XƏBƏR LENTİ

24 İyun 2019

Digər Xəbərlər

22 May 2019 - 22:28

Neft nəhənglərinin mənfəəti azalıb- Rəqəmlər

Dünyanın ən böyük 12 neft şirkətinin (“ExxonMobil”, “Chevron”, “ConocoPhillips”, “Halliburton”, “Schlumberger”, “Baker Hughes”, “Royal Dutch Shell”, BP, “Total”, “Eni”, “Rosneft”, “Equinor”) xalis mənfəəti cari ilin ilk rübündə keçən ilin eyni dövrünə görə 4,4 faiz azalaraq 23,6 milyard dollar olub. Ötən ilin birinci rübündə bu şirkətlər 24,7 milyard dollar xalis mənfəət əldə ediblər.

Həmin şirkətlərin ümumi gəlirləri isə müvafiq dövrdə 4,6 faiz azalaraq 393,5 milyard dollara düşüb. Ötən ilin birinci rübündə bu göstərici 412,6 milyard dollar idi.

Neft nəhənglərindən birinci rübdə ən çox mənfəət əldə edən şirkət 6 milyard dollar ilə “Royal Dutch Shell” olub. Bu şirkəti 3,11 milyard dollarlıq mənfəətlə “Total”, 2,65 milyard dollarla “Chevron” izləyib. Hesabat dövründə 85,66 milyard dollar olmaqla ən çox gəlir əldə edən şirkət də “Shell” olub. BP 67,41 milyard dollar, “ExxonMobil” isə 63,62 milyard dollar gəlir əldə edib.

Şirkətlərin gəliri və xalis mənfəəti xam neftin qiymətinin ildən-ilə ucuzlaşması fonunda azalır. Belə ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti keçən ilin ilk rübündə orta hesabla 66,8 dollar olub, cari ilin eyni dövründə isə 5,5 faiz azalaraq 63,1 dollara geriləyib. Neftin qiymətinin ucuzlaşmasına təsir edən əsas amil isə qlobal neft tədarükünün artmasıdır.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, keçən ilin birinci rübündə qlobal neft hasilatı gündəlik 91,52 milyon barrel olduğu halda cari ilin birinci rübündə 3,2 faiz artaraq sutkada orta hesabla 94,42 milyon barrel təşkil edib(azərtac).