxslərin comərdliyi sayəsində mümkün olur.

Başqa sözlə, nə qədər xalqın gücündən, tarixdə onun həlledici rolundan danışılsa da, bu gücü səfərbər edərək onu azadlıq uğrunda mübarizəyə yönəldən şəxsiyyətlərin rolu danılmazdır.

Vətənə bağlılığı ilə, bəlkə də heç kimə bənzəməyən, həyatını təhlükə altında qoyaraq xalqının azadlığına və ölkəsinin tərəqqisinə həsr edən şəxsiyyətlər arasında Misirin keçmiş prezidenti Camal Əbdül Nasirin müstəsna yeri var.

Biz tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərini öyrənib bugünümüz üçün vacib olan nəticələri çıxarmalıyıq.

Piramidalardan sonra Misirin məhz ikinci ən böyük möcüzəsi saydığımız Nasirin şəxsiyyətinin və çoxtərəfli fəaliyyətinin məziyyətlərini küll halında öyrənmək niyyətində deyilik. Belə bir iş, şübhəsiz, dərin tədqiqatlar və çox böyük həcmli kitabların yazılmasını tələb edər. Məqsədimiz bu kiçik məqalədə, ancaq hazırda ictimai həyatın təşkili, dövlət idarəçiliyinin yaxşılaşdırılması, dövlət aparatı işçilərinin, xüsusilə də rəhbər kadrların mənəvi siması baxımından diqqəti müəyyən məsələlərə cəlb etməkdir.

* * *

Osmanlı imperiyasının süqutundan sonra 1914-cü ildə keçmiş Türkiyə əyaləti olan Misir Böyük Britaniyanın protektaratına, yəni asılılığına verildi. Birinci Dünya Müharibəsində Misir ingilislərə kömək etdiyinə görə, İngiltərə bu ölkəyə müstəqillik veriləcəyini vəd etmişdi. Lakin o, vədini yerinə yetirməyə tələsmirdi. Yalnız 1919-cu il inqilabından sonra İngiltərənin protektoratı formal olaraq ləğv olunur, Misirə “müstəqillik” verilir, ölkədə Konstitusiyalı monarixaya idarəçilik üsul-idarəsi yaradılır. İngilislərin iradəsinə tabe olan Sultan Fuad Misirin kralı elan edilir. Beləliklə, ingilislər hakimiyyət üzərində tam nəzarəti yenə də öz əllərində saxlamağa nail olurlar. Hakimiyyət qohumbazlıq, ailəçilik və korrupsiya əsasında fəaliyyət göstərirdi. Məmurlar da ölkənin var-dövlətini mənimsəməklə məşğul idilər, xalq da, təbii ki, belə vəziyyətdə məzlum və bədbəxt hala gətirilmişdi.

Camal Əbdül Nasiri lap uşaq vaxtlarından ölkənin belə acınacaqlı vəziyyəti düşündürürdü. O, hələ uşaqkən, daim fikirli gəzər, bəzən nə yemək yeyər, hətta dərslərini belə unudardı. Bəzən də o, sualları ilə yaşlıları məəttəl qoyardı. Səkkiz yaşlı Camal atası Əbdül Nasirə sual verir: “Ata, biz qoyun otarmırıq, lakin ət yeyirik, qoyun otaranlar isə ətə həsrətdirlər, onlar, ancaq paxladan hazırlanan ucuz milli yeməklə kifayətlənirlər”.

Atası isə sadəcə mücərrəd “dünya belə qurulub, oğlum” cavabıyla birtəhər canını bu 8 yaşlı uşaqdan qurtarır.

Nasir böyüdükcə xalqın həyatını daha dərindən düşünür, vəziyyətdən çıxış yolları axtarırdı. Nəhayət, ölkənin xilasını Orduda görür və inanırdı ki, son nəticədə məhz ordu azadlıq və ölkənin təhqir olumuş namus və ləyaqəti uğrunda mübarizəyə qalxacaq. Ona görə də ordu sıralarında olmaq istəyir və bu məqsədlə qəbul üçün sənədlərini Hərbi Akademiyaya verir. Lakin ingilislərin ağalığına və xalqa zidd rejim əleyhinə nümayişlərdə iştirak etdiyinə görə, onu Akademiyaya qəbul etmirlər.

Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, o vaxtlar Misirdə belə bir hüquqi vəziyyət mövcud idi: ancaq hüquqi təhsili olan şəxslər ölkənin siyasi həyatında fəal iştirak edə, yalnız hüquqşünaslar qəzet və jurnal nəşr edə bilərdilər. Məhz buna görə, Hərbi Akademiyaya qəbul oluna bilməyən Nasir imtahan verərək Qahirə Universitetinin hüquq fakültəsinə daxil olur və altı ay bu fakültədə böyük maraqla oxuyur, lakin hərbçi olmaq arzusu onu sakit buraxmır. Elə bu vaxt məlum olur ki, Hərbi Akademiyada əlavə 44 yer tutmaq üçün müsabiqə elan olunub. Fikirləşmədən sənədlərini Hərbi Akademiyaya verir və müəyyən əngəllərdən sonra vətənpərvər insanların köməyi ilə arzusuna çatır. Onunla bərabər, Hərbi Akademiyaya Misirin gələcək taleyində həlledici rol oynayan vətənpərvər, enerjili, özlərini vətənin azadlığına həsr edən gənclər – Əbdul Hakim Əmir, Ənvər Sədat, Hüseyn əl-Şəfi, Xalid Muxəddin, Zəkəriyyə Müxəddinvə başqaları oxuyurdular.

Nasir Akademiyada çox böyük həvəslə çalışır, özünü sanki gələcəkdə ölkənin azadlığı uğrunda mübarizəyə hazırlayırmış kimi, Yuli Sezarın, Makedoniyalı İsgəndərin,  Napaleonun, Bismarkın, Qandinin, Atatürkün, Volterin, Russonun həyat və fəaliyyətinə dair kitabları oxuyurdu. Onun ən çox sevdiyi yazıçı isə Tofiq əl-Hakimi idi. Bu yazıçının “Ruhun qayıtması” əsəri gənc Nasirin həyatında fırtına rolunu oynayır. Bu əsərində müəllif yazırdı: “Misirdə mütləq elə bir lider meydana çıxacaq ki, o, xalqı azadlıq və milli dirçəliş uğrunda mübarizəyə qaldıracaq”. Tofiq əl-Hakiminin bu əsəri oxuculara məhz vətənpərvərlik hissi aşıladığından Nasiri çox cəlb edirdi. Yazıçı öz əsərlərində oxuculara belə bir hiss aşılamağa çalışırdı ki, vaxtilə piramidalar kimi möcüzə yaradan misirlilər indi yenidən ondan əskik olmayan möcüzələr yaratmağa qadirdirlər.

Sonralar Nasir “İnqilabın fəlsəfəsi” əsərində bu hisslərdən çıxış edərək yazırdı: “Xalqımız öz rolunu oynayacaq qəhrəman axtarışındadır.”

On səkkiz yaşında olan Nasir öz gələcək fəaliyyətinin proqramını, bir növ, dostu Həsən əl-Nişara yazdığı məktubunda açıqlamışdı. O, məktubunda yazırdı:

“Bu gün vəziyyət olduqca acınacaqlıdır. Misir dalana dirənib. Mən hiss edirəm ki, ölkə ümidsiz vəziyyətdədir. Kim bu hissləri aradan qaldıracaq? Misir hökuməti ailəçilik və korrupsiya üzərində qurulub. Kim bu vəziyyəti dəyişdirəcək? Kim imperialistlərə “dayan” deyə çığıracaq? Misirdə vicdanlı, namuslu adamlar var, onlar da it kimi ölmək istəmirlər. 1919-cu ildə yaranmış vətənpərvərlik harada qaldı? Ölkəni yenidən quracaq insan haradadır? Ləyaqət harada qaldı? Milli özünüdərk haradadır? Bütün bunlar qeyb olub. Millət tora düşmüş insan kimi yatır. Kim özlərini belə tanımayan bu yatanları oyadacaq?!”

Bu hisslərlə Nasir Hərbi Akademiyanı qurtarır və Sudan sərhəddi yaxınlığında Mankabad qarnizonunda əsgəri qulluğa başlayır. Daim Vətənini ingilislərin əsarətindən, xalqı soyan yerli məmurların caynağından qurtarmaq arzusu ilə yaşayan Nasir, dostları ilə 15 yanvar 1939-cu ildə Cəbəl əl-Şərif dağının ətəyində and içərək inqilabi təşkilat yaratmaq qərarına gəlirlər. Bu gündən artıq onların həyatlarının məqsədi müəyyənləşmişdi: Misirdən ingilis qoşunlarının çıxarılması və nəinki ölkəni, hətta bütün ərəb aləmini qorumağa qadir olan ordu yaratmaq!

19-cu əsrin 70-ci illərində orduda “Azad zabitlər” adında inqilabi təşkilat yaradılmışdı. Nasir bu təşkilatın yaradıcılarını tez-tez xatırlayırdı. Məhz bu zabitlər o vaxt Misirin ingilislərin özbaşınalığından azad olunmasını, ölkədə islahatların aparılmasını və nəhayət, respublika idarəçilik formasının yaradılmasını özlərinə məqsəd qoymuşdular. Bu təşkilatın adı Nasirin çox xoşuna gəlirdi və o da yaratdığı təşkilatı“Azad zabitlər” adlandırır. O, daim təkrar edirdi ki, ordu rejimə deyil, xalqına xidmət etməlidir.

Elə bu vaxtdan Nasir və onun dostlarının həyatı yeni məna və mahiyyət kəsb edir. Axı insanın həyatının məzmunu onun qarşısına qoyduğu məqsədlə müəyyən olunur. Məqsəd vətənə, xalqa xidmət etmək kimi ulu, böyük olarsa, insanın həyatı da çox mənalı keçər.

Nasirin yaratdığı “Azad zabitlər” təşkilatı üç prinsipə əsaslanırdı: birincisi, azad zabitlər arasında qan qohumluğundan da güclü olan dostluğa; ikincisi, ən ciddi konspirasiyaya (məhz bu prinsipin ciddi gözlənilməsi sayəsində nəinki yerli hakimiyyət orqanları, hətta dünyada məşhur olan ingilis kəşfiyyatı belə orduda nə baş verdiyindən xəbərsiz idilər – İ.İ.); üçüncüsü və ən əsası – vətənə və xalqa hədsiz məhəbbətə.

Nasir təşkilatı iki qrupa bölmüşdü. Birinci qrupu öz nəzarətinə götürmüşdü. İkinci qrupa isə Ənvər Sədatrəhbərlik edirdi. Hər iki qrup müstəqil fəaliyyət göstərsə də, Ənvər Sədatın qrupu da Nasirə tabe idi.

Təşkilatın daha effektli və dinamik fəaliyyət göstərməsi üçün Nasir aşağıdakı struktur bölmələr yaradır: birincisi, təşkilatın maliyyə məsələləri ilə məşğul olan “İqtisadi şöbə”; ikincisi, funksiyası informasiya toplamaqdan və kəşfiyyat məsələlərilə məşğul olmaqdan ibarət olan “Şəxsi mübarizə” adlanan şöbə; üçüncüsü, yeni zabitlərin qəbulu ilə məşğul olan “Təhlükəsizlik şöbəsi”,dördüncüsü, günün siyasi məsələlərinə dair çap olunan vərəqələri yayan və digər təbliğat işlərini yerinə yetirən “Təbliğat şöbəsi”; nəhayət beşincisi, “Terror şöbəsi”. Əslində bu axırıncı şöbə fəaliyyətsiz idi. Nasir düşünürdü ki, terror vasitəsilə “Azad zabitlər” təşkilatı qarşısına qoyduğu məqsədləri əldə edə bilməz, əksinə, terrorçuluq polisə təşkilatın izinə düşmək üçün ancaq kömək edə bilər. O, sonralar “İnqilabın fəlsəfəsi” əsərində bir daha qeyd edir ki, bu və ya digər şəxsi terror yolu ilə məhv etməklə xalqın taleyini dəyişmək olmaz.

“Azad zabitlər” təşkilatının ancaq biri-birilərini tanıyan 3-5 nəfərdən ibarət özəkləri var idi. Təkcə Nasir və Əbdül Hakim Əmir bu özəklər və onların tərkibləri barədə məlumata malik idilər.

Bütün bu nəhəng təşkilatçılıq işlərini həyata keçirən Nasirin, yuxarıda artıq qeyd edildiyi kimi, ancaq bir məqsədi var idi – ölkəsini, vətənini ingilislərin əsarətindən, Kralın zülmünadən azad etmək, ondan sonra ölkəni ağac qurdu kimi içəridən yeyən korrupsiyanı məhv etmək!

İnqilab ərəfəsində Nasir doqquz nəfərdən ibarət olan İnqilaba rəhbərlik Şurası yaradır. Şuraya daxil olan zabitlərin hərəsinin cəmi 30-34 yaşları var idi. Nasir düşünürdü ki, bu gənc zabitləri xalq yaxşı tanımır, Şuranın başında nisbətən yaşlı, xalqın tanıdığı bir general durmalıdır. Çox götür-qoydan sonra Fələstin müharibəsi zamanı məşhurlaşan general Məhəmməd Naqibi “Azad zabitlər” təşkilatının prezidenti və İnqilaba rəhbərlik Şurasının sədri vəzifələrinə gətirirlər. Lakin konspirasiya baxımından onu hərbi çevriliş işlərinə qatmırlar. Maraqlıdır ki, çevriliş zamanı Şuranın doqquz üzvündən general ancaq beşini tanıyırdı. 23 iyul 1952-ci il hərbi çevrilişinə də general Naqib deyil, məhz Camal Əbdül Nasir rəhbərlik edirdi. Ancaq çevrilişdən sonra radio və qəzetlərdə gedən xəbərlərdə general Naqibin adı birinci çəkilirdi, manifestlər də onun adından oxunurdu.

Nasirin hakimiyyətə yiyələnmək kimi bir ambisiyası yox idi. O, həmişə qeyd edirdi ki, bizim hakimiyyətdə qalmaq niyyətimiz yoxdur:

“Siyasətlə siyasətçilər məşğul olmalıdırlar. Bizim istəyimiz ancaq odur ki, hakimiyyətdə vətənpərvər misirlilər təmsil olunsunlar”.

Nasirin hakimiyyətədən ikiəlli yapışmaq istəmədiyini sübut edən daha bir fakt: artıq inqilab baş vermişdi, “Azad zabitlər” inqilabın düşmənləri ilə necə rəftar etmək məsələsini  müzakirə edirdilər. İnqilaba rəhbərlik  Şurasının üzvülərinin əksəriyyəti inqilabın düşmənlərinə, o cümlədən, kral Fərruxa qarşı ən ciddi tədbirlərin görülməsini tələb edirdilər. Nasir isə tamamilə terror siyasətinin əleyhinə çıxaraq, mötədil mövqe sərgiləyirdi. O, heç cür inqilaba rəhbərlik Şurasının üzvlərini öz mövqeyinin düzgünlüyünə inandıra bilmir. Onda Nasir bəyan edir ki, inqilaba rəhbərlik Şurasının sədri vəzifəsindən istefa verir, “Azad zabitlər” təşkilatından çıxır və ordudan da tərxis olunur. Bu sözləri deyərək o, iclası tərk edir. Gecənin yarısına qədər müşavirə iştirakçıları mübahisə edirlər və səhv etdiklərini anlayaraq, Nasirin yanına nümayəndə heyəti göndərirlər və onun əvvəlki vəzifəsinə qayıtmasını xahiş edirlər.

Artıq Nasirin sevimli yazıçısı Tofiq Əl-Hakiminin arzusu çin olmuşdu: Misirdə piramidalardan sonra öz ictimai-siyasi, mənəvi əhəmiyyətinə görə onlardan heç də geridə qalmayan möcüzə baş vermişdi.

Bu möcüzə, sözün əsl mənasında Camal Əbdül Nasir idi. Ürəyi vətənə, xalqına məhəbbət hissilə çarpınan bu nəhəng insan ağlasığmaz fəaliyyətdə bulunur – böyük əzimkarlıqla, heç bir çətinliklərdən, təhlükələrdən çəkinmədən orduda gizli inqilabi təşkilat yaradır; gərgin əmək sayəsində onu böyüdüb ərsəyə çatdırır, ciddi məxfiçilik şəraitində ölkənin vətənpərvər gənc zabitlərini toparlayıb güclü bir ordu halına gətirir; ingilislərin hökümranlıq etdiyi ölkədə dövlət çevrilişi edərək hakimiyyəti ələ alır, bu hakimiyyəti, ancaq xalqın mənafeyinə qulluq etməyə istiqamətləndirir; Misir xalqını məzlum hala gətirən ingilisləri ölkədən qovur, zəli kimi xalqın qanını soran kral Fərrux hakimiyyətini məhv edir, onu xaricə-İtalyaya göndərir, ölkədə respublika idarəçilik quruluşunu yaradır; saysız-hesabsız məktəblər, xəstəxanalar tikdirir; ölkədə ilk dəfə olaraq pulsuz orta təhsil sistemini həyata keçirir; İngiltərə, Fransa və İsrailin müqavimətinə baxmayaraq, dövlət içərisində dövlət olan Süveyş kanalını milliləşdirib xalqına xidmət etdirir; ağlasığmaz çətinliklərə, Amerikanın müqavimətinə baxmayaraq, Asuan hidroelektrik stansiyasını tikdirərək ucsuz-bucaqsız səhraları cana gətirir; Xeluan kombinatını və s. sənaye obyektlərini inşa etdirib istifadəyə verməklə ölkənin iqtisadi bazasını möhkəmləndirir və s. və i.a.

Bir sözlə, onun siyasəti Misirin müstəqilliyini möhkəmləndirmək, xarici təzyiqləri dəf etmək, ölkənin iqtisadi geriliyini aradan qaldırmağa yönəlmişdi.

Nasirin möcüzəliliyi bir də onun mənəvi təmizliyi ilə müəyyən olunurdu. O, aza qane olan, heç bir maddi marağı olmayan, əksinə, həmişə öz şəxsi marağını ictimai, xalqın, dövlətin maraqlarına qurban verməyi bacaran və bundan da təmin olan əsl rəhbər idi.

Fəaliyyətinin əsas istiqamətlərindən birini də korrupsiya qarşı mübarizəyə yönəltmişdi. O, elə bil, qədim romalıların “Ən qısa əmr şəxsi nümunədir” sözlərini praktiki olaraq həyata keçirirdi. Nasir prezidentin çox da böyük məbləğ olmayan əmək haqqı ilə dolanırdı, prezident olanda da ailəsi ilə birlikdə inqilaba qədər ona məxsus olan evdə yaşayırdı. O, çox sadə, təvazökar, bir növ, puritan həyatı sürürdü. Başqa sözlə, əxlaq məsələlərində özünü çox ciddi və tələbkar göstərirdi. O, ad gününü qeyd etməzdi. Qəzetlərə də onun ad günü münasibətilə hər hansı məqalə dərc etməyə yasaq qoyulmuşdu.

Üç oğul, iki qız atası olan Nasir nümunəvi ailə başçısı idi. O, heç vaxt uşaqlara səsini qaldırmaz, onlarla nəzakətlə rəftar edər, onların nə ilə maraqlandıqlarını öyrənib onlara məxsus olan enerjilərini lazımi istiqamətə yönəldərdi. Uşaqlar  da hər mənada ona – atalarına oxşamağa çalışırdılar.

Özünü tamamilə xalqına həsr etmiş bu insan gündə 18 saat iş başında olardı. O, prezident ola-ola, qızı Qahirə Universitetində müsabiqədən keçə bilmir, cəmi iki balı çatışmır! Ancaq şəxsi sürücüsünün oğlu müsabiqədən keçərək, Universitetə qəbul olunur. Bu faktı inqilabın nailiyyəti kimi səciyyələndirən Nasir qeyd edir ki, məhz inqilab nəticəsində uşaqları valideyinlərinin cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, öz şəxsi qabiliyyətlərinə, talantlarına görə qiymətləndirmək mümkün oldu.

Onun xarici banklarda heç bir hesabı yox idi. Ona ianə kimi göndərilən milyonlarla pullara bankda bir nömrəli hesab açıb orada saxladardı və bu pullar da ancaq ölkənin etiyaclarına xərclənirdi. Prezident öləndə bu hesabda 2.5 milyon funt, özünün şəxsi hesabında isə cəmi 610 funt var idi!

O, əsl hərbçi olsa da, prezident olanda belə, inqilaba qədər olan polkovnik-leytenant rütbəsində qaldı, ancaq onun dostu Amir marşal oldu. Hər bir hərbçinin arzusu olan general rütbəsini isə almadı!

Ətrafı onu ömürlük prezident elan etmək istəyirdi. Nasir bu təklifi rədd edir və qeyd edir ki, məsələlərə hissə qapılmaqla deyil, işgüzar münasibətlə yanaşmaq lazımdır. O hesab edirdi ki, daxili sabitlik, əsl vətəndaş həmrəyliyi ədalətdədir. Ona görə də ədaləti öz fəaliyyətinin əsas prinsipi elan etmişdi.

Korrupsiya caynağında çarpınan bir ölkəyə məqsədi əsla özünə, ailə üzvlərinə, qohumları və yaxınlarına maddi nemətlər toplamaq deyil, vətənini çiçəkləndirmək, zəhmətkeşlərin maddi rifah hallarını yaxşılaşdırmaq olan bir insanın başçılıq etməsi elə o vaxt da, indi də möcüzə deyilmi?!

Elə bil, Nasiri nəzərdə tutaraq vaxtilə F.Volter qeyd edirdi: “Əsl mərdlik, cəsarət bədbəxtlikdə, fəlakətdə özünü biruzə verir”.

Doğurdan da əsl cəsarət, mərdlik heç bir fəlakətə, məğlubiyyətə baxmayaraq, özünü ələ almaqda, öz vəzifəsini soyuqqanlıqla yerinə yetirməkdə ifadə olunur. 1967-ci ildə İsraillə 6 günlük müharibədə Misir, Suriya və İordaniya məğlub oldu. Bu, Nasir üçün əsl fəlakət idi. Əlbəttə, bu fəlakətin baş verməsində məsuliyyəti ilk növbədə hərbçilər, xüsusilədə vitse-prezident Əmir və müdafiə naziri Badran  daşımalı idilər.

Buna baxmayaraq, başda Əbdül Hakim Əmir olmaqla, hərbçilər müharibədəki məğlubiyyətdə Nasiri təqsirləndirdilər. Belə bir çətin vəziyyətdə Nasir qətiyyən özünü itirmir. 1967-ci ilin 9 iyununda televiziyada çıxış edərək, böyük, nadir şəxsiyyətlərə xas olan bir tərzlə deyir: “İndi qəm-qüssə, kədər vaxtı deyil, indi işləmək vaxtıdır…!” O, müstəqillik dövründə əldə edilən nailiyyətləri sadaladıqdan sonra, “Bütün baş verənlərə görə, ancaq mən cavabdehəm” – deyərək, istefa verdiyini elan edir, adi bir vətəndaş kimi yaşamağı qərara alır. Öz yerinə də vitse-prezident olan Zəkəriyyə Mühəddini təklif edir.

Bundan sonra ağılasığmaz hadisələr baş verir: bütün xalq – fəhlələr, fəllahlar, vətənpərvər ziyalılar Misirin hər yerindən ağlaya-ağlaya axışaraq Qahirəyə toplaşır, Nasirdən istefasını geri götürməyi tələb edirlər. Bütün ərəb aləmi də eyni tələblərlə çıxış edir. Nasirdən sonra prezident olmalı olan Zəkəriyyə Mühəddin də tapançasını çıxardıb ortaya qoyaraq deyir:

“Nasir, istefanı geri götür. Əks halda, mən özümü vurub öldürəcəm, sizdən sonra prezident olmaq istəmirəm!”.

Nasir gülərək tapançanı götürür və qeyd edir ki, mən istefaya getmək haqqında qərarımda israrlıydım, ancaq xalqın səsinin əleyhinə gedə bilmərəm, ona görə mən təcavüzün nəticələri aradan qaldırılana qədər vəzifəmdə qalıram, ondan sonra isə referendum keçirmək lazımdır.

Beləliklə, o, 10 iyunda istefasını geri götürür və yenidən ölkəyə rəhbərlik etməyə başlayır.

Onun amalı ərəb aləmini birləşdirmək idi. Artıq Suriya Misirə birləşib yeni dövlət – Birləşmiş Ərəb Respublikası yaradılmışdır. Yəmən, Liviya da bu dövlətə birləşmək niyyətlərini bəyan etmişdilər. Bütün ərəb aləminin hər yerində – evlərin divarlarında, mağazaların vitrinlərində onun şəklini asırdılar, bir növ, ona sitayiş edirdilər. Təkcə misirlilər deyil, bütün ərəb aləmi onunla fəxr edirdi. Dünyanın hər yerində dövlət və hökumət başçıları onun çıxışlarını və fəaliyyətini yaxından izləyirdilər.

Oksford Universitetinin dərc etdiyi statistik məlumatlara görə, 1968-ci ildə Nasirin haqqında on yeddi dildə 287 kitab dərc edilmişdi. Bütün bunlardan qorxuya düşən, ərəb aləmini öz əsarətində saxlamağa çalışan imperialist qüvvələr onu aradan götürmək istəyirlər. 1967-ci ildə İsraillə olan altı günlük müharibə də Nasirin hakimiyyətdən getməsi, ərəb ölkələrində baş qaldıran mütərəqqi hərəkatlara son qoyulması məqsədini güdürdü. Lakin bu, baş vermədi. Xalq onu çox sevir və ona inanırdı. Odur ki, hərbiçilərin də xəyanətinə baxmayaraq, ona böyük ümidlə və məhəbbətlə baxan Misir xalqı onun ətrafında sıx birləşdi, ona yeni enerji ilə fəaliyyət göstərmək üçün, bir növ, təkrar mandat verdi.

Nasirin inqilabın rəhbəri kimi qalmasında həlledici amil onun hədsiz vətənpərvər olması, xalqın ona inamı və əsl məhəbbəti idi. O, xalqa yalan danışmazdı!

Nasir yeni enerji ilə ordunu yenidən təşkil etmək, ölkədə qanun-qaydanı bərpa etmək, ərəb aləminin səylərini əlaqələndirmək kimi mürəkkəb işlərin həllinə başlayır. Bu sahədə də uğurlar əldə edir. Xüsusilədə Xartum konfransında ərəb dövlət başçıları ərəb birliyi ideyasının  müəllifi olan Nasirə böyük hörmət göstərirlər. Nasir çalışırdı ki, bütün ərəb ölkələri təcavüzkara qarşı mübarizəni davam etdirmək üçün birləşsinlər, təcavüzə məruz qalan ölkələrə nəinki mənəvi, habelə maddi yardım etsinlər. Demək olar ki, Xartum konfransında o, məqsədinə nail oldu. Xartum konfransı bir daha sübut etdi ki, bütün ərəb ölkələri İsrailin təcavüzünə qarşı mübarizə aparmağa israrlıdırlar. Neft hasil edən dövlətlər də İsrailin təcavüzünə məruz qalan ölkələrə maliyyə yardımı göstərməyə razılıq verdilər. Süveyş kanalının işləməməsinə görə Birləşmiş Ərəb Respublikasına (Misir o vaxt Suriya ilə birləşib bu adı almışdı – İ.İ) hər il doxsan beş milyon funt sterlinq ödənilməsi qərara alınır. Bu, Nasirin böyük qələbəsi idi.

Qarşıda ərəb dövlət başçılarının  Qahirədə müşavirəsi gözlənilirdi. Bu tədbiri də uğurla başa vuran Nasir, özünü çox pis hiss edir. Həkimlər ona işə çıxmamağı, yataraq dincəlməyi təklif edirlər. O, razılaşmır axırıncı qonağını – Küveytin şeyxi Sabah Səlim əl-Sabahı da yola salmaq istəyir. Şeyxi yola salanda da çox yorğun görünür, çətinliklə addım atırdı.

Hava limanından evə qayıdan Nasirə həkim çağırırlar. Nasir baş ağrısından şikayətlənir. Əyilərək onun ürəyinə qulaq asmaq istəyən həkim birdən qorxulu halda ayağa durur. Artıq əvvəllər də bir dəfə infarkt keçirən, dostlarının xəyanəti ilə üzləşən Nasir həyatla vidalaşmışdı. O, qonşu otaqda olan həyat yoldaşı və uşaqlarına belə, baş çəkə bilməmişdi. Onun meyidini vertolyota qoyub göyə qaldırdılar. Misir, Qahirə, “ürəklərimizi və qanımızı sizə qurban verərik” deyən xalqı və Nil çayı ilə vidalaşmasına imkan verdilər. Sonra xalqa öz ləyaqətini qaytaran bu nəhəng insanı məsciddə torpağa tapşırdılar.

Vaxtilə Pifaqor qeyd edirdi: “İki şey insanı Allaha bənzədir- birincisi, cəmiyyətin, insanların səadəti, xoşbəxtliyi uğrunda çalışmaq, ikincisi, doğru, dürüst, səmimi olmaq”.  Sadə ailədə dünyaya göz açan bir uşaq sonradan məhz vətənə hədsiz məhəbbətinə, xalqın rifahı uğrunda yorulmadan, usanmadan çalışdığına, ətrafıyla və xalqıyla doğru-dürüst davrandığına görə, Allaha bənzəməsə də, Misirin ikinci möcüzəsinə çevrilməyi bacardı! Belə sonluq heç bir vəchlə tamahkar adamlara nəsib olmur və ola da bilməz! Çünki bu, Allahın ədalət haqda nizamının pozulması demək olardı…

 

İlyas İsmayılov,

Xüsusi olaraq, Strateq.az üçün