XƏBƏR LENTİ

15 Oktyabr 2018

Digər Xəbərlər

31 İyul 2018 - 21:50

Ləğv edilən MTN-nin generalı Akif Çovdarovdan şikayət etdi –300 minlik qalmaqal

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər şəxslərin işində zərərçəkmiş kimi tanınan şəxslərdən biri olan İlqar Aşurbəyov Ali Məhkəməyə müraciət edib.

APA-nın xəbərinə görə,  İlqar Aşurbəyov kasasiya şikayətində mülki iddiasının təmin edilməsini istəyir.

Onun şikayəti hakim İnqilab Nəsirovun icraatına verilib.

Qeyd edək ki, İlqar Aşurbəyov 1988-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2004-cü ildə MTN-də polkovnik-leytenant rütbəsi ilə xidmətə davam edib. 2009-cu ilə kimi həmin nazirlikdə çalışıb. 2004-cü ilin sonlarında nazirliyin Əks-kəşfiyyat İdarəsinin aviasiya şöbəsinin 2-ci bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Həmin dövrdə struktur dəyişikliyi ilə əlaqədar 2008-ci ilin oktyabr ayında Aviasiya idarəsinin rəisi vəzifəsini icra etməyə başlayıb. 2009-cu ildə sərəncama götürülüb.

İlqar Aşurbəyov sərəncama göndərilməsini Akif Çovdarovun kürəkəni Rəşad Əmircanovun onun idarəsinə təyinat alandan sonra ona otaq verməməsi ilə izah edib.

O deyib ki, Akif Çovdarov buna görə ona təzyiq edib və işdən çıxarılmasına nail olub.

İttiham aktına əsasən, İlqar Aşurbəyov Akif Çovdarova 300 min manat verib. Bu məbləğin 250 min manatını atası Əziz Aşurbəyov, qalan 50 minini isə qayınatası Əflatun Kərimovdan alıb.