XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

18 İyul 2019 - 18:46

Bu qaydaları pozanlar 1000 manatdan 6 min manatadək cərimələnəcək –Nazirlikdən xəbərdarlıq

Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərini gücləndirir.

Strateq.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirlib ki, Bakıda aparılan nəzarət tədbirləri zamanı ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyəti yoxlanılıb.

Vergilər Nazirliyinin əməkdaşları vergi ödəyicilərini kassa çeki təqdim edilməsinin vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar:

“İstehlakçılar istər alış-veriş zamanı, istər ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə, onların öz hüquqlarını tələb edə bilməsi, hüquqlarının pozulduğu hallarda mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Dövlət büdcəsinə daxil olan vergilər isə büdcə xərcləri vasitəsilə yenidən vətəndaşların rifahına yönəldilməsinə xidmət edir.

Sahibkarlar əhali ilə nağd pul hesablaşmaları aparan zaman nəzarət-kassa aparatlarından istifadə etməli və alış-veriş zamanı alıcılara kassa çeki təqdim etməlidir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutur.

Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində;
təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində;
təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin keçid müddəlarına əsasən, cari il ərzində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edilir. Lakin sahibkarlar buna arxayın olmamalıdırlar. Çünki rəsmi xəbərdarlıq edilmiş sahibkarlar qanunla onlara verilmiş imkanları tükətməklə vergi orqanın təhlilləri zamanı risk qrupuna aid edilə bilərlər ki, bu da həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin intensivliyinin artmasına gətirib çıxara bilər.

Vergilər Nazirliyi vergi ödəyicilərini qanunun tələblərinə tam əməl etməyə, hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməyə, alış-veriş zamanı alıcılara kassa çekini təqdim etməyə dəvət edir”.