XƏBƏR LENTİ

25 Fevral 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 11:47

Azərbaycanın 2017-ci il üçün cinayət statistikası –HESABAT

Dövlət Statistika Komitəsi hüquqpozmalar hesabatı yayıb.

Daxili İşlər Nazirliyi bildirir ki, ötən il ölkədə 26113 cinayət faktı qeydə alınıb. Onların 56,8 faizi az ağır, 29,8 faizi böyük ictimai təhlükə törətməyən, 13,4 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

4778 hadisə şəxsiyyət əleyhinə, 13752 hadisə iqtisadi sahədə törədilən, 6318 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1263 hadisə dövlət hakimiyyəti əleyhinə (195 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 2-si isə digər cinayətlərdir.

Qeydə alınmış şəxsiyyət əleyhinə olan cinayətlərdən 259-u qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 44-ü ehtiyatsızlıqdan adam öldürmədir. 2017-ci ildə xarici ölkələrin vətəndaşları 256 cinayət hadisəsi törədib.

Əvvəlki illə müqayisədə qanunsuz sahibkarlıq 4,1 dəfə, rüşvət cinayətləri 25 faiz, quldurluq 23,6 faiz, soyğunçuluq 16,6 faiz, xuliqanlıq 15,1 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 14,5 faiz, dələduzluq 11,8 faiz, mənimsəmə və ya israf etmə 6,8 faiz, insan alveri ilə bağlı cinayətlər 6,1 faiz azalıb.

Qanunsuz ağac kəsmə cinayətləri 3 dəfə, vergi ödəməkdən yayınma 39,3 faiz, qaçaqmalçılıq 31,2 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ilə bağlı cinayətlər 5 faiz artıb. Cinayət məsuliyyətinə cəlb olunanların 78,4 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 18,5 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

Hesabata görə, cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,7 faiz, 14-17 yaşda uşaqların xüsusi çəkisi 2,9 faiz olub. 2017-ci ildə qeydə alınmış cinayət hadisələrinin 2899-u və ya 11,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

İl ərzində qeydə alınmış cinayətlərin 22 faizi qadınlara, 2,3 faizi yetkinlik yaşına çatmayanlara qarşı törədilib. Cinayət nəticəsində zərərçəkmişlərdə qadınların xüsusi çəkisi 27 faiz, yetkinlik yaşına çatmayanların xüsusi çəkisi isə 2,9 faiz göstərilir. Qeydə alınmış 1225 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub, bu da əvvəlki ilin göstəricisindən 36,6 faiz çoxdur. Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 23 faiz artaraq 1268 nəfər olub. Onların 76 faizi qadınlar, 1,3 faizi yetkinlik yaşına çatmayanlardır.